Qeyri-rəsmi məşğulluğun səbəbləri və çıxış yolu
Azərbaycanda qeyri-rəsmi məşğulluğun yüksək səviyyədə olmasının yaratdığı sosial problemlər Milli Məclisdə qaldırılıb. Millət vəkili Qənirə Paşayeva parlamentin iclasında çıxış edərək əmək müqavilələri olmadan çalışan və ya müvafiq sənədləşmələrdə əmək haqları az göstərilən işçilərin taleyindən narahatlığını dilə gətirib.
Xatırladaq ki, millət vəkili bu problemi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişikliklərin edilməsi ilə bağlı layihənin müzakirəsi zamanı qaldırıb: “Hamımız sahibkarlara qarşı süni maneəler, qanunsuz yoxlamaların əleyhinəyik, amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasının da əleyhinəyək. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya əmək haqları əmək müqaviləsində az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Necə pensiya alacaqlar? Yaşlananda heç olmasa özlərinə yetə biləcək pensiya ala bilməkdən məhrum olacaqlar və bu, dövlət üçün ciddi bir problem olacaq”.
Q.Paşayeva onu da bildirib ki, bu sahəyə cavabdeh nazirliyin - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sahibkarlıq subyektlərində yoxlamalar aparmaq imkanları olmalıdır.
Qeyd edək ki, Azərbaycanda qeyri-rəsmi məşğulluğun yüksək həddə çatması dövlət qurumlarını da narahat etməkdədir. Bu ilin əvvəlində prezident tərəfindən imzalanan “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamla baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi altında Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Komissiya tərəfindən hazırlanan “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” isə bir neçə həftə əvvəl prezident tərəfindən təsdiqlənib.
Ölkədə qeyri-rəsmi məşğul əhalinin sayı ilə bağlı fərqli rəqəmlər səsləndirilməkdədir. Belə ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda 900 min nəfərə yaxın insanın əmək müqaviləsi olmadan işlədiyini deyir. Hökumət qurumları qeydiyyatsız işçi sayının tikinti sektorunda daha yüksək olduğu qənaətindədilər. ASAN Xidmət tərəfindən bu sektorda aparılan monitorinqlərdə tikinti şirkətlərində işçilərin 30 faizinin qeydiyyata alınmadan çalışdırıldığı qeydə alınıb. Müstəqil ekspertlər isə ölkədə qeyri-rəsmi məşğul insanların sayının 1,5 milyon nəfərdən yuxarı olduğunu bildirirlər.
İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, işçilərin qeydiyyatsız və əmək haqqının aşağı göstərilməklə işlədilməsi Azərbaycanda ən “uzunömürlü” və ağrılı problemlərdən biridir: “Bu problem Azərbaycan kimi kölgə iqtisadiyyatının səviyyəsi yüksək olan ölkələrdə daha kəskin olur. Uzun illərdir onun aradan qaldırılması ilə bağlı müzakirələr aparılır, qərarlar qəbul olunur, cəzalar sərtləşdirilir və sair. Lakin düşünürəm ki, inzibati yollarla, cəzaları artırmaqla bu problemi həll etmək mümkün olmayacaq. Son illərdə bu istiqamətdə atılan addımlar heç bir effekt verməyib. Çünki hamı nəticədən danışır, onu aradan qaldırmağa çalışır - hökumətdə də, Milli Məclisdə də. Heç kim nəticəyə gətirən səbəblərdən danışmır”.
Ekspertin sözlərinə görə, Azərbaycanda sahibkarları qeydiyyatsız və ya aşağı maaş qeydə almaqla işçi saxlamağa vadar edən əsas səbəb əmək haqqından tutulmaların yüksək olmasıdır: “Bu gün Azərbaycanda 100 manat əmək haqqının 40 manata yaxını vergi və sosial ayırmalar şəklində tutulur. Bunun da 25 manata yaxını işəgötürənin üzərindədir. Buna görə də işəgötürən işçi ilə qarşılıqlı anlaşmaya gedərək rəsmi əmək haqqını aşağı göstərir, yaxud ümumiyyətlə, az sayda işçi istisna olmaqla, işləyənlərlə əmək müqaviləsi imzalamır. İşçi isə işsizlik probleminin yüksək olması səbəbindən buna etiraz edə bilmir: Nəticədə həm işçinin hüquqları pozulur, həm də dövlət böyük məbləğdə gəlirdən məhrum olur. Bu vəziyyətin dəyişməsi üçün ən optimal yol əmək haqqından sosial ödəmə faizlərinin aşağı salınmasıdır. Dövlət işçilərə görə ödənilən sosial ödənişin bir hissəsini öz üzərinə götürə bilər”.
N.Cəfərli deyir ki, işçilərin müqaviləli iş, əmək haqqının tam məbləğinin qeydə alınmasını işəgötürəndən tələb etməsi üçün də stimullaşdırmaya ehtiyac var və burada özəl pensiya fondlarının olması mühüm rol oynaya bilər.
Azərbaycanda qeyri-rəsmi məşğulluğun azaldılması, sahibkarların bu məsələyə stimullaşdırılması üçün Dövlət Sosial Müdafiə Fonduna illərdən bəri yığılan borcların silinməsi və minimum 3 illik sosial ödənişdən tam azadolma müddətinin təyin olunması təklif edilir. Hesab olunur ki, həmin müddətdən sonra sahibkarlar əmək haqqını tam olaraq rəsmiləşdirmək və işçilərlə müqavilə bağlamaqdan yayınmayacaqlar.
N.Cəfərli isə qeyd edir ki, bu variant o zaman uğurlu olar ki, paralel olaraq əmək haqqından sosial ayırmaların faizi aşağı salınsın: “Min manat maaş verən sahibkar daha 220 manatı da pensiya fonduna ödəməmək üçün uçotdan yayınmaq yolunu tutur. Ümumiyyətlə, qeyd edim ki, dünyanın hər yerində sahibkarlar qanuni yollarla vergini-sosialı az ödəməyə çalışırlar. Azərbaycanda isə bunun üçün qanuni baza yoxdur. Buna görə də sahibkarlar qanunsuz yollarla ödənişləri azaltmağa çalışırlar. Bunun da qarşısını cəzalandırma deyil, stimullaşdırma ilə almaq daha uğurlu yoldur”.
Dünya SAKİT






