Azərbaycan iqtidarı ilə onun müxalifətinin, demək olar ki, ciddi ideoloji fərqlilikləri yoxdur. Bütün milli dəyərlər sistemi hər iki düşərgə tərəfindən qəbul olunur. Dini, milli, tarixi kimlik üzrə identifikasiya kodları da sanki eynidir. Qlobal problemlərə baxış, ölkənin siyasi və iqtisadi orientasiyası (Qərb dəyərləri, Qərb yönümü), qonşu dövlətlərə münasibət, Dağlıq Qarabağ məsələsində həmrəylik, müstəqilliyə strateji baxışda da hər hansı ciddi fərq yoxdur.
Bunların hamısında qəribə bir ortaqlıq var. Hər iki düşərgə əsasən dünyəvi təmayüllü siyasi liderlər tərəfindən yönləndirilir. Bu cür oxşarlıqlara baxmayaraq, düşərgələrin elektorat bazaları isə fərqlidir. Azərbaycanın müxalif düşərgəsində heç bir ciddi iş adamı, zəngin oliqarx, hətta orta sinfə məxsus təbəqə də yoxdur. Bu baxımdan, Azərbaycanda düşərgələr arasındakı fərq sinfidir, nəinki ideoloji...
Düşərgələrin belə bir komplektasiyasında ortaya qəribə bir nüans çıxdı; buna fərq yaradan faktor da demək olar - Nəriman Nərimanov amili.
Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinə qarşı olan kommunistlərin rəhbəri Nərimanov müxalifət düşərgəsində xain kimi qəbul olunur. Lakin ona iqtidar düşərgəsinin ideoloqlarının münasibəti fərqlidir, birmənalı deyil.
Bu, niyə belədir? Nəriman Nərimanova bütün müxalifətin münasibəti neqativdirmi? Yaxud da, ona bütün iqtidar mənsublarının münasibəti yaxşıdırmı? Bu sualla hər iki düşərgənin tanınmış simalarına müraciət etmişik.
YAP-çı deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, bəzən müxalifətin baxışlarında və davranışlarında nihilizmi müşahidə etmək olur.

Elman Nəsirov: “Bəzən müxalifətin davranışlarında nihilizmi müşahidə edirik, Nərimanovun oğluna məktubu milli dəyərlərə bağlılığını nümayiş etdirir”
Deputatın fikrincə, Nərimanova ən düzgün qiyməti mərhum prezident Heydər Əliyev verib: “Ulu öndər deyib ki, tarixi olduğu kimi öyrənmək lazımdır, tarixi təhrif etmək milli xəyanətdir. O qeyd edirdi ki, Rəsulzadə, Topçubaşov hansı dəyərlərə malikdirsə, Axundov da, Nərimanov da eyni dəyərlərin daşıyıcıları olublar. Nərimanovun oğluna məktubunu oxumaq lazımdır. Həmin məktub onun kimliyini, şəxsiyyətini, xalqına və millətinə, milli dəyərlərə bağlı olduğunu nümayiş etdirir. Ona görə də belə məsələdə ayrı-seçkiliyin əleyhinəyəm. Onların hər biri xalqımızın dəyərli övladlarıdır və millət üçün əlindən gələni əsirgəməyiblər".
E.Nəsirov qeyd etdi ki, tarixi yazarkən mənfilərin qarşısında müsbət qoymaq, müsbətlərin qabağına mənfi işarəsi qoymaq bəsit yanaşmadır: “Rəsulzadə xidmətlərinə görə ən yüksək dəyərlərə malikdir. Eləcə də Nərimanov xalqımız üçün yüksək xidmətlər göstərib. Bizim sovetə başdan-ayağa qara ləkə kimi baxmağımız tarixə qeyri-obyektiv yanaşma olardı. Sovet dövründə mədəniyyət inkişaf edib, alimlərimiz, ziyalılarımız, yazıçılarımız yetişib. Heydər Əliyevin rəhbərliyi dövründə respublikanın iqtisadiyyatında dirçəliş olub. Hər şeyə qiymət verərkən obyektiv baxmaq lazımdır. Sözsüz ki, sovetin də mənfilikləri olub, amma müsbətləri unutmaq olmaz”.

