İnsanlara hürriyət, millətlərə istiqlal!

Nailiyyətlər ili bitir, ümidlər ili başlayır

977 31.12.2023 12:45 Yazarlar A A

 

Bu il də belə getdi. Bir başladı, bir bitdi, çoxları necə keçdiyini bəlkə də fərq etmədi.

Ancaq bu ilin əsr qədər uzun çəkdiyini yaşayanlar da vardı. Məsələn, əsgər anaları...

2023-cü ili bizim üçün başqa anlamda əsrə bərabər edən də elə o əsgərlər idi. Biz bu il millət olaraq 1 əsrdir həll edə bilmədiyimiz müşkülü həll etdik.

O müşkül bizə çox faciələr, ağrı-acılar yaşatmış, gənc ömürləri yarıda qırmış, millətin yeddidə birini öz yurdundan didərgin salmış, vətənin bir tərəfini şaqqalamışdı.

İndi Xankəndidə dalğalanan üçrəngli bayrağa baxır, rahat nəfəs alır, ümid edirik ki, bütün yaman günlər artıq arxada qalıb.

2023-cü il həm də dünya azərbaycanlılarının həmrəyliyinin ən pik nöqtəyə çatdığı il oldu. Bu il vətən xaini olmayanlardan başqa hamı eyni nailiyyətin fərəhini yaşadı.

Tam və qəti qələbənin, öz torpaqlarını yadelli düşməndən azad etməyin sevincini yaşamaq eyni zamanda sabaha, öz ölkənin, dövlətinin gələcəyinə inam yaradır.

Bu, 1923-cü ildən çox-çox fərqləndi. Öz əlimiz, öz başımız idi və öz problemimizi özümüz həll etdik. Necə yaşayacağımıza, hansı etnik qrupa necə bir status verəcəyimizi kirovlar, orconikidzelər həll etmədi.

2023-cü il yaxşı-yaman günləri, nailiyyətləri və problemləri ilə arxada qalır, indi biz üzümüzə gələn 2024-cü ilə baxmalıyıq. Təəssüf ki, 2023-ün bir sıra qayğıları 2024-ə miras qalır.

Saatlar sonra başlayacaq yeni təqvim ili ölkəmiz üçün yeni mərhələnin, köhnə problemlərin həllinə yeni girişimlərin başlanğıc ili olacaq.

Yuxarıda dediyimiz kimi, artıq 36 ildən bəri bütün enerjimizi, vaxtımızı, maddi sərvətimizi soran problem həll olunub, daha onunla bütün xalqın, dövlətin əlləşməsinə ehtiyac yoxdur. Burdan beləsi ayrıca dövlət strukturlarının işidir.

Yeni mərhələdə işğaldan azad olunan ərazilərimizin bərpası və çiçəklənməsi prosesi başlanacaq və bu, ölkənin bütün ərazilərinə öz təsirini göstərəcək. Qarabağın məskunlaşdırılması – bir zamanların Amerikası kimi Yeni Dünyaya çevrilməsi şərtdir. İndi Qarabağ təkcə qarabağlıların deyil, hamınındır.

2024-cü ildə biz dövlət olaraq təhsil və səhiyyə sferasındakı böyük problemlərin həllinə nail olmalıyıq. Səhiyyə sisteminin inkişafı millətin bu gününü və genofondunu qoruduğu kimi, təhsil sferası da ölkənin intellektual potensialını formalaşdırmağa, dövlətin gələcək inkişafına cavabdehdir.

Gənclərin məşğulluğu probleminə əncam çəkilməsi olduqca vacibdir. Bu, ixtisaslı və fərasətli gənclərin ölkə xaricinə axınının qarşısını alar və hərtərəfli inkişafın lokomotivi olası gənclər öz bacarıqlarını öz ölkələrinə sərf edər.

Korrupsiya və rüşvətxorluğun cilovlanması, dövlət büdcəsinin talanmasının, xalqın cibinin soyulmasının qarşısının alınması hər il olduğu kimi, 2024-cü ildə də əsas problemlərdən biri olaraq qalacaqmış kimi görünür. Bu işlərə də əl bulamaq lazım gələcək.

Çünki 2020 və 2023 zəfərlərindən sonra istər-istəməz xalqın mövcud iqtidardan gözləntiləri artıb. Ümumilikdə götürsək, bu, olduqca təbiidir. Atalar demişkən, “Allah verdikcə bəndə gümana gələr”.

Xalqımız artıq o gümandadır ki, o boyda, həll edilməsi fantastik görünən problemləri həll edən dövlət başçısı yerdə qalan xırda problemləri də həll edəcək.

Əslində yuxarıda sadaladığımız problemlər də çox sadə şeylər deyil, ancaq istəyəndə, üstündə duranda, ardıcıl fəaliyyət göstərəndə bunları da yoluna qoymaq mümkündür.

Ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını bərpa etmiş xalq buna layiqdir. İndi onun daha yaxşı yaşamasının vaxtıdır.

Azərbaycan öz təbii resurslarına görə dünyanın ən zəngin ölkələrindəndir. İqlimi olduqca əlverişlidir. Şərqlə Qərbin, Şimalla Cənubun qovşağındadır. Regionumuzda hərbi-siyasi sabitlik yaransa, dinamik inkişafımız üçün heç bir maneə yoxdur.

Ümid edək ki, 2024-cü ildə qonşularımız da dinc, yanaşı yaşamaq, bir-birinin daxili işlərinə qarışmadan, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıqlar etmək, dostluq büsatı qurmaq yolu seçəcəklər.

Bir sözlə, 2024-cü il ümidlər ilidir. Ondan gözləntimiz çoxdur. Ötən il bu vaxt eyni fikirləri 2023-cü il üçün deyirdik. Bu ilə olan ümidlərimiz artıqlaması ilə çin oldu. Kaş ki 2024-cü il də elə olsun, yenə böyük saydığımız müşküllər həll olunsun və biz gələcəyə daha nikbin baxaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR