Onlar özünüməşğulluq proqramına cəlb olunublar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi keçmiş məhkumları özünüməşğulluq proqramına cəlb edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluq imkanlarına yiyələnməsi üçün aparılan işlər çərçivəsində onların özünüməşğulluq proqramında iştirakına şərait yaradılır: “Cari ildə bu kateqoriyadan olan və özünüməşğulluq fəaliyyətini qurmaq üçün müraciət edənlərdən 34 nəfəri kiçik ailə təsərrüfatlarını qurmaq üçün müəyyən potensiallarının olduğu nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilib”.
Nazirlikdən bildirildiyinə görə, həmin şəxslər əsasən istehsalyönümlü iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmaq niyyətindədir: “Proqram çərçivəsində onların kiçik biznesə malik olmaları üçün aktivlərlə təminatı həyata keçiriləcək. Quracaqları təsərrüfatlarını inkişaf etdirmələri üçün mütəmadi olaraq zəruri məsləhət xidmətləri ilə təmin olunacaqlar.
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin potensialları müqabilində özünüməşğulluq proqramına cəlb edilməsi işləri hazırda da davam etdirilir”.
Dünya,
“Yeni Müsavat”






