Ötən gün Əməkdar artist Baloğlan Əşrəfovun dünyasını dəyişməsi sənət aləmində böyük üzüntü ilə qarşılanıb. Musavat.com bildirir ki, mərhum sənətçinin həmkarları sosial şəbəkələrdə bununla bağlı paylaşımlar edir, ona Allahdan rəhmət diləyirlər.
Nadir Qafarzadənin isə paylaşımı xüsusilə diqqət çəkib. Sənətçi Əməkdar artistin vəfatından sarsıntı keçirdiyini və artıq özünün də həyatdan yorulduğunu qeyd edib:
“Bu da son... Ömürün harada bitəcəyini heç kim bilmir. Allah sizə rəhmət eləsin, Baloğlan müəllim. İtirdiklərimiz qazandıqlarımızdan çox oldu.
Heç inanmaq istəmirəm, nədənsə. Sizə həsəd aparırdım. Bu fani dünyadan haqq dünyasına gedən qədəmləriniz mübarək. Rahat yat, cənnətlik ol. Sıra məndə, çox yorulmuşam. Cənnətdə görüşərik. Onsuz da yaşamağın mənası yoxdur. Gözlərimizin yaşı heç qurumur".
Xatırladaq ki, Əməkdar artist Baloğlan Əşrəfov bir neçə gün öncə koronavirusa yoluxmuşdu. Oktyabrın 8-də mərhum sənətçinin 70 yaşı tamam olacaqdı.
Xalidə Gəray
Musavat.com






