Natiq Miri: “Azərbaycanda inqilab edə biləcək müxalif siyasi mərkəzlər yoxdur”
Son bir ayda artıq neçənci dəfədir ki, ABŞ-ın Azərbaycanda inqilab etmək istədiyi barədə həm amerikalı, həm də Rusiyalı tanınmış siyasətçilər, ekspertlər tərəfindən informasiya yayılır, şərhlər verilir. Srağagün də bu qəbildən olan növbəti informasiya yayılıb. Bu barədə Tanınmış amerikalı analitik, Reyqan administrasiyasında işləmiş, sonralar “The Wall Street Journal”, “Businesweek” kimi nəşrlərin baş redaktoru olmuş Pol Kreyq Roberts “Personal Liberty” portalında dərc edilmiş məqaləsində yazıb ki, Vaşinqton Azərbaycanı rəngli inqilabların hədəfi kimi nəzərdən keçirir.
Pol Kreyq Robertsə görə, Amerika administrasiyası Ermənistan, Özbəkistan, Azərbaycan və Qırğızıstanda ya hakimiyyətləri inqilab yolu ilə devirməyə, ya da onların Vaşinqtona loyallığını satın almağa çalışacaq. Onun fikrincə, Ağ Ev dövlət katibinin müavini Viktoriya Nulandı Bakıya və İrəvana təsadüfən göndərməmişdi. Eyni zamanda pensiyaya çıxmış diplomat, rəngli inqilabların konstruktoru hesab olunan Riçard Maylzın geri çağırılaraq Qırğızıstana müvəqqəti işlər vəkili göndərilməsi təsadüfi deyil. Özbəkistana səfir göndərilən Pamela Spartlenin qarşısında isə bu ölkənin hakimiyyətinin ABŞ-a sadiqliyini “satın almaq” missiyası qoyulub. Qəribədir ki, Amerikalı analitikin məqaləsinin xülasəsinə Rusiyanın “Voennoe Obozrenie” (“Hərbi İcmal”) nəşri yer verib. Bu nəşr Rusiya Müdafiə Nazirliyinə yaxındır.
Digər amerikalı analitik Stiven Mak-Millan da eyni fikirdədir. Analitik hesab edir ki, Qərb Ukraynada tətbiq etdiyi “uğurlu modeli” Ermənistan, Qırğızıstan və Azərbaycanda da sınaqdan keçirmək istəyir. Maraqlıdır ki, bu fikirlər də Rusiyanın bir sıra media orqanlarında yayılıb.
Qeyd edək ki, ötən həftə Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə Komitəsinin sədri Aleksey Puşkov Bakıdakı ABŞ səfirliyini “narıncı inqilab” hazırlamaqda ittiham etmişdi.
ABŞ səfirliyi isə cavab bəyanatında Puşkovun dediklərinin əsassız və dəyərsiz hesab etdiklərini bildirmişdi.
Bir sıra ekspertlərə görə, Moskvanın vaxtaşırı olaraq Vaşinqtonu Azərbaycanda “narıncı inqilab” hazırlamaqda ittiham etməsi, eləcə də bu cür mövzuları gündəmə gətirməsi Kremlin Azərbaycanın ABŞ ilə yaxınlaşmasından narahatlığını göstərir.
Bəs, ABŞ həqiqətən də inqilab etmək istəsə, kiminlə edəcək, stavka edəcəyi qüvvə ənənəvi müxalifət, yoxsa hakimiyyətin özünün daxilindən hansısa qüvvə ola bilər?
Politoloq Natiq Miri hesab edir ki, son zamanlar anti-ABŞ əhval-ruhiyyəsinin yaradılması informasiya savaşıdır. Rusiya öz lobbiçilik etdiyi təşkilatlar və ekspertlərin vasitəsilə ABŞ əleyhinə müəyyən şübhələr yaratmaqla postsovet məkanının Amerika ilə münasibətlərini pozmağa çalışır: “Bu ölkələrin içərisində təbii ki, Azərbaycan da var. ABŞ-ın Azərbaycanda inqilab hazırladığı barədə yayılan xəbərlər, şərhlər Rusiyanın əli ilə edilir.
O ki qaldı əgər ABŞ istəsə inqilab mümkündürmü və onu kiminlə həyata keçirəcəyinə, Ukraynada gedən maydan hərəkatında məhz ABŞ-ın çox ciddi surətdə həm siyasi, həm maliyyə dəstəyi nəticəsində maydan hərəkatı iqtidarın dəyişməsinə nail oldu. Əks təqdirdə maydanda xalqın qələbəsi çox çətin olardı. Bu cür proseslər digər postsovet respublikalarında da ABŞ istəsə mümkün ola bilər. ABŞ hansısa ölkədə inqilab reallaşdırmaq qərarına gəldiyi halda öncədən ciddi hazırlıqlar həyata keçirilir. Ölkənin müxalifət partiyaları ilə, vətəndaş cəmiyyəti ilə iş aparılır, böyük maliyyələr ayırmaqla, xalq arasında təbliğat aparmaqla xalqı bir mərkəz ətrafında toparlamağa nail ola bilirlər".
N.Miri fikrinə davam edərək dedi ki, diqqət etdikdə bu gün belə bir prosesin getdiyini Azərbaycanda görmürük. Bunun hətta işartıları belə müşahidə edilmir: “Onu da nəzərə alaq ki, bu gün Azərbaycanın daxilində inqilab edə biləcək xüsusi müxalif siyasi mərkəzlər mövcud deyil. Belə bir durumda ABŞ istəsə belə, ortaya inqilabı kiminlə edək sualı ilə üz-üzə qalacaq. Doğrudur klassik müxalif partiyalar var, amma o partiyalar əvvəlki gücündə deyil və zəif düşmüş durumdadırlar.
O ki, qaldı inqilabı hakimiyyətin daxilindəki hansısa qüvvələrin əli ilə həyata keçirmək təcrübəsinin burada da tətbiqinin mümkün olub-olmadığına, əgər ABŞ istəyərsə, hakimiyyətin içində də xüsusi qruplar hazırlaya və həmin qrupların vasitəsilə güc mərkəzi yarada bilər. Lazımi anda isə həmin qrupun əli ilə “saraydaxili çevriliş” edilə bilər. Zamanında düymə basılır və həmin güclər hərəkətə keçir, müxalifətdən də müəyyən güclərin prosesə cəlb olunması baş verir və saray çevrilişi edə bilirlər. Bu, ABŞ üçün yeni bir üsul deyil, bir sıra ölkələrdə bu üsuldan istifadə edilib. Ancaq bu gün Azərbaycanda belə bir təcrübənin həyata keçiriləcəyinə işarə edən heç bir hal mövcud deyil".
Ekspert sonda vurğuladı ki, hansı variantı təhlil etsək bəlli olur ki, ABŞ-ın inqilab hazırladığı barədə informasiyalar dezinformasiyadır və məqsədli şəkildə yayılır. ABŞ-la münasibətləri korlamağa xidmət edən dezinformasiyalardır.
Etibar SEYİDAĞA






