Müxalifətin yeganə silahı: etiraz - Elbəyi Həsənlinin yazısı
Afrika mənşəli amerikalıların vətəndaş hüquqları uğrunda qeyri-zorakı yolla mübarizənin önündə gedən Martin Lüter Kinq XX əsrə şəkil vermiş insan hüquqları müdafiəçisidir. O, milyonların qarşısında etdiyi çıxışların birində belə deyib: ”Bəli, biz silahlıyıq və bizim yeganə silahımız bizim etirazımızdır”. Məhz etirazla silahlanmış qaradərili Amerika möcüzələr yaratdı. 1960-cı illərdə Amerikada qaralar ağlarla avtobusda yan-yana oturmaq haqqına belə sahib deyildi. İndi isə Amerikanın prezidenti zəncidir.
Bu mənada YAP iqtidarı yorub əldən saldığı Azərbaycan müxalifətini tərk-silah edib. Yəni, müxalifətə iqtidardan narazı olan xalq kütlələrinin etirazını küçələrə kütləvi aksiyası formasında çıxarmağa imkan vermir. Ən yaxşı halda müxalifətə “Məhsul” stadionunu göstərirlər. Küçələr isə siyasi müstəvidə son dərəcə önəmli məsələdir. Belə ki, faşist Almaniyasını yönəldənlərdən bir olmuş Göbbels hələ 1926-cı ildə yazırdı ki, kim küçələrə hakim olsa, o da iqtidara gələcək.
Almaniya ilə bağlı daha bir məqam. Mixail Sergeyeviç Qorbaçov öz xatirələrində yazır ki, Fransa və İngiltərə Almaniyanın birləşməsini istəmirdi: “ Biz başa düşürdük ki, iki Almaniyanın birləşməsi qaçılmazdır. Güman edirdik ki, bunun üçün ən azı 30 il vaxt lazımdır”. Amma xalq ayağa qalxdı, küçələrə axışdı və cəmi 1 il sonra Almaniyanı ikiyə bölmüş Berlin divarları darmadağın edildi".
SSRİ mövcudluğunun son illərini yaşadığı dönəmdə yaranmış Xalq Cəbhəsi Azərbaycanda küçələrin tək sahibi idi. Kimi istəyirdi aşırırdı, kimi istəyirdi, iqtidara gətirirdi. Onda xalq dağ kimi öz Cəbhəsinin arxasında dayanmışdı.
İllər keçdikcə xalqı küçələrə çıxarmaq getdikcə çətinləşdi. İndiki vəziyyət daha pisdir. 2-3 min adamı bir araya gətirmək, hətta icazəli mitinqə çıxarmaq zor olur.
Bəziləri deyir ki, havalar çox isti keçir. Belə havada kütləvi aksiya məqsədəuyğun deyil. Ancaq eyni havada Ermənistanda bəyənmədiyimiz ermənilər meydanlardan çıxmırdı. Yəni, hava-yayda istidir, qışda soyuqdur-bəhanədir...
Məntiq onu deyir ki, vurğuladığımız mənada YAP-ın tərk-silah etdiyi müxalifət yenidən silahlanmalıdır. Bu iqtidarın qarşısında silahsız dayanmaqla nəyəsə nail olmaq mümkün deyil. Xalqın etirazını küçələrdə nümayiş etdirə bilməyən müxalifət nəyə ümid edir? Bəlkə Azərbaycanda seçki yolu ilə Milli Məclisə mandat əldə etmək mümkündür? Yeni çağ tariximiz bu ehtimalı ən radikal formada rədd edir. Deməli, yeganə yol xalqın etirazını silaha çevirməkdir. Bunu isə Azərbaycan müxalifəti heç cür bacarmır. Tez-tez mətbuatda oxuyuruq ki, AXCP sədri Əli Kərimli və ya Milli Şura sədri Cəmil Həsənli prezident İlham Əliyevdən tələb edir ki... Elə Müsavat başqanı Arif Hacılı da İlham Əliyevlə tələblə danışmağı xoşlayır. Ancaq bu tələblərin arxasında xalqın etiraz gücü yoxdur. Ona görə də belə tələblər çox vaxt gülüş doğurur. Ancaq “tələb edirik” deyən müxalifət küçə və meydanlarda insan selinin dalğalanmasını təmin edə bilsəydi onların çağırışına iqtidar daha həssas yanaşardı...
Xalqın isə bu iqtidardan narazı olması üçün səbəblər çoxdur. Məsələn, bütün ölkə monopoliyalara bölünüb. Düşünün ki, dünya bazarına neft çıxaran Azərbaycanda insanlara min cür qarışıqlarla yararsız hala salınmış yanacaq satılır. Maaşlar Qərb standartları baxımından qəpik-quruş səviyyəsindədir. Bütün sahələr rüşvət və korrupsiyanın içində can verir. Təbii ki, sıradan insanlar bu reallıqdan çox əziyyət çəkirlər. Nobel Sülh mükafatı laureatı Eli Vizel yazırdı ki, bəzən biz ədalətsizliyin qarşısını almaqda aciz oluruq, buna baxmayaraq heç vaxt ədalətsizliyə etirazımızdan yayına bilmərik. Ancaq Azərbaycanda insanlar ədalətsizliyə etirazdan çoxdan vaz keçiblər. Sanki insanların haqsızlığa müqavimət əmsalı heçə enib.
Amerikanın yerli tayfalarının təmsilçisi olan siyasətçi Nikki Haley deyirdi ki, bura Amerikadır. Burada insanlar istədikləri şeyə etiraz etmək haqqına sahibdir. Təəssüf ki, Azərbaycan xalqının belə bir hüququ yalnız Konstitusiya üzərində mövcuddur. Və xalq etirazının qarşısını almaq üçün iqtidar ən müasir siyasi texnologiyalardan məharətlə istifadə edir və istəyinə də nail olur. Azərbaycan müxalifətinin isə siyasi texnologiyalardan heç xəbəri yoxdur. Bizim müxalifət hazırda virtual müstəvidə öz varlığını qoruyub saxlayır. Və bu varlıq daha çox “Facebook”da söz sahibidir. Sizi bilmirəm, Qərblə hələ də rusca danışan Azərbaycan müxalifətindən elə bir şey gözləmirəm.
Seçkiyə isə cəmi 4 ay qalıb. Bəs nə vaxt müxalifət iqtidarı silkələyə biləcək kütləvi tədbirlərə başlayacaq? Ötən bələdiyyə seçkilərindən müxtəlif bəhanələrlə yayındınız. Yoxsa bu parlament seçkiləri də belə getdi...
Xəlil Rza Ulutürkün "Silahlan" şerini xatırlayırsızmı?
Onlar səni silahsız, savadsız görmək istər.
Sən nəğməylə, marş ilə, nümayişlə silahlan!






