NATO öz büdcəsini 2024-cü ilə qədər 400 milyard dollara qədər artırmaq niyyətindədir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq məlumat çatdırıb.
Bu ilin dekabr ayının 3-4 aralığında baş tutacaq liderlər zirvəsi öncəsi mətbuat konfransı keçirən Y.Stoltenberq büdcə artımının hərbi ittifaqı daha da gücləndirəcəyini bildirib.
Onun sözlərinə görə, ABŞ –da daxil olmaqla alyansın 9 dövləti öz ÜDM-lərinin 2%-ni NATO-ya ayırıblar. Bundan başqa onların müdafiə məsrəfləri 2016-cı ilə nisbətən 4,6% artıb.
Statistik materiallara əsasən, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Latviya, Litva və Estoniyanın hərbi büdcələrində böyük artış müşahidə olunur. NATO-nun hesablamalarına görə, İttifaq ölkələrinin müdafiə məsrəlfəri 2016-cı illə müqayisədə 913 milyard dollardan 987 milyard dollara qədər yüksəldilib.
Bundan başqa, Yen Stoltenberq NATO ölkələrinin Rusiyanın hərbi imkanlarının gücləndirməsinə vaxtında reaksiya göstərməyə çağırıb. Qeyd olunduğu kimi, Londonda keçiriləcək sammitdə Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında sazişə xitam verilməsindən sonra Rusiyaya münasibətdə fəaliyyətin birgə koordinasiyası müzakirə olunacaq.
“Biz strateji təhdidi görürük və Rusiyanın müasir texnikaya daha çox investisiya qoymasının fərqindəyik. Ona görə də gözlənilməz situasiyalarla qarşılaşmamaq üçün etibarlı müdafiəni təmin etməliyik”, - deyə baş katib vurğulayıb.
Musavat.com






