İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik əməkdaşı olan qadına hökm oxundu - keçmiş əri məhkəmədə qandallandı

848 04.02.2020 15:58 Kriminal A A

Dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq əməkdaşı hakim qarşısına çıxarılıb. Onunla birlikdə həyat yoldaşı da bu işdə məsuliyyətə cəlb edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə ittiham edilən Gülnarə Məmmədova və Rövşən Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Məhkəmə iclasında məlum olub ki, zərərçəkmişə ödənilməyən 6 min manat zərər var. Rövşən Əliyev həmin məbləği ödəməyi öz üzərinə götürüb. Gülnarə Məmmədova isə zərərçəkmişə əlavə olaraq 1200 manat ödəməyi təklif edib. Həmin məbləğ zərərçəkmişin məhkəmə iclasların gəli-gedərkən xərclədiyi məbləğ və digər əlavə xərcləridir.

Gülnarə Məmmədova zərərçəkmişə bildirib ki, bu məbləği alacağı təqdirdə, Fuad Quliyev ondan şikayətçi olmadığını desin. Amma zərərçətən tərəf bununla razılaşmayıb. Deyib ki, əlavə pul ödənilməsinə ehtiyac yoxdur. 1200 manatı zərərindən çıxaraq qəbul edə bilər.

"Mənə öz pulum lazımdır. 6 min manatımı ödəsinlər. 1200 manatı borcdan çıxıram. Qalan məbləği də ödəsinlər. Mən barışığı bu şəkildə yaza bilmərəm" - deyə Fuad Quliyev bildirib.

Sonda Gülnarə Məmmədova da bununla razılaşıb. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Gülnarə Məmmədova barəsində 2 il azadlığın məhdudlaşdırılması və 8 min manat cərimə cəzası təyin edilib.

Rövşən Əliyev barəsində isə 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Ev dustaqlığında olan Rövşən Əliyev məhkəmə zalında həbs edilib.

İttihamda yazılır ki, Gülnarə Məmmədova Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində çalışan zaman əri Rövşən Əliyev vasitəsi ilə tanıdığı Fuad Quliyevdən 20 min manata qədər pul alıb. Bunun qarşılığında Fuad Quliyevi Penitensiar Xidmətdə işə düzəldəcəkimiş.

Elan olunmuş ittihamla Gülnarə Məmmədova özünü təqsirli bilməyib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin katibliyinin əməkdaşı olduğunu deyib. O, gizir rütbəsi daşıyıb.

Təqsirləndirilən Gülnarə Məmmədova deyib ki, şahidlər ifadələrində pulu Rövşən Əliyevə verdiklərini deyiblər: "Amma şikayətlərindən bu işin mənim gördüyümü düşündüklərini deyiblər. Şikayətlər 2016-cı ilin dekabr ayında başlayıb. Zərərçəkmişlər nazirin də qəbuluna gedib. Mən Rövşənə zəng elədim. Dedim ki, səni axtarırlar, pul istəyirlər. Rövşən də dedi ki, qəza törədəndə onlardan borca pul alıb".

Gülnarə Məmmədova deyib ki, zərərçəkən kimi tanınan şəxslər Rövşənin pulunun olmadığını biliblər və pulu ondan ala biləcəklərini düşünüblər. Məhkəmə iclasında Gülnarə Məmmədovanın keçmiş həyat yoldaşı Rövşən Əliyev də ifadə verib. O, Gülnarə Məmmədovanın dediklərini təsdiqləyib. Bildirib ki, zərərçəkənlərdən qəza törətdiyi üçün pul alıb.

Məhkəmdə Fuad Quliyev şahid qismində ifadə verib. O, zərərçəkmiş olduğunu deyir, lakin rüşvət verdiyi üçün istintaq orqanı onu şahid kimi tanıyıb. Fuad Quliyev deyib ki, Rövşən Əliyevi məhəllə sakini kimi tanıyıb və münasibətləri belə yaranıb.

Onun sözlərinə görə, Rövşən Əliyevlə münasibətləri, tanışlıqları yaranan zaman onun işə düzəlmək söhbəti də açılıb. F.Quliyev qeyd edib ki, Penitensiar Xidmətə işə düzəlmək istəyib. Bundan Rövşən Əliyev və xanımı Gülnarə Məmmədovanın da xəbəri olub. Onlar da Fuada Ədliyyə Nazirliyinə işə düzəlməyi təklif ediblər. Təqsirləndirilən işlərə qarşı rüşvət verməyə təhrik etmə və dələduzluq maddələri ilə ittiham irəli sürülüb.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR