İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayev Rusiya və Ukraynanı barışdıra biləcəkmi...

803 14.11.2019 10:40 Siyasət A A

Qazaxıstanın sabiq prezidentinin yeni barışdırıcılıq missiyası effektiv olmaya bilər

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Kiyev və Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılar arasında müharibə ilə əlaqədar olaraq gərginliklərin azaldılması məqsədilə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüşün təşkil edilməsi təklifi ilə çıxış edib.

“Zelenski artıq təkbətək görüşə razılıq verib və mən Rusiya prezidentini bu haqda məlumatlandırmışam. Görək nə olur” - deyə, Nazarbayev Qazaxıstanın paytaxtı Nur-Sultanda beynəlxalq siyasətə dair konfransda bildirib.

Lakin Moskva görüş təklifinə soyuq yanaşıb. Kreml bildirib ki, belə bir görüşə yaxşı hazırlıq lazımdır və “görüş xatirinə görüşün keçirilməsi məqsədə çox az xidmət edə bilər”.

Nazarbayevin ofisindən onun Putinlə bazar ertəsi günü telefon söhbəti apardığı bildirilib.

Əgər belə bir görüş baş tutsa, bu, Ukraynanın şərqində münaqişəyə görə iki ölkə arasında illərdir gərgin münasibətlərdə bir dönüş yarada bilər.

“Putin münasibətlərin düzəlməsini istəyir. Lakin bunu Kiyevdən qarşılıqlı münasibət olmadan etmək mümkün deyil”- deyə, Kremlin sözçüsü Dmitri Peskov Moskvada müxbirlərə bildirib.

zelenski putin ile ilgili görsel sonucu

“Aydındır ki, Putin heç vaxt belə görüşlərdən imtina etmir, amma o inanır ki, görüş xatirinə görüş çox kiçik məqsədə xidmət edir, buna yaxşı hazırlaşmaq lazımdır”, - Peskov əlavə edib.

Kreml sözçüsü bildirib ki, hazırda əsas diqqət Fransa, Almaniya, Rusiya və Ukrayna liderləri arasında Ukraynanın şərqində münaqişə ilə əlaqədar olaraq son üç ildə ilk potensial zirvə görüşünün keçirilməsinə yönəlib.

Zirvə görüşünün keçirilməsi tarixi hələ təsdiq edilməyib.

Qeyd edək ki, noyabrın 11-də baş tutan telefon danışığının gedişində Nursultan Nazarbayev və Vladimir Putin bir sıra beynəlxalq məsələləri, o cümlədən Ukraynada vəziyyətin nizamlanması yollarını müzakirə ediblər. Oktyabr ayının sonlarında Qazaxıstan prezidenti Tokioda Vladimir Zelenski ilə görüşüb.

Xatırladaq ki, Rusiyanın Su-24 təyyarəsinin vurulmasından sonra Türkiyə-Rusiya münasibətləri pozulmuşdu. 2016-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiya ilə Türkiyənin barışması üçün vasitəçilik etmişdi. Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşmasında əsas vasitəçi şəxslər Azərbaycan prezidenti İlham Əliyev və qazaxıstanlı həmkarı Nursultan Nazarbayev olub.

Vladimir Putinlə dost olan, Rəcəb Tayyib Ərdoğanla isə yaxşı əlaqələrə malik Nazarbayev hər iki lider arasında telefon danışığının həyata keçirilməsində önəmli rol oynamışdı.

Putin 2016-cı il iyunun 22-24-də Daşkənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısına qatılıb. Rusiya lideri ilə görüşən Nazarbayev 2 ölkə arasında vasitəçilik edib. Bundan sonra Ərdoğan Putinə məktub göndərib, iyunun 29-da isə onunla telefon əlaqəsi saxlayıb. Türkiyə liderinin Putinlə danışdıqdan sonra Nazarbayevlə də telefon danışığı olub.

Ərdoğan münasibətlərin normallaşmasında göstərdiyi səylərə görə həm Azərbaycan, həm də Qazaxıstanın ölkə başçılarına ayrı-ayrılıqda təşəkkür etmişdi.

N.Nazarbayevin müsbət nəticə vermiş vasitəçilik missiyasının Ukrayna-Rusiya münasibətlərində də eyni effekt verib-verməyəcəyinə gəlincə, siyasi ekspert Natiq Miri bildirdi ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsində rol oynayan amillə Rusiya-Ukrayna münasibətlərinin pozulmasına səbəb olan amillər eyni deyil: “Türkiyə Rusiyanın ərazisini işğal etməmişdi. Nə də Rusiya Türkiyənin ərazisini işğal etməmişdi. Ancaq bütün dünyaya bəllidir ki, Rusiya Ukraynanın ərazi bütövlüyünü pozub, ərazilərini ələ keçirib. Bu durum hələ də davam edir. Bu durum davam etdikcə iki ölkə arasında problemləri yoluna qoymaq mümkün deyil. Nə Rusiya Ukrayna ərazilərindən çəkilmir, nə də Ukrayna öz ərazilərindən vaz keçmir. Belə bir vəziyyət hökm sürdükcə, hansısa barışdırıcı missiyanın uğurla nəticələnəcəyi inandırıcı deyil. Ola bilsin ki, Nazarbayevin təşəbbüsü ilə Rusiya ilə Ukraynanın prezidentləri hansısa tədbirdə görüşsünlər. Lakin bu görüşün də problemi həll edəcəyi ehtimalı sıfıra yaxındır. Bunun da bir səbəbi var. O da Rusiyanın Krımı və digər əraziləri Ukraynaya geri qaytarmaq fikrində olmamasıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR