Ümumdünya Səhiyyə Təşkilatı dünyanın 33 ölkəsində uşaqlarda aşkar edilən və mənşəyi bilinməyən 920 şübhəli hepatit hadisəsi barədə məlumat aldığını bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, artıq 18 xəstə uşaq dünyasını dəyişib. 45 xəstə uşaqla bağlı isə orqan transplantasiyası tələb olunub. Mənşəyi məlum olmayan hepatit xəstələrinin yarısı Avropa ölkələrində aşkar edilib. Xəstəliyin ilk dəfə aşkarlandığı və ən çox yoluxma hallarının qeydə alındığı Böyük Britaniyada 267 hala rast gəlinib.
Xəstəliyin daha çox oğlanlarda (422 hadisə) rast gəlindiyi, onların əhəmiyyətli bir hissəsinin altı yaşdan kiçik olduğu məlum olub.
ÜST qlobal səviyyədə riski orta dərəcədə qiymətləndirir.
Təşkilat bu tip hepatitlə uşaqlarda kəskin qaraciyər çatışmazlığının inkişaf etdiyini bildirib.
Hazırda infeksiyanın mənbəyi və patogenin ötürülmə yolları öyrənilir. Xəstəliklərdə ümumi hepatit viruslarının (A, B, C, D və E) aşkar edilmədiyi qeyd olunur.
Musavat.com






