
Məlumatlarda bildirilir ki, tikintinin yubanması maliyyə çatışmazlığı ilə bağlıdır. Yeri gəlmişkən, binanın tikintisini “AİKON” şirkəti aparır. Şirkət vergilər naziri Fazil Məmmədova məxsusdur. Bina üçün 40 hektar əraziyə malik olan Dədə Qorqud parkında 3 hektar sahə ayrılıb. Tikinti işlərinə nəzarəti isə Hafiz Paşayevə yaxınlığı ilə seçilən Qalib Məmməd adlı şəxs həyata keçirir. Bu şəxsin ABŞ vətəndaşı olduğu bildirilir. Tikintiyə ayrılan maliyyə vəsaiti də məhz Qalib Məmmədin əlindən keçir. İndiyə qədər tikintiyə 98 milyon manat ayrılıb. Amma bu vəsait “bəs eləməyib”. Məlumatlarda deyilir ki, Hafiz Paşayev baş verənlərdən bərk hiddətlənib. Və onun göstərişi ilə ayrılan vəsaitin hara xərclənməsi ilə bağlı ciddi araşdırmalara başlanıb.
Məlumatlara görə, Qalib Məmməd ölkə başçısı İlham Əliyevi də qəzəbləndirib. O, binanın tikildiyi parkda xeyli ağacın kəsilməsinə göstəriş verib. Bunu yeraltı istilik sisteminin çəkiləcəyi ilə izah edib. Lakin İlham Əliyev həmin ərazidən keçərkən ağacların kəsildiyini görüb və bərk hiddətlənib. Hafiz Paşayevin də məsələyə müdaxiləsi nəticə verməyib. İlham Əliyev iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədova parkı qaydaya salmağı tapşırıb.

Avqustun 14-də akademiyanın yeni tikilən binasına baş çəkdik. Qapıda duran mühafizəçi tikintidən reportaj hazırlamaq üçün icazə almalı olduğumuzu bildirsə də kimdən icazə almağımızı söyləmədi. “Siz jurnalistsiniz. Məndən yaxşı bilirsiniz kimdən icazə alınmalıdır” - deyən mühafizəçidən tikintidə işlərin dayanıb-dayanmadığını soruşduq. O bildirdi ki, bir ay müddətində iş olmayıb. Səbəb isə Tofiq Bəhramov adına Respublika stadionunun yenidən tikilməsi olub.
Nahar fasiləsinə çıxan fəhlələrlə söhbət əsnasında öyrəndik ki, akademiyanın tikintisi demək olar ki, tamamlanmaq üzrədir. Onlar bildirdilər ki, hazırda bina daxilində texniki işlər aparılır.

Özünü bizə mühəndis kimi təqdim edən bir şəxs isə çəkilişə mane olaraq bizi ərazidən uzaqlaşdırmağa çalışdı. Amma Mahir adlı mühəndisdən akademiyanın tikintisi zamanı ağacların kəsilməsinə və bu halın ölkə başçısını bərk qəzəbləndirməsinə də münasibət öyrəndik. Cavabı belə oldu: “Yeri hökumət ayırıb, ağacın üstündə bina tikməyəcəkdik ki...”
Mühəndis tikintinin gecikməsinin səbəbi ilə bağlı suala isə belə cavab verdi: “Dövlət əhəmiyyətli layihədir. Bizə nə qədər vaxt verilirsə, o müddətdə də tikintini hazır edirik”.
Tofiq Bəhramov adına Respublika stadionunda isə son tamamlama işləri gedir. Üstü bağlanacaq stadionun ətrafında yaşıllıq zolağı salınır. Diplomatiya Akademiyası ilə stadionun arasındakı boş ərazidə avtomobillər üçün yeraltı dayanacaq tikilir. Fəhlələrdən öyrəndik ki, ərazidəki ağaclar kəsilməyib. Sadəcə olaraq, kökündən çıxarılaraq başqa ərazilərə köçürülüb.
Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki oyunlarının da əksərinin məhz bu arenada keçirilməsi gözlənilir. Burada həm də bu il Bakıda təşkil olunacaq U-17 qızlar arasında dünya çempionatının görüşləri keçiriləcək. Nəzərinizə çatdıraq ki, ümumi sahəsi 85 min 700 kvadratmetr olan stadionda əsaslı təmir və yenidənqurma işlərini Cənubi Koreyanın “Samhoa” şirkəti həyata keçirir. 29 min 870 tamaşaçı yeri olan stadionda daha 2500 yer artırılıb və nəticədə tamaşaçı yerlərinin sayı 31200-ə çatıb. Burada “Ailə otağı” adlanan 16 xüsusi otaq da inşa olunub.






