Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz silah gəzdirməkdə ittiham edilən şəxsə hökm oxunub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Pərviz Məmmədəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən P.Məmmədəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Pərviz Məmmədəliyev ötən il Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onun Sabunçu rayonunda yaşadığı evə baxış keçirilən zamanı 755 qram narkotik vasitə həşiş qətranı, 242 qram heroin, 59 qram psioxotrop maddə metamfetamin, 31 ədəd metadon həbləri, 2 ədəd elektron tərəzi və sandıqçasında 4 ədəd patron olan “Sieger” markalı qaz tapançası aşkar olunaraq götürülüb.
P.Məmmədəliyevə Cinayət Məcəlləsinin Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, satma və qanunsuz olaraq odlu silah saxlama maddələri ilə ittiham verilib.
İlkin Muradov
Musavat.com