Pənah Hüseyn: “Nərimanova tarixin önəmli siması kimi baxmaq lazımdır, ağ və qara yanaşmağın tərəfdarı deyiləm, amma müxalifətdə...”
Müxalifətdə olan Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, müxalifət cəbhəsində Nərimanova olan münasibət səbəbsiz deyil.
AXP sədrinin sözlərinə görə, Nərimanovun adı Rusiyanın Azərbaycanı işğal etməsi və totalitar kommunist rejiminin bərqərar olması ilə assosiasiya edilir: “Müxalifətdə ona olan münasibət də bundan irəli gəlir. Amma subyektiv və siyasi yanaşmalardan asılı olmayaraq, ortalıqda bir tarix var.
Bu tarix Azərbaycan Xalq Cümhuriyyəti və sovet Azərbaycanı tarixinin səhifələrindən ibarətdir. Bu tarixdə önəmli siyasi xadimlər var. Onlardan biri də Nərimanovdur. Nərimanov həm də yazıçıdır və maarifçidir, siyasi taleyinə görə ziddiyyətli şəxsdir. Son illərində Nərimanovun AXC qurucularına, onların dəyərlərinə münasibətində bir məyusluq, peşmanlıq yaranmışdı.
O, milli maraqlarla sovet sisteminin maraqlarının üst-üstə düşmədiyini hiss edirdi. O baxımdan müxalifətdə ona olan baxış, fərq qalacaq".
P.Hüseyn hesab edir ki, bununla belə Nərimanova tarixin önəmli siması kimi baxmaq lazımdır: “Onun sovet tərkibində olsa da, Azərbaycan torpaqlarının birləşdirilməsində rolu olub. Mən ağ və qara yanaşmağın tərəfdarı deyiləm. Tarixə obyektiv yanaşma olmalıdır”.
Müxalif Respublikaçı Alternativ Partiyasının (REAL) icraçı katibi Natiq Cəfərli hesab edir ki, iqtidarda olan partiyanın Nərimanova olan münasibətini anlamaq mümkündür.

Natiq Cəfərli: “Cümhuriyyətçi kəsimin Nərimanova münasibəti Rusiyanın işğalı ilə simvollaşdırılır, amma Nərimanov olmasaydı da işğal baş tutacaqdı”
Onun fikrincə, YAP-ın qurulmasında keçmiş kommunistlər iştirak ediblər və onlar üçün Nərimanovun özəl yeri var: “Bizim isə mövqeyimiz ondan ibarətdir ki, tarixi şəxslərə tarixi kontekstdə qiymət vermək lazımdır. Nərimanova qiymət verəndə o dövrün siyasi konyukturasına baxmaq gərəkdir. Cümhuriyyət dəyərlərinin daşıyıcıları hesab edirlər ki, kaş Nərimanov AXC quruluşunda olaydı, belə bir siyasi xadim onlarla birlikdə fəaliyyət göstərəydi. Çünki onun cümhuriyyətçilərlə müəyyən əlaqələri, fikir mübadilələri olub, sadəcə, aralarında ideoloji fərq yaranıb.
Cümhuriyyətçi kəsimin Nərimanova münasibəti Rusiyanın Azərbaycanı işğalı ilə simvollaşdırılır.
Amma Nərimanov olmasaydı da bu işğal baş tutacaqdı. Necə ki, Gürcüstanda, Ukraynada bu işğal baş tutdu. Onların Nərimanovu yox idi. Bu, bolşeviklərin işğalı idi".
İqtidaryönlü “Yeni Azərbaycan” qəzetinin eks-baş redaktoru, sabiq deputat Alqış Həsənoğlu isə fərqli mövqe sərgiləyib.
O, facebookda yazıb ki, bəzən kimsə hakimiyyətə acıq verirmiş kimi, irəli gedib guya hədələyici bəyanatlar səsləndirir: “Bakının ən uca yerində Rəsulzadənin heykəli qoyulmalıdır”.Heç kim narahat olmasın. Bakının ən hündür yerində, paytaxtımızdakı inşa edilmiş ən nəhəng və nadir, siyasi təşəbbüskarlığı Heydər Əliyevə məxsus olan heykəltaraşlıq nümunəsi var. Bu, Nəriman Nərimanovun heykəlidir. Nə dəyişir? Nərimanovun heykəli mövcud siyasi ab-havaya nəyi diktə edə bilir ki..."

Alqış Həsənoğlu: “Heykəlin pyedestalının genişliyi ilə Nərimanovun tarixdəki yeri arasında bir ziddiyyət mövcuddur”
A.Həsənoğlunun fikrincə, abidənin pyedestalındakı genişlik heç kimin tarixdəki yerini dar eləmir: “Abidənin nəhəngliyi heç kimin tarixi-siyasi obrazına kölgə salmır. Əksinə, pyedestalının genişliyi ilə Nərimanovun tarixdəki yeri arasında bir tərs mütənasiblik, ziddiyyət mövcuddur.
Və nə yazıq ki, abidənin əzəməti və möhtəşəmliyi bu ziddiyyəti birmənalı olaraq Nəriman Nərimanovun xeyrinə həll etmək iqtidarında deyil".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”






