İnsanlara hürriyət, millətlərə istiqlal!

NAZİR PREZİDENTDƏN DONOS YAZIR?

1819 14.04.2010 08:42 Yazarlar A A
Hökumət qəzetlərini hər gün vərəqləyirəm ki, birdən müəllimin növbəti yazısı çıxar, xəbərim olmaz, neçə günüm hədər gedər, bu itkinin yerini doldura bilmərəm. Dünən xoşbəxtlik üzümə güldü. Bəyin palazdan bir az balaca yazısını gördüm. Amma düzünü deyim ki, oxumadım. Qəzeti tez büküb yolladım kəndçilərimə ki, oxuyub sevinsinlər, şadlansınlar, deyib-gülsünlər, həyata optimist nəzərlərlə baxsınlar. Çünki o yazı rayonların fısqırıq inkişafından idi. Adı lap iştahaçan idi: “Regionların inkişafında keyfiyyətcə yeni mərhələ”.
Yenə deyirəm, o məqaləni oxumadım, amma dəqiq bilirəm ki, savadlı yazıdır. Çünki içində rayonların inkişafını nəzərdə tutan bir qucaq sərəncam, fərman, qərar, əmr, göstəriş, təlimat, I və II dövlət proqramlarının dəqiq adı, tarixi vardı və iki qucaq da totuq-motuq inkişaf rəqəmləri lap uzaqdan gözə dəyirdi (Yaxına gələndə isə görürsən ki, bay, bu yazı da eyzən, məsələn, Sov.İKP MK-nın 1979-cu il plenumunun növbəti beşillik plan haqda nikbin, lakin qəliz cümlələrlə qurulmuş materialı fason bir məqalədir).
O qəzeti analoqu olmayan sürətlə dinamik şəkildə inkişaf edən rayona həm də ona görə yolladım ki, kəndçilərimə gərək olar. Ümumiyyətlə, qəzetə kəndlərdə xüsusi ehtiyac var. Böyük rifah içində yaşayan kəndçilər regionların dəhşətli inkişafından yazan qəzetləri oxuyandan sonra onu yandırıb ocaq qalamaqda istifadə edirlər. Təzək şoğərib neft-qaz kimi tezalışan milli sərvət deyil axı. I mərhələdə gərək bir az qəzet yandırıb ocağı tutuşdurasan, sonra çır-çırpı ilə II mərhələyə keçib növbəti etapda təzəyi odlayasan. Kəndlərdə qaz, işıq olana qədər belə olacaq. Yəni belə görünür ki, həmişə.
Nə isə, darıxmayın, onsuz da düzəlməyəcək. Bizdə tənqidlə nə düzəlir ki?! Götürüb yazırsan ki, ən keyfiyyətli yolun kilometrini bütün dünyada uzağı 10 milyona çəkirlər, bizimkilər isə üç aydan sonra quzulayıb-dağılan sarsaq yolun kilometrinə 14 milyon tozlayır, amma bu tənqidin də xeyri olmur. Xeyri nədi e, hələ ziyanı dəyir, məmurlarımız lap şitənib xərci bu dəfə 34 milyona qaldırır. Əgər hər şey tənqidlə düzəlsəydi, təhsil naziri Misir Mərdanov yoldaş tanınmış təhsil eksperti, dəyərli ziyalı və alim Əlövsət Osmanlını məhkəməyə niyə verirdi? Əlövsət bəy təhsil sahəsindəki biabırçılıqları, birində 1000 səhv olan dərsliklərin rüsvayçı durumunu tənqid elədi, guya ətəyi doldu? Təhsilə ayrılan on milyonları gic-gic dərsliklər, sarsaq kurikulum (bu qəliz sözdənsə ona elə “Misir küküsü” adı qoymaq məsləhət idi - həm milli görünərdi, həm də sadə) islahatı altında basıb yemiş bir dəstə adam onu birdən iki məhkəməyə çəkib. Özləri də qaçıb gizlənib, məhkəmə proseslərinə də getmirlər. Yəqin utandıqlarından.
Yenə deyirəm, tənqid yazmaq indi sərfəli deyil. Salamatı donos yazmaqdır. Onda hörmətin də olur. Donos demişkən, tənqidi yazılarına görə üstündə 34 məhkəmə qurulan və 8 il yarım iş verilən 36 yaşlı jurnalist Eynulla Fətullayevdən donos yazmış xarici işlər naziri Elmar Məmmədyarov yoldaş, görəsən, Rusiya prezidentindən də donos yazmağa başladımı? Axı Medvedyev də eynilə Eynullanın yazdığını deyib. O bəyan eləyib ki, əgər İsrail İranı vursa, bu, nüvə silahlarının da tətbiq olunacağı böyük müharibəyə çevrilib ağlasığmaz nəticələr doğuracaq. Bütün region bunun nəticəsini hiss edəcək. İnsanlar kütləvi şəkildə Rusiyanın cənub sərhədi tərəfə, Azərbaycana köçəcək və s.
Eynulla da “nənəmin saqqalı olsaydı” məntiqi ilə eyni şeyi yazmışdı də. Demişdi, İran vurulsa, bölgədə vəziyyət pis olacaq. Amma Məmmədyarov onda MTN-ə yazdı ki, bəs, jurnalist bu yazısı ilə Azərbaycandakı xariciləri qorxudub, onu cəzalandırın.
Ay məni istəyən, Məmmədyarova qələm-kağız...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR