Nazirlik Razi Nurullayevin təşkilatını da AXCP kimi tanımadı
Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının Razi Nurullayev qanadının da qurultayının nəticələrini tanımayıb. Nazirlik Əli Kərimliyə verdiyi cavabın oxşarını Nurullayevə də göndərib. Rəsmi qurum məhkəməyə müraciət etməyi tövsiyə edib.
Razi Nurullayevin məsələyə dair münasibətini öyrəndik. Yeni AXCP sədri nazirliyin bu məsələdə tərəf olmaq istəmədiyini söylədi: “Gözlənilən bir cavab oldu. Sadəcə, Ədliyyə Nazirliyi tərəf olmaq istəmədi. Bunun üçün məsələnin məhkəmə predmeti olduğunu söyləyib. Amma hesab edirəm ki, nazirlik bu məsələ ilə bağlı düzgün mövqe tutmur. Onun üçün də Ədliyyə Nazirliyini məsələni tezləşdirmək, yubandırmamaq üçün məhkəməyə vermişdik. Hazırda məhkəmənin cavabını gözləyirik. İndi atacağımız addım yoxdur. Çünki günlər öncədən adekvat addımımızı atmışıq, yəni nazirliyi məhkəməyə vermişik. Məhkəmə çəkişməsində yaşanacaq prosesləri ona uyğun olaraq dəyərləndirəcəyik”.
R.Nurullayev nazirliyin onları AXCP kimi tanımamaqda əks qanadın təsirinin olmadığı qənaətindədir: “Əks qanadın hər hansı bir məsələyə təsir gücü yoxdur. Onları tamamilə bitmiş qüvvə hesab edirəm. Onlara qüvvə kimi ad vermək gülünc səslənir. Əli Kərimlinin Ədliyyə Nazirliyinə və cəmiyyətə təsir etmək gücü ola bilməz. Sadəcə, nazirlik ola bilsin ki, yaxasını kənara çəkmək istədi. Artıq məsələnin məhkəmə müstəvisində həll olunacağı dəqiqləşib. Düşünürəm ki, məhkəmədə Əli Kərimli qanadı üzərində tam qələbə çalacağıq. Başqa variant yoxdur. Çünki Əli Kərimlinin özü tərəfindən AXCP-nin nizamnaməsi dəfələrlə pozulub. Bu faktları ortaya qoyacağıq. Onların qurultay öncəsi keçirdikləri rayon konfranslarında etdikləri saxtakarlıqlar, qanunsuzluqlar yəqin ki, məhkəmə tərəfindən nəzərə alınacaq. Nazirliyin qərarının Əli Kərimliyə sərf etdiyini demək olmaz. Əks tərəfin sənədləri geri qaytarılana qədər onlar özlərini kübar, yüksəkdə hiss edirdilər. Düşünürdülər ki, AXCP kimi qeydə alınacaqlar. Amma nazirlik onların bu düşüncələrinə tamamilə nöqtə qoydu. Onların iradəsi haqlı olaraq sındırıldı. Bu baxımdan deyə bilmərəm ki, sənədlərimizin geri qaytarılması Əli Kərimliyə sərf edir. Cəmiyyət, siyasətçilər üçün düşünürəm ki, məsələni məhkəmə müstəvisində həll etməyimiz ciddi mesaj olacaq. Bəlkə də Ədliyyə Nazirliyi bizi daha tez tanısaydı, çox söz-söhbətlərə səbəb olardı. Məhkəmə müstəvisində onların üzərində qələbə qazanandan sonra tamamilə bitəcəklər”.
Müsahibimiz Ə.Kərimliyə partiyasının adını dəyişməyi və yenidən rəsmi quruma müraciət etməyi məsləhət gördü: “Əvvəl səsləndirdiyim fikirləri yenə də diqqətə çatdırıram. Biz qələbəyə inamlıyıq. İnamımıza görə bu işə qədəm qoyduq. Bəri başdan Əli Kərimli partiyasının adını dəyişib, sənədlərini yeniləyib Ədliyyə Nazirliyinə yenidən müraciət etsə, daha münasib olardı”.
Yeni AXCP-nin sədri partiyanın hüquqi varisi kimi tanınmağa daha yaxın olduqlarını da qeyd etdi: “Nazirliyin Əli Kərimlini tanımaması faktı reallığın təsdiqidir. Çünki Ədliyyə Nazirliyinin timsalında hökumət cəmiyyətdə iki AXCP-nin olduğunu təsdiqlədi. Onlar artıq özləri haqqında yüksək düşüncəyə malik deyillər. Böyük-böyük danışa bilmirlər. AXCP-ni onsuz da Əli Kərimli məhv etmişdi. Son proseslər onu göstərir ki, ümumiyyətlə, belə bir qurum yoxdur. Onlar ancaq ”Azadlıq" qəzetinin səhifələrində görünürlər. Bir də facebookda özləri deyib özləri eşidirlər. Vİ-Fİ şəbəkəsini xatırladırlar. Məhdud dairədə mövcuddurlar. Nazirliyin barəmizdəki qərarına sevinirlər. Qoy sevinsinlər. İnsan daim qəm-kədərlə yaşamamalıdır. Amma ümid edirəm ki, sevincləri çox da uzun çəkməz".
Razi bəy məhkəmənin verəcəyi qərara əvvəlcədən münasibət bildirməyin çətin olduğunu söylədi: “Məhkəmə prosesi hələ olmayıb. Prosesə kimin başçılıq edəcəyi, hansı formada keçiriləcəyi belə bəlli deyil. İndidən məhkəmə ilə bağlı bir söz deyə bilmərəm. Azərbaycan məhkəmələrinə inanıram desəm yalan olar. Çünki heç vaxt inanmamışam. Amma istənilən halda məhkəmə bir qərar qəbul etməlidir. Düşünürəm ki, məhkəmənin başqa qərar qəbul etmək şansı da yoxdur. Artıq ictimai rəy də tərəfimizə yönəlib. Bu baxımdan məhkəmə fərqli qərar çıxarsa, bu, özünü ifşa olacaq”.
Cavanşir ABBASLI






