İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun Vaşinqton sammitinin əsas gizli gündəmi Çin olacaq: Zirvə toplantısına Ceyhun Bayramov niyə gedir?

1097 09.07.2024 21:10 Gündəm A A

Azərbaycan nəhayət, qərarını açıqladı: Vaşinqtonda bu gün başlayacaq NATO sammitində ölkəmizi xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. ABŞ Azərbaycanı bu sammitə iyunun 28-də dəvət etmişdi.

Dünyanın diqqətini cəlb etmiş sammitdə ölkəmizi xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz ölkəmizin sammitdə xarici işlər naziri səviyyəsində iştirakını protokola uyğun hesab edir. Onun fikrincə, bizi xarici işlər səviyyəsində dəvət etmişdilər, biz də elə o səviyyədə iştiraka üstünlük verdik: “Sözsüz ki, Vaşinqton sammiti NATO ölkələrinin dövlət başçıllarının zirvəsidir. NATO üzvləri bu sammitdə dövlət başçıları səviyyəsində iştirak edəcəklər. Onlardan başqa Ukrayna, Yaponiya, Yeni Zelandiya, Cənubi Koreya, Avstraliyadan da sammitə ölkə rəhbərləri gedəcəklər. Çünki onlar da məhz o səviyyədə çağırılıblar. Biz, Ermənistan və Gürcüstan da daxil olmaqla digər tərəfdaş dövlətlərin isə sammitdə xarici işlər nazirləri səviyyəsində iştirakı məsləhət görülüb. Əlbəttə ki, Azərbaycan prezidenti şəxsən dəvət olunmadığı toplantıya getməz və getməməlidir də”.

Azərbaycanın sammitdə iştiraka son anda qərar verməsinə gəlincə, Heydər Oğuz bunu rəsmi Bakının tərəddüdləri ilə əlaqələndirməyin əleyhinədir: “Açığı, hesab etmirəm ki, rəsmi Bakının bu barədə hər hansı tərəddüdləri olub. Məncə, qərar son anda verilməyib, sadəcə son anda açıqlanıb. Bunun səbəbi isə Azərbaycan hakimiyyətinin xarakterindən irəli gəlir. Rəsmi Bakı bəzi kritik qərarlarını öncədən açıqlayıb, lüzumsuz dedi-qodulara yol vermək istəmir. Zamanı yetişəndə müəyyən addımları atır. Nəticədə atılan addımlardan sonrakı xarici təzyiqlər “topuğa dəyən daş” effekti yaradır. Fikrimcə, bu, indiki hakimiyyətin özünü təzyiqlərdən sığortalamaq siyasətidir və bunu qəribsəmək doğru deyil”. 

02576937.jpeg (217 KB)

Siyasi şərhçinin fikrincə, Azərbaycanın bu sammitdə iştirak edəcəyi əslində şübhə doğurmurdu: “Çünki Azərbaycan digər Cənubi Qafqaz ölkələrindən daha çox NATO-ya inteqrasiya olunmuş dövlətdir. Ən azı ona görə ki, bizim NATO-nun cənub qanadı sayılan Türkiyə ilə strateji müttəfiqikliyimiz və çox mühüm hərbi saziş var. Bu saziş bizi faktiki olaraq NATO-nun müdafiə və təhlükəsizlik sahəsinə daxil edir, onun bir parçasına çevirir. Nəticədə bu amil Azərbaycanın dəvət olunduğu NATO sammitində digər qonşu ölkələrlə müqayisədə daha aktiv şəkildə iştirakını şərtləndirir”.

Bəs, NATO tərəfdaşlarından bəzilərinin ölkə başçıları, bəzilərinin isə xarici işlər nazirləri səviyyəsində Vaşinqton sammitinə dəvət olunmasını necə izah etmək mümkündür? Bu, tərəfdaşlar arasında ayrıseçkilik demək deyilmi?

Siyasi şərhçinin fikrincə, böyük ehtimalla, NATO sammitinə hansı səviyyədə dəvət olunma, tərəfdaşların yüklənəcəyi missiya ilə əlaqədardır: “Diqqət yetirsək görərik ki, ölkə başçıları səviyyəsində dəvət olunanların hamısı Hind-Sakit okean ölkələridir. Bu isə onu göstərir ki, Vaşinqton sammitində birbaşa onların taleyi ilə bağlı qərarlar qəbul olunacaq. Xarici İşlər nazirləri səviyyəsində sammitə qatılan ölkələr isə həmin qərarların ikinci dərəcəli subyekti olacaqlar. Məncə, bu planlar NATO-nun gizli gündəliyindən irəli gəlir. Məlumdur ki, Vaşinqton sammitində əsasən Tramp gözlənilən ikinci dövr hakimiyyətinin doğuracağı nəticələrin müzakirəsi olunacağı bildirilirdi. Trampın hakimiyyətə gələcəyi təqdirdə Ukraynaya yardımların dayandırılması gözlənilir. Görünrür, bu səbəbdən Urayna prezident səviyyəsində sammitə çağırılıb. Azərbaycan və Ermənistan isə ABŞ-da gözlənilən hakimiyyət dəyişikliyindən daha az təsirlərlənən ölkə olacağından xarici işlər nazirləri səviyyəsində bəzi məsələlərin müzakirəsi üçün sammitə dəvət alıb. Bu həm də alyansın bizdən gözləntilərini ifadə edir. Görünən budur ki, alyansın bizdən gözləntisi “siz yenidən müharibəyə başlamasanız, yetər” şəklindədir. 

f5ce6e2915e7ae1d337069f920b9ef3e.jpeg (277 KB)

Heydər Oğuz

O ki qaldı Hind-Sakit okean ölkələrinin sammitə ən yüksək səviyyəsində dəvət olunmasına, məncə bu, NATO-nun Vaşinqton zirvəsinin gizli gündəmi barədə ipucları verir: “Bilirsiniz ki, hər bir hərbi alyansın bir açıq, bir də gizli olur. Fikrimcə, alyansın açıq gündəmi Co Bayden sonrası dövrü müzakirə etməkdirsə, gizli gündəmi Çinin yüksəlişinin dayandırılmasıdır. Çünki istər Yaponiya, istər Cənubi Koreya, istərsə də Yeni Zellandiya, Filippinlər, Avstraliya məhz Çinlə həmsərhəddir. ABŞ onları öz ətrafında toplayıb Çinlə döyüşə hazırlayır. Sözsüz ki, bu müharibə başlayarsa, NATO-nun öz tərəfdaşlarına ciddi yardımına ehtiyac var. Yəqin ki, Vaşinqton sammitində məhz bu mövzu müzakirə olunacaq. Böyük ehtimalla, Rusiya ilə hesablaşmaq, Ukraynanın silahlandırılması kimi məsələlər Avropa müttəfiqlərinin öhdəliyinə buraxılacaq və ABŞ əsasən Çin ətrafı ölkələrlə məşğul olacaq”.

NATO sammitindən qabaq Qazaxıstanda Şanxay ölkələrinin toplantısının keçirilməsini və Belarusun sözügedən ittifaqa daxil edilməsini də bu kontekstdə təhlil edən Heydər Oğuz diqqətə çatdırdı ki, Astana zirvəsindən dərhal sonra Çin öz hərbi qüvvələrini Belarusa təlimə göndərdi: “Bu təlim əslində NATO müttəfiqlərinə mesaj idi. Sanki Çin bununla NATO-nun Avropa qanadına xatırlatdı ki, sizin ən zəif nöqtəniz Belarusla sərhəddə yerləşən Baltik ölkələridir. Əgər siz Vaşinqtonun felinə uyub mənə qarşı hər hansı təxribat planına girişmək istəsəniz, cavabınızı Belarusla sərhəddən alacaqsınız”.

Cənubi Qafqaz ölkələrinin bu məsələ ilə əlaqəsinə aydılıq gətirən həmsöhbətimizin fikrincə, Çinin qarşısını almaq üçün onun ilk növbədə kommunikasiya əlaqələrini kəsmək lazımdır: “Hind-Sakit okeanında bu əlaqələri prezidentləri Vaşinqton sammitinə dəvət olunan ölkələr kəsir. Bir də Çinin quru kommunikasiya əlaqələri var. “Bir Yol, Bir Kəmər” adlanan bu layihənin marşrutlarından biri də Cənubi Qafqazdan keçir. Görünür, Vaşinqton sammitində Cənubi Qafqaz ölkələrinə Çindən uzaqlaşmaq üçün bəzi vədlər veriləcək. 

1624083065.jpg (60 KB)

Yeri gəlmişkən, Buş, Obama və Tramp administrasiyaları dövründə ABŞ-ın Müdafiə Departamentində və kəşfiyyat orqanlarında mühüm vəzifələr icra edən və hazırda “Scowcroft” Strategiya və Təhlükəsizlik Mərkəzinin vitse-prezidenti və baş direktoru vəzifəsində çalışan Metyu Kroeniq dünən qələmə aldığı hesabatında da Çin məsələsinə toxunaraq Avropa ölkələrini onunla mübarizədə ABŞ-a dəstək verməyə çağırmışdı.

Strateq öz hesabatında bildirirdi: “Birləşmiş Ştatların Çin problemini effektiv həll etməsi üçün Avropanın köməyinə ehtiyac duyur. Çin təhlükəsi hərtərəflidir və iqtisadi və texnoloji ölçüləri əhatə edir. Avropa hərbi super güc olmasa da, iqtisadi, texnoloji və diplomatik super gücdür. Avropa ölkələri qlobal ümumi daxili məhsulun (ÜDM) təxminən 20 faizini təşkil edir və 5G də daxil olmaqla bir çox sahələrdə texnologiya liderləridir. Bu baxımdan, ABŞ-ın Çinin iqtisadi və texnoloji asılılığından qurtulmaq strategiyası Avropa əməkdaşlığı olmadan uğursuzluğa məhkumdur”.

Metyu Kroeniq həmçinin ABŞ-ın Çinlə mübarizəyə dəstək verilməyəcəyi təqdirdə Avropa ölkələrini Rusiya ilə mübarizədə tək buraxılması ilə təhdid edərək bildirirdi: “Bəzi amerikalılar iddia edirlər ki, Birləşmiş Ştatlar Çin və Hind-Sakit Okean hövzəsinin yaratdığı daha böyük problemlərə daha çox diqqət və resurslar ayırmaq üçün Avropadan uzaqlaşmalıdır”.

"Məsələyə bu aspektdən nəzər salanda ABŞ-ın Ukraynanı bir neçə ay təchizatsız buraxmasının və Tramp üzərində oynadığı oyunun əsl sirri ortaya çıxır. Görünən budur ki, ABŞ Ukrayna-Rusiya arasında müharibəni təşviq etməklə təkcə bu iki ölkəni tələyə salmayıb, həm də Avropanı da rus təhlükəsi ilə üz-üzə qoyaraq, şantaj edir. Əsl məqsədi isə Çinin yüksəlişinin qarşısını almaq projesinə daha çox qüvvələri cəlb etmək və Qərb dünyasını özündən asılı vəziyyətə gətirməkdir”, - Heydər Oğuz bildirib.

 

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR