İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun Varşava sammitindən Azərbaycanla bağlı əsas gözlənti

1062 06.07.2016 07:25 Siyasət A A
İyulun 8-9-u tarixlərində NATO-nun Varşava sammiti keçiriləcək. Rəsmi məlumata görə, sammitdə 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Sammit üçün 2103 nəfər, o cümlədən NATO-nun 28 ölkəsindən və 26 tərəfdaş ölkədən 65 nümayəndə heyəti, eləcə də BMT, Avropa İttifaqı, Dünya Bankı və NATO qərargahının nümayəndələri qeydiyyatdan keçib.

Dövlət və hökumət başçılarının ilk görüşü 8 iyulda  yerli vaxtla 15:30-a (Bakı vaxtı ilə 17:30-a) planlaşdırılıb. Həmin görüşdə NATO-nun şərq cinahının möhkəmləndirilməsi ilə bağlı qərarlar qəbul edilə bilər.

Sammitin ikinci günü Əfqanıstanla bağlı diskussiyalar olacaq. Günün ikinci yarısında Avropa Birliyi ilə əməkdaşlıq məsələlərinə baxılacaq. İclasa Avropa Parlamentinin sədri Donald Tusk və Avropa Komisisyasının sədri Jan Klod Yunker qatılacaq. Sammit axşam saat 19.00-da başa çatacaq. Varşavada Əfqanıstanla bağlı müzakirələrin aparılması səbəbindən gözləntilər var ki, sammitdə Azərbaycan prezidenti də iştirak edəcək. 
NATO-nun bu sammitindən sonra Qafqazda vəziyyət qarışa bilər. Ekspertlər hesab edirlər ki, hazırda Qara dənizdən rusları çıxarmaq əsas məqsədlər sırasındadır. Qara dənizdə vahid birliklərin də yaradılması gözlənilir.

Baş verənlərin Azərbaycana necə təsiri barəsində “Yeni Müsavat”a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov danışıb. O bildirib ki, NATO-nun bu il baş tutacağı sammiti olduqca maraqlı olacaq.

“Səbəb isə artıq üzvlüyə tam şəkildə hazır olan Gürcüstanın nə zaman Alyansa qəbul ediləcəyi ilə bağlıdır. Rusiya artıq Gürcüstanın Alyansa üzvlüyünün gerçəkləşdiyini görür və Amerika başda olmaqla, NATO-nun özünə də xəbərdarlıq məktubu yollayıb. Rusiya birbaşa və açıq şəkildə NATO-nun genişlənməsinin əleyhinədir. Bu proses, sadəcə, Gürcüstanla kifayətlənmir, Monteneqronu da tezliklə NATO-da üzv dövlətlər sırasında görmək mümkün olacaq. NATO yaxın illərdə üzvlərinin sayını otuza çatdırmaq fikrindədir.

Burada ən maraqlı məqam isə Azərbaycanın tutacağı mövqedir. Bəllidir ki, Azərbaycan yenidən ”balans rolu"nu oynayacaq. Lakin Əfqanıstan mövzusunda, Xəzərdə təhlükəsizlik məsələlərində balans siyasəti yürütmək mümkün deyil. Bu baxımdan 2018-ci ildən etibarən tarixi siyasi proseslərin şahidi olacağıq. Azərbaycanda baş tutacaq prezident seçkiləri də bu prosesin tərkib hissəsi olacaq" - qurum rəhbəri deyib.

Onun sözlərinə görə, Amerika bütünlükdə Cənubi Qafqazın siyasi və iqtisadi vizyonunu dəyişmək qərarını tutub: “Azərbaycanın həssas siyasi prosesə daxil olacağını deyə bilərik. Təbii ki, Gürcüstanın NATO ittifaqına üzvlüyü Azərbaycana təsirsiz ötüşməyəcək. Çünki artıq Amerika qoşunları demək olar ki, Rusiya ilə bir addımlıqda duracaqlar. İstər-istəməz bu, regionda müəyyən proseslərə də start verilməsinə səbəb olacaq. Rusiya Gürcüstanın ardınca Azərbaycanı da itirməmək üçün Dağlıq Qarabağda əməliyyatlara başlaya bilər. Bunlar hazır masa üzərində olan projelərdir. Lakin Azərbaycan siyasi baxımdan manevrlər edə bilərsə,  yaxın gələcəkdə Rusiyanın Cənubi Qafqazda tək hakimliyi erası bitəcək. Putin bunu bilir və ona görə də hazırda Türkiyə ilə yaxınlaşmağa çalışır. Bu prosesdə aktiv olaraq Azərbaycandan istifadə edirlər. Putin anlayır ki, Rusiyanın ətrafı artıq Amerika müttəfiqləri ilə doludur və bir gün bu proses başlayacaq. Nəticədə isə demokratikləşmə Rusiya sərhədlərindən içəriyə də daxil olacaq. Bugünkü Rusiyanın mübarizəsi məhz buna görədir”.

Əli RAİS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR