İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətdən sosial artımlarla bağlı prezident sərəncamlarına reaksiya

1512 20.06.2019 09:10 Gündəm A A

Prezident İlham Əliyev ölkə əhalisinin rifah halının gücləndirilməsi istiqamətində növbəti addım atıb. Belə ki, prezidentin iyunun 18-də imzaladığı 17 sərəncamla minimum əmək haqqı, həmçinin bir sıra dövlət qurumlarında çalışan şəxslərin əmək haqqında kəskin artım edilib.

Sərəncama əsasən sentyabrın 1-dən etibarən Azərbaycanda minimum aylıq əmək haqqı 180 manatdan 250 manata qaldırılıb. Xatırladaq ki, minimum əmək haqqı bu il martın 1-dən 130 manatdan 180 manata qaldırılmışdı. Həmin zaman artım birbaşa olaraq 600 minədək insanı əhatə edib.

Prezidentin imzaladığı sərəncamlarla Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Prezident yanında Elmin İnkişafı Fondunda çalışan rəhbər və digər işçilərin, həmçinin dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır.

Digər sərəncamlarla isə dövlət ümumi təhsil, həmçinin peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əmək haqqı sentyabrın 1-dən 20 faiz artırılacaq.

Əhalinin sosial rifahının artırılması istiqamətində atılan addımları ekspertlər müsbət qiymətləndiriblər. Müxalifət liderləri də bu sərəncamların sosial effektini etiraf ediblər.

İqbal Ağazadə ile ilgili görsel sonucu

İqbal Ağazadə: “Hökumətin vəzifəsidir ki, mütəmadi olaraq əhalinin qayğısına qalsın”

Ümid Partiyasının sədri  İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu artım pozitiv bir addımdır: “Hökumətin vəzifəsidir ki, mütəmadi olaraq əhalinin qayğısına qalsın və sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atsın. Azərbaycanda heç bir zaman qiymət artımına görə indeksləşmə olmayıb. Mən bunu indeksləşmə tədbirlərindən biri hesab edirəm. Bu artımlar daha çox indeksləşmə siyasətinə xidmət edir. Ancaq istənilən halda pozitiv bir addımdır. Hökumət mütəmadi olaraq sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində addımlar atmalıdır. Bu, hökumətin cari olaraq görəcəyi işlərdir, islahat deyil”.

AĞ Partiya sədri Tural Abbaslı ile ilgili görsel sonucu

Tural Abbaslı: “Fərmandan irəli gələn bəzi iqtisadi nüanslar var ki, onların nəzərə alınacağına inanırıq”

AĞ Partiya sədri Tural Abbaslı da əhalinin sosial təminatının yaxşılaşdırılmasına yönəldilmiş sərəncamı müsbət hesab edib: “Təbii ki, əhalinin sosial təminatının yaxşılaşdırılmasına yönəldilmiş istənilən addım, qərar  və sərəncamları biz alqışlayırıq. Müxalifətçilik hər şeydə tünd və qara rənglər axtarmaq demək deyil. Minimum əmək haqqı birdən-birə 70 manat qaldırılırsa, bunu alqışlamaq lazımdır.

Burada fərmandan irəli gələn bəzi iqtisadi nüanslar var ki, inanırıq ki, onlar nəzərə alınacaq. Əks halda, bu artım kampaniya xarakterli, təbliğat xarakterli hesab olunacaq. Çünki minimum əmək haqqının artırılması hələ məvacib alan hər kəskin əmək haqqının artması anlamına gəlmir. Ancaq bəzi hallarda pensiya və maaşların artırılmasına gətirə bilər. Ümid edirik ki, bu addımlar davamlı olar və hakimiyyət xalqla öz arasındakı münasibətləri düzəltmək üçün davamlı xalqın sosial təminatına yönəlik belə addımlar atar. Biz bu addımı alqışlayırıq".

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

Sərdar Cəlaloğlu: “Manat devalvasiyaya uğramayacaqsa, bu, vaxtında atılmış bir addımdır”

ADP sədri Sərdar Cəlaloğlu isə verilən qərarın  ictimai rəyə müsbət təsir edəcəyini istisna etməyib: “Əgər yaxın zamanlarda manat devalvasiyaya uğramayacaqsa, bu çox vaxtında və yerində atılmış bir addımdır. Həmçinin sosial gərginliyin azaldılmasına xidmət  edəcək və Azərbaycanda ictimai rəyi müəyyən mənada müsbət istiqamətdə dəyişəcək”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR