İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun biabırçı durumu: Rusiya sualtı qayığını rezin qayıqla axtarırlar - FOTOLAR

4639 21.10.2014 14:42 Dünya A A
İsveçin paytaxtı Stokholmun sahillərində Rusiyaya məxsus olduğu ehtimal edilən mini sualtıqayığın qeydə alınması NATO üzvü olan Avropa ölkələrinin silahlı qüvvələrinin nə dərəcədə zəif durumda olduğunu növbəti dəfə üzə çıxarıb.

Virtualaz.org saytı xəbər verir ki, “The Guardian” qəzetinin yazdığına görə, Stokholm sahillərində qəza siqnalı göndərdiyi qeydə alınan sualtı qayığın günlərdir davam edən axtarışında fars elementləri var.

Belə ki, Rusiyaya məxsus olduğu ehtimal edilən mini sualtı qayığı İsveçin “miniatür” Hərbi-Dəniz Qüvvələri axtarır. Ona görə “miniatür” ki,  SSRİ-nin dağılmasından arxayınlaşan İsveçdə 20 ildən çoxdur bütün hakim partiyalar hərbi xərcləri azaldıblar. Nəticədə bu NATO ölkəsində sualtı qayıqlara qarşı avadanlıqlarla təchiz olunmuş bir vertolyot belə yoxdur.

Sualtı qayığın axtarışlarını aparan qayıqların çoxu isə rezindəndir və doldurulmuş hava ilə üzürlər.


İsveç Müdafiə Nazirliyi isə adaya sızdığı ehtimal edilən Rusiya xüsusi təyinatlılarının axtarışlarına cəmi 200 hərbçi cəlb edə bilib. İşin komik tərəfi həm də ondadır ki, sualtı qayıqdan siqnal alınandan sonrba İsveçin ərazi suları yaxınlığında Rusiyaya məxsus neft tankeri qəribə şəkildə o tərəf-bu tərəfə manevr edir.

Məlumdur ki, kəşfiyyat missiyası yerinə yetirən sualtı qayıqlar çox vaxt gizlənmək üçün ticarət gəmilərinin altı ilə üzürlər. Ehtimal edilir ki, Rusiya neft tankeri də İsveç suları yaxınlığında məhz sualtı qayığı gizlətmək üçün üzməkdədir. Zərurət yarananda bu tanker ya sualtı qayığın heyətini göyərtəsinə alacaq, ya suya başqa mini sualtı qayıq buraxacaq.

Rusiya Müdafiə Nazirliyi isə bir neçə gün davam edən sükutdan sonra Stokholm sahillərində onlara məxsus sualtı qayığın olmadığını bildirib.

“Rusiya sualtı qayıqları və suüstü donanması öz vəzifələrini okeanlarda yerinə yetirirlər” - deyə açıqlamada bildirilir.

“Rusiyanın bu reaksiyası istehzadan başqa bir şey deyil. Sanki demək istəyirlər ki, rus sualtı qayıqlarının NATO ölkələrinin ərazi sularında üzməsi adi haldır, əsas missiya isə okeanlardadır” - deyə məqalədə bildirilir.


Qəzet yazır ki, Rusiya Müdafiə Nazirliyinin sualtı qayığın Hollandiyaya məxsus ola biləcəyini deməsi lap gülməlidir. Lakin bu yalanı auditoriyanı tam çaşdırmaq üçün ortaya atırlar.

Xatırladaq ki, bu günlərdə NATO-nun əsas üzvlərindən biri olan Almaniyanın ordusunun da acınacaqlı durumda olduğu üzə çıxmışdı. Alman ordusunun nə dərəcədə bərbad vəziyyətdə olduğunu Almaniyanın İraq kürdlərinə İŞİD-ə qarşı dəstək vermək qərarından sonra bir daha üzə çıxıb.

Bu ölkənin müdafiə naziri İŞİD-ə qarşı İraq kürdlərinə dəstək üçün hərbi-nəqliyyat təyyarəsi ilə Ərbil şəhərinə gedib. Lakin Almaniyanın kürdlərə vəd etdiyi hərbi texnika və təlimatçılar ora gedib çıxa bilməyib. Çünki hərbçilər Ərbilə getmək üçün üç dəfə təyyarəni dəyişməli olublar. Texnikanı aparan “Transall” hərbi-nəqliyyat təyyarəsi isə yanacaq çatışmadığına görə yolda enməli olub.

Bundestaqın müdafiə komitəsinə təqdim olunmuş hesabata görə, alman ordusunda tankların, vertolyotların və təyyarələrin üçdə biri işlək vəziyyətdədir. Məsələn, Almaniya Hərbi-Hava Qüvvələrinin sərəncamında olan 109 “Eurofighter” qırıcısından cəmi 42-si havaya qalxa bilir, qalanları nasazdır və nə vaxt təmir olunacağı məlum deyil. Çünki vəsait yoxdur.

NATO-nun planına görə, əgər Baltik ölkələrinə hərbi təcavüz olsa, bundesver alyansın sərəncamına 60 təyyarə verməlidir. Ancaq alman ordusu buna qadir deyil və müttəfiqlər qarşısında öhdəliklərini yerinə yetirə bilməyəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR