İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifəti restoranlara da buraxmırlar...

995 31.08.2013 09:53 Ölkə A A
Ancaq restoranlarda görüşməyə, şənlik keçirməyə, hər hansı tarixi bir təqvimin yubileyini qeyd etməyə də qoymurlar. Son olaraq Milli Şura liderlərinin diplomatik korpusların nümayəndələri ilə “Landmark” hotelində görüşünü nümunə göstərmək olar. 
Hotelin 9-cu mərtəbəsində yerləşən restoranda görüşən liderlər və diplomatlar getdikdən sonra buraya qonaqları ilə gəlmiş AZAL prezidenti Cahangir Əsgərov xidmət personalını danlayıb. Ki, niyə müxalifətçilərin restorana gəlişinə imkan yaradılıb. Və bu ilk belə hadisə deyil. Misal göstərmək üçün onlarla analogiyalar var.
Məsələn, Müsavat rəhbərliyinin vaxtilə “Oazis” restoranında şam etməsinə problem yaratmışdılar, “Lido” restoranı tanınmış müxaliflərin üzünə bağlı elan olunub. Bundan əlavə, “Niaqara” restoranı da Müsavat Partiyasının yubiley tədbirini qeyd etməsinə şərait yaratmamışdı. Partiya “Buta Palace”da qurultay keçirmək üçün müraciət edəndə müsbət cavab verilməmişdi. 
Həmçinin “Yeni Müsavat” qəzetinin “Avropa” hotelində yubiley tədbiri keçirmək arzusuna rədd cavabı verildi, “Azadlıq” qəzetinin “Qızıl Tac” şadlıq sarayında təşkil olunmuş şənliyində rüsvayçılıq baş verdi. Restoranda işıqlar söndürüldü, mübahisə yarandı, süni maneə yaradıldı, yığıncaq yarımçıq qaldı. 
Üstəlik, plazalar da icazəsiz müxaliflərin toplantısına yer ayırmır. “Park İNN”də bir neçə dəfə belə problem yaranıb. 
Bütün bunlar isə heç də lokal miqyasda məhdudlaşmır. Birbaşa siyasi hakimiyyətin sifarişi və təlimatları ilə tətbiq olunan qadağalardır. Hətta məsələni hüquqi müstəvidə həll etmək də faydasız olur. Məhkəmələrə müraciət olunsa da, iddialar təmin olunmur, sistemin bir vintciyi olan bu orqan sifarişli qərarlar çıxarır. 
Beləliklə, müxalifətin restoranlarda, şadlıq evlərində toplaşması da məhdudlaşıb. Tanınmış hüquqşünas Müzəffər Baxış qanunvericilikdə yer alan müddəalara istinad etməyə çağırır. Hüquqşünas vurğulayır ki, Azərbaycan vətəndaşının istədiyi yerə gedib-gəlmək hüququ var: “Yalnız o halda vətəndaşın azadlığı məhdudlaşdırılır ki, barəsində məhkəmə hökmü var və həmin şəxs artıq cəzaçəkmə müəssisəsində olmalıdır. Digər hallarda vətəndaş ölkəyə gedə, gələ bilər. Onun restorana, çayxanaya, teatra və başqa kütləvi tədbirlərə getmək azadlığı məhdudlaşdırılmır. Qanunda belə bir qadağa yoxdur”. 
M.Baxış Azərbaycan reallıqlarını nəzərə almağın tərəfdarıdır: “Ancaq Azərbaycanda siyasi hakimiyyət konkret şəxsə qeyri-rəsmi belə bir məhdudiyyət qoya bilir və bunu canla-başla həmin şəxslər icra edirlər. Onlar siyasi hakimiyyətin göstərişini yerinə yetirir və icra tələblərinə əməl edən şəxslərdir. Ona görə də göstərişin qanuni olub-olmadığı araşdırılmır”.
Müsahibimiz qeyd edir ki, belə vəziyyətlə üzləşən vətəndaşın məhkəməyə müraciət etmək haqqı var: “Vətəndaş bu halda ona dəyən maddi və mənəvi ziyan tələb edə bilər. Ancaq o da ayrı məsələdir ki, məhkəmə onun iddiasına baxacaqmı, ədalətli qərar çıxaracaqmı, bunu demək olmur. Çünki bir çox hallarda yerli məhkəmələr siyasi hakimiyyətin sifarişi ilə qərar çıxarırlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR