İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvan Ali Məclisinə seçki kampaniyasına Bakıdan baxış

485 10.01.2020 08:40 Ölkə A A

Fazil Mustafa: “Orada da seçki mübarizəsi gedəcək”

Azərbaycan Milli Məclisi buraxıldıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi də buraxıldı. Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndi rəhbər tutularaq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilir".

Azərbaycan Milli Məclisinə seçki kampaniyası kimi hazırda Naxçıvan Ali Məclisinə də seçki kampaniyası davam edir. Lakin Azərbaycan Milli Məclisinə seçkilər qədər böyük ictimai maraq yaratmadığı da müşahidə olunur. Ekspertlər hesab edir ki, Naxçıvan Ali Məclisinə seçkilərdə siyasi partiyaların Milli Məclisə seçkilər qədər maraq göstərməməsi və Ali Məclisə seçkilərlə bağlı proses barədə ölkə ictimaiyyətinə yetərli məlumatların verilməməsi burada rol oynayır.

Fazil Mustafa ile ilgili görsel sonucu

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Milli Məclisinə seçkilərə daha böyük marağın olması təbiidir. Naxçıvan Ali Məclisinə seçkilərlə Azərbaycan Milli Məclisinə seçkiləri aktivlik məsələsi baxımından müqayisə eləmək yanlış olardı: “Naxçıvan Muxtar Respublikadır və məhdud bölgədir. Təbii ki, orada Ali Məclisə keçirilən seçkilərə ölkə miqyasında maraq Milli Məclisə seçkilərə olan maraq qədər ola bilməz. Amma bütün hallarda Naxçıvan Ali Məclisinə seçki kampaniyası da hazırda gedir, namizədlər irəli sürülür, qeydə alınma prosesi gedir. Yəni orada da seçki mübarizəsi gedəcək. Hazırda məndə dəqiq məlumat yoxdur ki, Naxçıvan Ali Məclisi üzvlüyünə neçə nəfərin namizədliyi irəli sürülüb. Naxçıvandakı seçki dairələrindən Azərbaycan Milli Məclisinə Böyük Quruluş Partiyasının 6 namizədi irəli sürülüb. Naxçıvan Ali Məclisinə isə partiyanın 1 namizədi var”.

Bəs Naxçıvan Ali Məclisinə deputatlığa Naxçıvandan kənar bölgələrimizdən də vətəndaşlar namizədliklərini irəli sürə bilərlərmi?

Fazil Mustafa qeyd etdi ki, Naxçıvan Ali Məclisinə yalnız muxtar respublikada qeydiyyatda olan 18 yaşından yuxarı vətəndaşlar namizədliklərini verə bilərlər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

Azərbaycan Konstitusiyasına görə, muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi-parlamenti həyata keçirir. Ali Məclis Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən ali dövlət hakimiyyəti orqanıdır. Məclisin tərkibi 45 deputatdan ibarətdir. Onlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. İldə iki sessiya keçirir; Azərbaycan prezidenti və Milli Məclisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya Ali Məclisin sədri tərəfindən növbədənkənar sessiyaları çağırıla bilər.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna malikdir. Konstitusiyaya əsasən, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi olan Ali Məclisin sədri 5 il müddətinə seçilir. Hazırda Ali Məclisin sədri Vasif Talıbovdur.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR