İnsanlara hürriyət, millətlərə istiqlal!

“NAMİQ MƏNANI SMS QALİB EDİB”

4367 03.12.2008 07:27 Mədəniyyət A A

- İlk meyxananız hansı qafiyə üstdə olub?

- Nəfis olma düşmə tamaha, qardaş,
Sənin işin qaldı sabaha, qardaş.

O vaxt Əhmədlidə meyxana deyənlər çox az idi. Mən Bakının digər kəndlərinə gedib məşhur meyxanaçıları dinləyirdim, sonra da məşq edirdim, zəhmətim hədər getmədi. Çox keçmədi ki, meyxanaçı kimi tanına bildim.
Əhmədlidə bir kafedə mənə bir kabinet ayrılıb. Orada uşaqlara meyxana öyrədirəm. Namiq Qaraçuxurlu, Elşən Xəzər, Aqşin Fateh, Vahid Qədimov, Oqtay, Ələkbər kimi məşhur meyxanaçılar həmin məktəbdən çıxıblar.

- Uşaqlara müftə dərs deyirsiz?

- O uşaqlardan bir qəpik də almıram. İstedadlı uşaqlarla işləyirəm.

- Dərs zamanı hansı bəhrlərdən istifadə edirsiz?

- Çırtmaya düşən bəhrlərdən.

- Məgər həcəz və ya rəməldə meyxana demək olmaz?

- (Bir qədər fikirləşir). Yetirmələrimlə hərdən oturub elə meyxanalar deyirik ki, bunu toyxanalarda demək mümkün deyil.

- Birini deyə bilərsiz?

- Yox, onda gərək yetirmələrimin hamısını bura yığım. Biz toylarda asan qafiyələr üstdə meyxana deyirik ki, camaat tez anlasın.

- Sizin məktəbinizdə hansı bəhrdən çox istifadə olunur?

- Səri bəhrindən. Elə bəhrlər var ki, mən heç onların adını bilmirəm, amma istifadə edirik.

- Siz ustasız, yoxsa ustad?

- Usta başqadır, ustad başqa. Ustad müəllim deməkdir. Meyxana ustadı 2-3 nəfər ola, ya olmaya. O insana ustad deyərdim ki, bu gün də sənəti saxlayır və pula, şöhrətə, əmiyə, dayıya dəyişmir, kim necədi onu elə də qələmə verir. Ustadlar barmaqla sayılacaq qədər azdır.

- Amma “De gəlsin”də onlar çoxdur, hərəsinin də 4-5 tələbəsi.

- Hərəmiz 4 iştirakçıyla məşğuluq. Qaldı “De gəlsin”ə, ora düşmək üçün tələbələrimiz imtahan veriblər, yəni sınaqdan  çıxıblar. Keçməyənlər də olub. Onların arasında mənim də tələbələrim var.

- Bu sınaqdan çıxanların deyimində ciddi nöqsanlar var, bu nöqsanlar haradan gəlir, papaqdanmı?

- Yeri gəlmişkən, mən papaqla bağlı geniş söhbət etmək istəyirəm. Həmkarım Vüqar deyir ki, vallah, qafiyə papaqdan çıxmır. Amma mən deyirəm ki, vallah, papaqdan çıxır. Ola bilər ki, bədahətən meyxana deyənlərin ifası Vüqar qardaşımızı heyrətləndirdiyi üçün belə deyir. “De gəlsin” axşam saat 22.00-da başlayır. Saat 21.00-da biz münsiflər heyəti olaraq ora toplaşırıq. Hərəmiz bir qafiyə yazıb papağa atırıq. Bədahətsiz nə meyxana?! Amma tam əminəm ki, “Sözüm var”da iştirakçılar əvvəlcədən qafiyələri bilirlər və bir həftə öncədən hazırlaşırlar. Onu da deyim ki, bizim sınaqdan çıxmayanlardan bir neçəsi ATV-dəki yarışmada iştirak edir.

- İştirakçıların nöqsanlı-nöqsansız çıxışından sonra Ağamirzə deyir ki, elə meyxana belə olar. Bu, “Sözüm var”a irad deyil ki?

- Yox. Biz güclü meyxana deyəni tərifləyirik, yəni meyxana belə olar, deyirik. Bizdəkilər peşəkardır. “Sözüm var”da  jüridə oturanlar - şeyx Əbdül Mahmudbəyov aktyordu, Baba Vəziroğlu da şair. Orada iki meyxanaçı var. Biri Namiq Mənadır, ona iradım budur ki, hər meyxana deyəni “bəh-bəh”lə tərifləməsin. Bu meyxana sənətinə ziddir, nə olsun ki, onun əmisi-dayısı pulludur. Sənəti pula satmaq olmaz axı.

- Namiq Məna da “De gəlsin”dən çıxıb. Bəs niyə ayrıldınız?

- Onu SMS qalib etdi.

- Bayaq dediniz ki, “De gəlsin”də 16 iştirakçını mütəxəssislər seçib, özü də istedadlarına görə.

- Bəli, biz seçmişik.

- Onda sizin ölçü ilə yanaşsaq, qalib də SMS-lə bu istedadıların arasından seçilir. Bəs niyə Namiq Mənanı SMS-lə qalib olduğuna görə qınayırsız.

... (Cavab verməyə çətinlik çəkir və susur).

- “De gəlsin”dəki meyxana ustaları qafiyə tutmağa görə qonorar alırlar?

- Həftənin 3-cü və 4-cü günləri ANS-də oluruq, toylara gedə bilmirik, buna görə xeyrimizdən qalırıq. Bunun müqabilində ANS bizə qonorar verir.

- Toylardan danışdız. İlk dəfə hansı toyda olmusuz, toylarda bəxtiniz gətirirmi?

- İlk dəfə Əhmədli toyunda meyxana demişəm. Heç bir sözüm rədifə düşmədi, ağzıma nə gəldi deyib çulumu sudan çıxardım. Uşaqlar mənim üçün əl çaldı, onda elə bilirdim ki, mənim kimi meyxana deyən yoxdu.

- Bəzən efirdə də iştirakçılar necə gəldi ifa edirlər.

- Sərhədi keçənləri efirdən sonra tənbeh edirik.

- Toylarda kiminlə deyişirsiz?

- Mömin toylarında Elşən Xəzərlə birgə oluram. Başqa toylara bəzən Kərimlə, bəzən də Aydınla dəvət olunuram.

- Toylarda papaqdan qafiyə çıxır?

- Yox, toylarda sinədəftər olmalısan. Efirdə vaxt dar olduğu üçün kim cəld tərpənsə, o, sözünü deyə bilir. Amma toyda qarşıdakıyla deyişdikcə qızışırsan, sözü tam sərbəst, açıq və mənalı demək olur.

- Son vaxtlar meyxanaçılar da klip çəkdirir.

- Əlbəttə, bu kliplər meyxananın xeyrinədir. Hərəsi bir mövzuda çəkilib.

- Siz hansı mövzuya üstünlük verirsiz?

- Qədimdən qalan meyxanaya. Deyimim ağırdır, səsim mahnıya girmir. Məsələn, sabah durub Nazpəri Dostəliyeva ilə meyxana oxusam, yəqin əcaib bir şey alınar.

- Meyxanada yeniliyiniz varmı?

- Bizə qədər meyxanalar asan bəhrlərdə deyilirdi, sait, samitə fikir verilmirdi. Tutaq ki, deyirəm, bu gün səni təcvi-rəvan görmüşəm. Burada sonu “-an”la bitən “meydan” sözü rədifə girmir. Klassiklərimiz meyxanada çox məsələni yola verərdilər, amma bu indi mümkün deyil. Gərək diqqətli olasan, çünki meyxananın meydanı genişlənib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR