İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavini: “Dövlət büdcəsinə 100 milyon manatdan artıq əlavə vəsaitin daxil olması nəzərdə tutulur”  

660 01.11.2021 15:47 Ölkə A A

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyin müzakirəsində iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov Azərbaycanda dövlət rüsumlarının dəyişdirilməsinin səbəbləri barədə danışdı.

 Nazir müavini bildirdi ki, hazırda ölkəmizdə tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır. A.Bayramov bir çox dövlət rüsumlarının 15 il bundan əvvəl müəyyən edildiyini və ötən müddətdə dəyişdirilmədiyini vurğuladı. Əlavə etdi ki, bu müddət ərzində baş verən inflyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub. Nazir müavini bununla bağlı bəzi misallar gətirdi: “Hər bir istiqamət üzrə baxanda dövlət rüsumlarının artırılması zaman müddəti ilə bağlıdır. Gedən prosesləri, həmin dövrdə olan inflyasiyanı, mal və məhsulların bahalaşmasını və digər amilləri nəzərdə alanda bu, texnoloji proseslərə aid olan dəyişikliklərdir. Məsələn, əvvəlki rüsumlar köhnə pasportlar üçün nəzərdə tutulmuşdu. Yeni pasportlar isə biometrik pasportlardır. Təbii ki, bunun xərci əvvəlki ilə uyğun gəlmir. Yəni onsuz da bu gün bizdə 1 yaşına qədər olan uşaqlara pasportlar maya dəyərindən aşağı qiymətə verilir. Hətta 15 manata qaldıranda da belə, bu rəqəm maya dəyərindən aşağı səviyyədədir”.

A. Bayramov qeyd edib ki, rüsumlarda əməliyyatlar üçün həyata keçirilən dövrilik də nəzərə alınacaq: “Məsələn, nikahların bağlanması üçün əvvəlki rüsum 15 il bundan əvvəl müəyyən olunub. Həmin dövrdən sonra kağızın özünün qiyməti, çapı və s. da qalxıb. Bu, normal haldır. İnsanın həyatında 1 dəfə həyata keçirilən əməliyyatdır. Bu baxımdan bu rəqəmlərə baxmaq zəruridir”.

Nazir müavini bildirdi ki, bu dəyişikliklər nəticəsində dövlət büdcəsinə 100 milyon manatdan artıq əlavə vəsaitin daxil olması nəzərdə tutulur. Nazir müavini tütün məmulatları ilə bağlı iki istiqamətdə dəyişikliyin nəzərdə tutulduğunu da söylədi. Bildirdi ki, birinci aksizlər, ikinci isə markaların qeydiyyatına görə rüsumlar qaldırılır: “Büdcəyə daxilolmada artımın çox hissəsi məhz bu dəyişikliklərdən gözlənilir. Bütün dünyada tütün məmulatlarına tətbiq edilən aksizlər, xüsusi yığımlar və s. ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına baxmalıyıq. Azərbaycan bu sahədə ən aşağı rüsum tətbiq edən ölkələrdəndir. Bizdə kifayət qədər artım etmək üçün potensial var. Ancaq sosial məsələləri də nəzərə alaraq, bu sahədə rüsumları kəskin şəkildə artırmırıq. Hesab edirəm ki, bu rüsumları artırılması ən azı inflyasiya səviyyəsində həyata keçirilməlidir”.

E.Paşasoy,
Musavat.com

    

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR