NATO-dan ruslara yeni ismarış: “İradəmizi sınağa çəkməyin...”
NATO baş katibi Anders Foq Rasmusen Rusiyanın Ukraynadakı hərəkətlərini bir daha qanunsuz adlandırıb və bildirib ki, artıq Moskva özünü “tərəfdaş” yox, “rəqib” kimi aparır. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, Avropa telekanallarından birinə müsahibəsində baş katib daha sonra “Ukraynada yaşananlar Avropanı ayıltmalıdır, belə davam etməz” deyib.
Rasmussenə görə, Ukrayna böhranı dönüş məqamıdır: “İkinci dünya savaşı bitəndən sonra ilk dəfə olaraq Avropa dövləti zorla özünə yeni ərazilər birləşdirir. Krımda, Ukraynada gördüklərimizi və yaşadıqlarımızın keçmişdə olduğunu düşünürdük, belə fikirləşdirdik. Ancaq bütün bunlar XXI əsrdə baş verir!”
Alyans rəhbəri Kremlə növbəti ismarışını da göndərib. “Ruslar bizim iradəmizi sınağa çəkməsinlər. Onlarda zərrəcə şübhə olmamalıdır ki, alyansın bir üzvünə edilən hücum bizim hamımıza edilən hücum kimi qəbul ediləcək. Biz hadisələrin istənilən inkişaf variantına hazırıq. Sizi təəccüb götürərdi, əgər görsəydiniz ki, necə biz sürətlə hərəkət edə bilərik”, - deyə NATO baş katibi rusları xəbərdar edib.
Musavat.com






