İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxbirimiz Bakıda dini mağazalardan yazır - nələr satılır? (FOTOLAR, REPORTAJ)

3731 18.05.2018 10:30 Ölkə A A

Buraya gələnlər daha çox ətir, möhür və təsbeh almağa üstünlük verirlər

Mayın 17-sində  müqəddəs Ramazan ayı başladı. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-si başlayır, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Bu günlər ərzində digər müsəlman dövlətlərində olduğu kimi Azərbaycanda da ibadət əhli oruc tutub, imkansızlar, ehtiyacı olanlar üçün iftar süfrələri təşkil edəcəklər. Eyni zamanda bayram günlərində insanlar bir-birilərinin evinə qonaq gedib, iftar süfrəsi ətrafında toplanırlar. Təbii ki, qonaq gedən insanlar da əsasən getdiyi evə əlində nə isə pay aparır. Onlar adətən dini suvenirlər, müxtəlif dini kitablar olur. Bu cür əşyalara şəhərin bir çox yerlərində rast gəlinsə də dinə aid olan əşyalar əsasən dini mağazalarda satılır.

“Yeni Müsavat”ın əməkdaşı dini mağazalarda olub, orada nələrin satılması ilə maraqlanıb.

Əvvəlcə onu qeyd edək ki, ölkə ərazisində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən siyahılaşdırılmış xüsusi dini mağazalar var. Komitənin saytında bu mağazaların sahibinin adı, ünvanı haqqında geniş məlumat yer alıb. Qeyd olunan 6 mağazadan dördü Bakıda, biri Zaqatala, biri isə Şirvan şəhərində yerləşir.

Müşahidə etdik ki, mağazalarda əsasən dini kitablar, üzərində dini kəlamların yazıldığı divar saatları, suvenirlər satılır. Məsələn, divar saatlarının qiyməti 200 manata qədərdir. Stolüstü boşqab formasında olan dini suvenirlər isə 30-40 manata satılır.

Mağazalarda əxlaqa, dinə, fəlsəfəyə aid xeyli sayda kitablar var. Metronun “28 May” stansiyası yaxınlığında olan dini mağazada hətta şampun, sabun, bel kəməri, əsa kimi vasitələr, əşyalar da satılır. Mağazadan bildirdilər ki, insanlar ən çox möhür, təsbeh və ətir alırlar: “Mağazamızda müxtəlif dua yazılan boyunbağılar, suvenirlər, kitablar, ətirlər, təsbehlər, üzərində dualar olan qolbaqlar, möhürlər də satılır. Hər gün mağazamıza gələn alıcılar çox olur. İnsanlar əsasən ətir, təsbeh, möhür alırlar. Həmçinin burada canamaz, hicab da satılır”.

Kənardan müşahidə etdik ki, mağazaya girənlərin çox az qismi dinə, fəlsəfəyə aid kitablarla maraqlanırlar. Bəs din baxımından bu cür mağazalarda yuxarıda sadaladığımız kimi əşyalar satıla bilərmi?

Kənan Rövşənoğlu ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın dini yazarı Kənan Rövşənoğlu bildirib ki, müsəlman aləmində son onilliklərdə “halal sənayesi” yaradılıb: “Yəni yeməkdən başqa ”halal şampun", “halal kosmetika” kimi məhsullar da satılır. Halal turizm də var ki, burada müsəlman qaydalarına uyğun şəkildə davranılır. Azərbaycanda olan dini mağazalarda satılan suvenirlər, Quran ayəsinin üzərində olduğu saat və digər bu kimi əşyalar da dediyimiz məsələnin bir elementidir. Bunun dini baxımdan bir o qədər də problemi yoxdur. Əsas problem odur ki, onlara ehtiramsızlıq olmasın. Yəni ayaq altına qoymasınlar, sayğısızlıq etməsinlər və sairə. Bütün müsəlmanlar Quran yazılarına hörmət edib, ona ehtiramla yanaşırlar. Bu qaydaya riayət olunarsa, belə bir əşyaların satılmasının da heç bir ziyanı yoxdur. Əksinə, onların göz önündə olması daha da yaxşıdır. Məsələn, saatı divara vurur və onu hər zaman görür. Oxuya bilən adam üçün bu, çox gözəl haldır. Çünki bu yazını gördükdə oxuyur, xatırlayır. Duanın, gözəl sözlərin zərəri ola bilməz".

Rövşənoğlu bildirib ki, ölkədəki bütün dini mağazalara dövlət nəzarəti var: “Bir neçə il əvvəl qanunda bəzi dəyişikliklər edildi. Belə ki, dini təyinatlı məhsulların satışına icazənin verilməsi müvafiq icra hakimiyyətinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə tapşırıldı. Yəni bu məhsulların satışına qeyd etdiyimiz qurumlar nəzarət edirlər. Onlar öz işlərinin öhdəsindən gələ bilirlər. Dini kitablara gəlincə isə məncə, bunlara tam nəzarət etmək indiki zamanda mümkün deyil. Çünki kitabların PDF versiyaları da olur. İnsanlar bunu internet vasitəsilə əldə edə bilirlər. Ölkədə isə çap edilən dini kitabların hamısına nəzarət olunur. Bu kitabların hamısı Dini İşlər üzrə Dövlət Komitəsinin razılığı əsasında çap edilir”.

Əli RAİS,
“Yeni Müsavat”
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR