YAP-çı deputat Bəxtiyar Sadıqov müxalifətdə olan və indi proporsional seçki sistemi tələb edən qüvvələri hələ 1995-2000-ci illərdə keçirilən seçkilərdən tanıdıqlarını deyib. Onun sözlərinə görə, bu partiyaların (əsasən AXCP və Müsavat nəzərdə tutulur – E.S.) rəhbərlərinin işi Azərbaycan əleyhinə fəaliyyət göstərməkdən ibarət olub.
“Hərəsi bir dövlətin yanında otururdu ki, siz necə istəsəniz elə işləyəcəm, elə edin ki, Azərbaycanda iqtidara gəlim. Sən əgər güclü partiyasansa, xalqı inandıra bilirsənsə, parlamentə gəlməyi neynirsən, iqtidara gəl”, - deyə deputat vurğulayıb.
B.Sadıqov eyham vurub ki, bu gün də xarici fondlara, dairələrə bağlanan müxalif qüvvələr var və onlar ayrı-ayrı dövlətlərin diktəsi ilə hərəkət edir. Amma o, konkret adlar açıqlamayıb və hansı dövlətləri nəzərdə tutduğunu bildirməyib.

Müxalifətdə olan AĞ Partiyanın başqanı Tural Abbaslı deputatın iddiaları ilə bağlı Musavat.com-a açıqlamasında deputatın sözlərini klassik ittihamlardan biri adlandırdı. Onun fikrincə, hakimiyyət əsas problemləri diqqətdən yayındırmaq üçün gündəmə vaxtaşırı bu cür mövzular gətirə bilir: “Müxalifət geniş anlayışdır və iqtidarda olmayan bütün siyasi qüvvələr müxalif adlanır. Bu baxımdan hamısının yerinə cavab vermək çətindir. Lakin Bəxtiyar Sadıqovun əlində hansısa müxalif təşkilatın xarici dövlətlə əlaqəsi barədə fakt və ya informasiya varsa, onu hüquq-mühafizə orqanlarına təqdim etməyə çağırıram. Bu günə kimi elə bir fakt da olmayıb”.
T.Abbaslının sözlərinə görə, əksinə, iqtidaryönlü siyasətçilər hakimiyyət daxilində “5-ci kolon” un mövcudluğundan ara-sıra danışırlar: “Fəzail Ağamalının məlum açıqlamasını oxumaq kifayət edir. Ona görə Bəxtiyar müəllim narahat olmasın, müxalifətin harasa işləməsinin təsir mexanizmi yoxdur. Vay o gündən ki, iqtidardan kimlərsə xarici dövlətə işləməsi təhlükə yaratsın, çünki idarəetmə onların əlindədir”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu da B.Sadıqovun fikrini konkretləşdirməli olduğunu hesab edir: “Müxalif düşərgədə fərqli baxışlara malik təşkilatlar fəaliyyətdədir. Əgər mühacirətdə olan və virtualda iqtidarla bağlı kəskin tənqidlər səsləndirən qüvvələri nəzərdə tuturlarsa, açıq söyləsinlər, ad çəksinlər. Bizim partiyamız həmişə Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutub və ölkənin demokratikləşməsi üçün mübarizə aparıb”.
X.Teyyubluya görə, xarici dövlətə bağlı olan siyasi qrupları müəyyən etmək xüsusi xidmət orqanlarının işidir: “Bəxtiyar Sadıqovun sözündə ciddilik yoxdur. 1995-2000-ci illərdə keçirilən seçkilərə gəlincə, müxalifətin həmin dövrdə hansısa dövlətin maraqlarına xidmət göstərməsi barədə bircə fakt da yoxdur. Azərbaycanda həmin illər siyasi fəallıq yüksək səviyyədə idi, müxalifətlə iqtidar arasında rəqabət indikindən qat-qat artıq, güclü gedirdi. Bəxtiyar Sadıqov uğurlu çıxış etməyib”.
Emil Salamoğlu,
Musavat.com






