Külli miqdarda narkotik əldə etmədə və satışında ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə həns edilən 1975-ci il təvəllüdlü Tehran Abdullayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Məhkəmədə hakim Faiq Qəniyev elan edib ki, təqsirləndirilən şəxs Nəsimi Rayon Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib.
Təqsirləndirilən T.Abdullayev müraciətlərində saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edildiyini bildirib.
Məhkəmə belə qənaətə gəlib ki, həmin müraciətlər araşdırıldıqdan sonra prosesin davam etdirilməsi işin obyektiv araşdırılmasına şərait yaradacaq.
Məhkəmə hər iki quruma sorğu göndərib. Bu səbəbdən də məhkəmə iclası iyunun 4-nə təxirə salınıb.
Qeyd edək ki, Bakıda atomobil dayanacağında çalışan T.Abdullayev ittihamla razılaşmır və özünü təqsirli bilmir.
O, daha əvvəl də narkotik ittihamı ilə həbs edilib.
İ.Muradov,
Musavat.com






