İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nazir müavini dedi ki, moşenniklərin cəmiyyəti?"- sədr və müavinin dələduzluq işi

1227 04.04.2018 16:12 Kriminal A A

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavini növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1961-ci il Məhəmməd Vəliyev və 1961-ci il Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.

Nəbi Əlirzayev şahid kimi dindirilərkən söyləyib ki, hazırda 7 saylı məktəbdə müəllim işləyir.

O, 1979-1981-ci illərdə Əfqanıstan müharibəsinin iştirakçısı olduğunu deyib.

Şahid veteranlar üçün ayrılan torpaq sahəsi almaq üçün 4 min manat verdiyini deyib: "İlk dəfə Cavan bəyə 3200 manat verdim. Həmin vaxt torpağa baxmağa da getdik. Qalan 800 manatı da birliyin ofisinə apardım. Deyirdilər ki, torpağın sotunu 1000 manata verirlər. Sonradan bəzi rüsumlar da çıxdı. Torpağı verəndə deyirdilər ki, istəsəniz sonradan sotunu 3 min manata da sata bilərsiz. Mən torpağı Hövsan qəsəbəsində almışam. Hazırda şəhadətnaməsi mənim adımadır. Mən şikayətimdə bizə torpaq sahəsi verilərkən rüşvət tələb edildiyini göstərmişəm".

Təqsirləndirilən şəxslər şahidin ifadəsi ilə razılaşmadıqlarını deyiblər.

Digər şahid Əhməd Paşayev isə söyləyib ki, Əfqanıstan Veteranları Birliyinə müraciət edərək mənzil şəraitinin yaxşılaşdırılmasını istəyib. Amma müraciətinə baxılmadığı üçün icra hakimiyyətinə müraciət edib.

Ə.Paşayev Qara Qarayev ərazisindən torpaq sahəsi almaq üçün müraciət etsə də, ona Hövsan qəsbəsində torpaq sahəsi təklif olunub.

"Bizdən rüşvət tələb edilirdi. Mən bələdiyyəyə də müraciət etdim. Bələdiyyə sədri dedi ki, sizin torpaqları Cavangil satıb. Mən nazir müavinlərindən birinin də qəbulunda olmuşam. O, məndən soruşdu ki, hansı cəmiyyətin üzvüsən? Deyəndə ki, Əfqanıstan Veteranları Birliyinin üzvüyəm, qayıtdı ki, "moşenniklərin cəmiyyəti?". Onları belə tanıyırdılar"- deyə şahid bildirib.

Məhkəməyə dəvət edilən Əli Mansurov isə əvvəlcə ifadə vermək istəməyib, deyib ki, bir səhv edərək istintaqda şikayətçi olub.

Hakim şahidə xatırladıb ki, ifadə verməyəcəyi halda cinayət məsuliyyəti daşıyacaq.

Bundan sonra Əli Mansurov ifadə verməyə başlayıb və aldadıldığını, hazırda şikayətçi olmadığını deyib. Və bir neçə dəfə səhv etdiyini təkrar edərək şikayət və tələbinin olmadığını qeyd edib.

Məhkəmədə Əli Mansurovun istintaqa ifadəsi elan edilib. Məlum olub ki, Əli Mansurov istintaqda söyləyib ki, birliyin sədri Məhəmməd Vəliyev 3 sot torpaq üçün ondan rüsumlardan əlavə 1500 manat tələb edib. Vermək istəmədikdə isə onunla mübahisə edib. Sonra isə digərləri ilə birlikdə prezidentə müraciət edərək Məhəmməd Vəliyevin veteranlara ayırdığı torpaq sahələrini satdığını bildirib.

İfadə elan ediləndən sonra Əli Mansurov həmin dediklərindən imtina etdiyini söyləyib. Məhkəmə şahidin bu mövqeyi ilə bağlı münasibətini hökmdə açıqlayacağını bildirib.

Zərərçəkən olduqlarını deyən digər Əfqanıstan veteranları da narazı qalıblar. Onlar iş üzrə zərərçəkmiş kimi tanınmayıblar. Cinayət Məcəlləsinin 308-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açıldığından veteranlar zərərçəkmiş kimi yox, şahid kimi tanınıblar.

Məlum olub ki, onlar torpaq almaq və ayrılmış imtiyazlardan istifadə etmək üçün birliyin sədrinə və müavininə rüşvət veriblər.

Bildirək ki, Məhəmməd Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, Cavan Əhmədov isə təşkilatın sədr müavinidir.

Hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır.

Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Veteranlara ayrılan torpaq sahəsi onlara sarılıb. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satılıb.

Veteranlar iddia edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

Zərərçəkmişlərdən 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR