Onun müəllifi olduğu “Boynunda kəndirlə reportaj” kitabı 74 dilə tərcümə olunub, təkcə Çexoslovakiyada deyil, dünyanın bir çox ölkələrində milyonlarla oxucu auditoriyası qazanıb.
Yulius Fuçik bu kitabı 1942-1943-cü illərdə Praqa və Berlində nasistlərin həbsxanasında cəza çəkdiyi günlərdə qələmə alıb və faşist xislətinin nə olduğunu ən kiçik detallarına qədər açıqlayıb. Kitab 1945-ci ildə çap olunub, jurnalistə öz kitabını görmək qismət olmayıb...
Yulius Fuçik 1903-cü ildə Praqada anadan olub. Orta təhsilini başa vurduqdan sonra Praqa Universitetinin fəlsəfə fakültəsində ali təhsil alıb. Yerli mətbuatda jurnalist kimi fəaliyyət göstərən Fuçik gənc yaşlarından siyasi proseslərdə fəal iştirak edib. 1930-cu ildə SSRİ-yə jurnalist kimi ilk səfəri isə onun siyasi baxışlarını sosializm istiqamətinə dəyişib. Bir neçə dəfə SSRİ-də uzunmüddətli ezamiyyətlərindən sonra jurnalistin SSRİ haqqında bir kitabı və silsilə məqalələri çap olunub. Öz ölkəsində kommunist partiyasının müqavimət hərəkatının ən fəal üzvlərindən biri sayılan Fuçik qatı antifaşist kimi tanınıb. Jurnalist öz məqalələrində mütəmadi olaraq faşizm ideologiyasını sərt tənqid edib.

Nasistlərin Almaniyada hakimiyyətə gəlməsindən sonra Fuçik antifaşist təbliğatını daha da gücləndirib. 1935-ci ildə SSRİ-dən növbəti səfərdən qayıtdıqdan sonra çıxışlarının birində “Yaşasın, qızıl ordu”, “dünya faşizmdən imtina etməlidir” ifadələrinin işlətməsi isə jurnalistin bir aylıq həbsi ilə nəticələnib.
II Dünya müharibəsi başlandıqdan sonra müqavimət hərəkatının ən fəal üzvü kimi Fuçik ayrı-ayrı adlar altında faşist Almaniyasının törətdiyi hərbi cinayətlərlə bağlı çoxsaylı məqalələr dərc etdirib. Nəhayət, Hitler Almaniyasına qarşı sərt mövqe sərgiləyən jurnalistin kim olduğu gestapo tərəfindən aşkar edildikdən sonra, Fuçik 1942-ci ildə həbs edilib. O, əvvəlcə Praqada, daha sonra Berlində həbsxanada saxlanılıb.
Nasist düşərgələrindəki amansız və sərt rejim, tətbiq olunan işcəncələrlə bağlı yazdıqlarını jurnalist gizli yolla həbsxanadan çıxarmağa nail olub. Bu işdə həyat yoldaşı böyük riskə gedərək Fuçikin yazılarını lazım olan ünvanlara, redaksiya və nəşriyyatlara çatdırıb.

Berlində saxlanılarkən Almaniya məhkəməsi Fuçik haqqında bir neçə maddə ilə ittiham irəli sürüb. Prosesdə hakimin “siz Almaniyaya qarşı düşmən qüvvələrə kömək etmisiniz, SSRİ-yə işləmisiniz” ifadələrinə jurnalist belə cavab verib:
“Mən SSRİ-yə kömək etmişəm, mən qırmızı orduya mənəvi dəstək vermişəm, bununla qürur duyuram. Kommunistləri təbliğ etmək 40 illik həyatımın ən şərəfli anlarıdır. Heç şübhə etmirəm ki, az bir müddətdən sonra dünya faşistlərin məğlubiyyətinə şahidlik edəcək...”
Məhkəmə Fuçik haqqında asılmaqla edam hökmünü çıxarıb. Fuçik dar ağacına aparılanda kameralarda alqış səsləri eşidilib.

Edam 8 sentyabr 1943-cü ildə həyata keçirilib.
1958-ci ildə Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının 4-cü Konqresində Fuçikin edam olunduğu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günü elan edilib.
1990-cı ilə qədər Fuçik Çexoslovakiyada ideoloji simvol kimi qəbul edilib, onun həyat və yaradıcılığı məktəblərdə tədris olunub, abidəsi ucaldılıb, haqqında filmlər çəkilib, kitablar yazılıb. Jurnalistin xatirəsi digər sosialist ölkələrində də əbədiləşdirilib. Moskvada, Leninqradda, Sverdlovskda, Qorkidə, Daşkənddə və SSRİ-nin bir sıra böyük şəhərlərində məktəblərə, küçələrə, parklara Fuçikin adı verilib, büstləri qoyulub.
1990-cı illərdən sonra tənqidçilərin, tarixçilərin, ədəbiyyat nümayəndələrinin Fuçikin yaradıcılığına münasibəti birmənalı olmayıb. Jurnalist əsasən 1930-cu illərdə SSRİ haqqında yazdığı kitablar və məqalələrdə qeyri-səmimilikdə “ittiham” olunub.

Məlum olduğu kimi 1930-cu illərdə SSRİ-də bütün sahələrdə vəziyyət heç də ürəkaçan olmayıb. Əhalinin sosial rifahı, maddi durumu, iş və mənzil şəraiti acınacaqlı olduğu bir ərəfədə Fuçikin SSRİ-ni “xoş güzəranlı ölkə” adlandırması reallıqdan uzaq olub. Həmin illərdə jurnalist SSRİ-yə səfəri zamanı “böyük təmizlik”, dəhşətli repressiyaların canlı şahidi olsa da SSRİ-ni dünyanın ən ədalətli və humanist ölkəsi kimi qələmə verib. Məhz elə bu səbəblərdən də SSRİ süquta uğradıqdan, sosialist bloku dağıldıqdan sonra Fuçik və onun yaradıcılığı populyarlığını itirib.
Amma bütün bunlarla yanaşı 40 yaşında nasistlər tərəfindən edam olunan Yulius Fuçik tarixə antifaşist ədəbiyyatının görkəmli nümayəndəsi kimi düşüb.
İlham Cəmiloğlu, Musavat.com






