İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətin vahid namizədi iqtidarın müzakirəsində

13774 24.06.2013 09:59 Gündəm A A
Gələn məhdud xəbərlər bu müzakirələrdə də yekdil qərarlar vermək mümkün olmadığı rəyini yaradır. Xüsusilə müzakirə masasında əsas söz sahiblərindən olan Paşayevlərin “İbrahimbəyovun ciddi tərəddüdləri olduğunu” və onunla bağlı sərt tədbirlərə ehtiyac olmadığını iddia etdikləri deyilir. Məlumatlar var ki, hakimiyyətdəki ikinci məşhur soyad İbrahimbəyovdan incikliklərini gizlətməsələr də, onun “Bakıya gələcəyim təqdirdə həbs oluna bilərəm” bəyanatlarından narahatlıqlarını bildiriblər. Rüstəm İbrahimbəyovu  müxalifət liderləri ilə müqayisə etməyin əleyhinə olan məlum tərəf  2005-ci ildə AMEA-nın sabiq prezidenti, akademik Eldar Salayevin həbsini xatırladıblar. (Biz də oxuculara xatırladaq ki, dövlət çevrilişi ittihamı ilə həbs edilən E.Salayevə görə hakimiyyət ciddi beynəlxalq qınaqla üzləşdi, dünyanın müxtəlif ölkələrindən yüzlərlə alim onun həbsinə etiraz etdi və iqtidar onu mühakiməsiz azadlığa buraxmağa məcbur oldu).
İddialara görə, qeyri-rəsmi toplantılara qatılanlar arasında iki maraqlı isim də olub: AZAL prezidenti Cahangir Əsgərov və xarici işlər naziri Elmar Məmmədyarov. Bu iki isim ayrı-ayrılıqda hakimiyyətin birinci şəxsinə çox yaxın olsa da, AZAL prezidenti ilə Paşayevləri bağlayan tellər daha möhkəmdir. Hələ bir müddət əvvəl də belə məlumat vardı ki, R.İbrahimbəyov bu ilin yanvarında Bakı aeroportunda saxlananda onun buraxılması üçün göstərişi məhz AZAL prezidenti məlum soyadın adından verib. Təsadüfi deyil ki, İbrahimbəyovu aeroportda AZAL-ın deyil, Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxlamışdılar. Jurnalistlərin hadisə ilə bağlı sorğusuna AZAL rəhbərliyinin qəzəbli açıqlaması əslində çox şey deyirdi: “Rüstəm İbrahimbəyov aeroportda problem yaşamayıb, onu sərhədçilər saxlayıb. Ona görə də Sərhəd Xidmətindən cavab versinlər. Bu, bizə aid məsələ deyil. Rüstəm İbrahimbəyovu onlar saxlayıb və deyiblər ki, tapşırıq yuxarıdan gəlib. Qoy onlar aydınlıq gətirsin ki, tapşırıq haradan gəlib...”
AZAL prezidenti ilə R.İbrahimbəyov yaxın dost deyillər, amma onların həmişə normal münasibətləri olub. Xəbəri verən mənbə AZAL prezidenti ilə söhbətin onun yaxın dostu, açıqlamaları ilə hakimiyyəti son vaxtlar xeyli qıcıqlandıran Abbas Abbasov haqda ola biləcəyini də ehtimal edir. Telman İsmayılovla (Abbas Abbasov Telman İsmayılovun AST şirkətində vitse-prezidentdir) yaxın dost olan C.Əsgərov, məlumatlara görə, bu təmasları nəzərəçarpacaq dərəcədə azaldıb.       
Xəbərin ən ilginc hissəsi E.Məmmədyorovla bağlıdır. Xəbərlərə görə, İbrahimbəyovun müxalifətə keçdiyi ilk günlərdən Məmmədyarov bu məsələyə, nədənsə, ciddi yanaşmayıb. Məmmədyarov çevrəsində olanlara deyib ki, İbrahimbəyovla yaş fərqləri olsa da, “onun cığallığını bilir”. “O əmindir və hakimiyyətdəkiləri də inandırmağa çalışır ki, İbrahimbəyovun prezidentliyə namizəd olmaq iddiası alınmayacaq”,-  deyə, mənbə bildirib. Onların arasının soyuq olduğu deyilsə də (İbrahimbəyov da son 3 ildə Məmmədyarovla danışmadığını deyib), uzun müddət çox yaxşı münasibətləri olub və İtaliyada səfir olduğu vaxt İbrahimbəyov bir neçə dəfə bu ölkədə əmisi qızının oğlu Məmmədyarovun qonağı olub.             
Bəs, İbrahimbəyovla bağlı hakimiyyətin son qərarı nə ola bilər? Bizi bilgiləndirən mənbə deyib ki, hakimiyyət gözləmə mövqeyi tutur: “İbrahimbəyovun qayıtmaması faktiki Milli Şuranın dağılması deməkdir və hakimiyyət bu prosesin sanki baş verəcəyini bilir...”
Maraqlıdır ki, ötən həftəsonu Brüsseldə olan prezident İlham Əliyev R.İbrahimbəyovu rahatlada biləcək bir bəyanat verib. Dövlət başçısı deyib ki, onun siyasi opponentlərindən heç kim həbsxanada deyil. Bu, həbs edilmək təhlükəsi olduğunu deyən Milli Şura sədrinə də Bakıya arxayın qayıtması üçün mesaj ola bilər. İndi qərar vermək daha çox İbrahimbəyovdan asılıdır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR