Nazirlik insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 39 nəfərə yardım göstərib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu ilin yanvar-sentyabr aylarında 41 nəfər insan alveri qurbanına, habelə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 39 nəfərə yardım göstərib.
Nazirliyin mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, yardım göstərilən şəxslərdən 5 nəfərin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunması, 18 nəfərin məşğulluğunun təmin edilməsi, 6 nəfərin peşə hazırlığı kursuna cəlb edilməsi, 1 nəfərə əlil arabasının verilməsi, 1 nəfərin torpaq sahəsi ilə təmin olunması üçün müvafiq instansiyalara müraciət edilib.
3 nəfərə maddi yardım göstərilib, 5 nəfər sığınacaqla, 11 nəfər tibbi, 6 nəfər psixoloji, 23 nəfər hüquqi yardımla təmin edilib. Bir zərərçəkmişin övladı körpələr evi-uşaq bağçasına yerləşdirilib, həmçinin 2 nəfərin sosial xidmət müəssisəsinə yerləşdirilməsi, 1 nəfər zərərçəkmişin hüquqlarının təmin edilməsi üçün işlər aparılıb.






