İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazim Məmmədovun illüstrasiyalarından ibarət retro-sərgidən- FOTOLAR

1029 19.09.2017 14:38 Son xəbər A A

Azərbaycan klassik musiqisinin banisi, böyük bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu gün münasibətilə hər il sentyabrın 18-də respublikada Milli Musiqi Günü qeyd edilir.

“Arts Сouncil Azerbaijan” və “İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu əlamətdar gün ilə əlaqədar sentyabrın 18-də tanınmış Azərbaycan rəssamı Nazim Məmmədovun illüstrasiyalarından ibarət retro-sərgi təşkil edib.

Musavat.com xəbər verir ki, əsərlər XX əsrin 80-ci illərinin sonuna aid musiqiyə dair uşaqlar üçün silsilə vəsaitlərə illüstrasiyaların müəllifi olan rəssam tərəfindən çəkilib.

Sərginin unikallığı bundadır ki, burada hazırda nadir biblioqrafiq seriya olan həmin vəsaitlərə orijinal illüstrasiyalar təqdim edilir. Rəssamın musiqi mövzusunda çəkdiyi silsilə rəsmləri təqdim edilən musiqi materialının qrafik əksi kimi illüstrasiya olunan musiqi materialı ilə kompozisiya vəhdəti təşkil edir.

Rəssamın vaxtilə çəkdiyi rəsmlərin parlaq özünəməxsusluğunun onların musiqi sırası ilə harmoniya təşkil etməsi sayəsində bu vəsaitlər təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da çox populyar olub.

“Arts Сouncil Azerbaijan”-ın direktoru Dadaş Məmmədov sərgi ilə bağlı bunları danışıb: “Bu gün musiqi günüdür və musiqi gününə həsr olunmuş sərgi təşkil olunub. Nazim Məmmədovun 1988-ci ildə tərtib etdiyi musiqi, dərslik kitabının səhifələrinin posterləridir. Həmin bu dərsliyin posterləri “Arts Council” təşkilatının arxivində saxlanılırdı və biz düşündük ki, bunları musiqi günündə nümayiş etdirək. Burada 20-ə yaxın poster nümayiş olunub. Hər biri də müxtəlif mövzülardadır. Posterlərdə həm Sovet, həm də millilik abu havaslı var. Nazim Məmmədov çoxşaxəli rəssam olub. N.Məmmədov Azərbaycanın animasiya banisidir. O, həmçinin kitab qrafikasıyla da məşğul olub. 400-dən artıq kitaba tərtibad verib. Sərgimiz sentyabrın 25-dək davam edəcək”.

Qeyd edək ki, Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub. 1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Kollecini bitirib. 1961-ci ildə Moskvada “Soyuzmultfilm”də animasiya kursunu bitirib. 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasinda animator, 1970-ci ildən isə rejissor işləyib. O, həm də rəngkarlıq, qrafika janrı ilə məşğul olub, uşaq kitablarına illüstrasiyalar çəkib. Nazim Məmmədov filmlərdə, kinooçerk və kinojurnallarda animator işləyib. O, 1988-ci ildə respublikada ilk dəfə beş hissəli “Göyçək Fatma” cizgi film-operasını yaradıb. Onun adı ən sevimli cizgi filmləri ilə bağlıdır. İlk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyanın inkişafına əvəzsiz töhfələr verib. O, həmçinin rəsm, dəzgah rəsm, uşaq kitab illüstrasiyası ilə məşğul olub. Rəssamın əsərləri Azərbaycanda və xaricdə tanınır. Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib.

Könül İbrahim
Musavat.com
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR