İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətdə sərt ritorika: güclənən qarşılıqlı ittihamların səbəbləri 

1015 17.11.2019 21:10 Siyasət A A

Əli Orucov: “Emosiyalarını cilovlamağı bacarmaq siyasətçi xüsusiyyətlərdən biri olmalıdır.”

Müxalifət düşərgəsində sərt ritorika son vaxtlar daha da güclənib. Maraqlıdır ki, düşərgə təmsilçiləri iqtidardan daha çox bir-birinə “saldırırlar”. Əvvəllər əsas hədəf rəqib düşərgə idisə, indi ünvan dəyişib. Özü də təhqirə, söyüşə, şər-böhtana artıq daha çox üstünlük verilir.
Bu günün dostları səhəri gün hansısa bir məsələdə fikir ayrılığı yaşayan kimi bir-birinə qarşı az qala düşməncəsinə davranır, bir-birilərini anındaca “xain” çıxarırlar. Satqın damğası vurmaq isə, müxalif camiə üçün adi məsələyə çevrilib.

Müxalifətin köklü təşkilatlarınan sayılan AMİP-in katibi Əli Orucov deyilənlərlə qismən razılaşır: “Hesab etmirəm ki, müxalifət sərt ritorikada və kəskin tonda danışır. Öncə müxalifət deyərkən, burda hamımı eyniləşdirmək olmaz. Hər bir siyasi partiyaya individual və spesifik yanaşmaq lazımdır. Partiya var, köhnəlikdən çıxa bilməyib, yaxud taktiki addımları dəyişməz qalıb və s. Cəmiyyətdə olduğu kimi, partiyalarda da fikir plüralizmi, sağlam tənqid və rəqabət olmayanda nəticə etibarı ilə sizin dediyiniz neqativ hallar doğurur. Mən inkar etmirəm ki, tənqiddən xoşlanmayalar, doğru sözə qılınc çəkənlər var. Amma bu kütləvi deyil. Təhqir və söyüş isə ümumiyyətlə olmaz. Bunu edənlər öncə öz şəxsiyyətlərinə, sonra isə cəmiyyətə hörmət qoymurlar. Sanki rəqibini aşağılamaqla, qeyri-etik üsul vasitələrlə sıradan çıxarmaq istəyənlər özlərini böyük göstərmiş olurlar. Guya belə ifadələr işlədəndə, sahibsiz küçə dilində danışanda daha radikal yaxud ötkəm görünürlər. Emosiyalarını, əsəblərini cilovlamağı bacarmaq siyasətçinin xarakterik xüsusiyyətlərdən biri olmalıdır. Bununla belə nəzərə alamlıyıq ki, müxalifətdə olan insanlar da hər şeydən əvvəl şəxsiyyətdirlər, insandırlar, onların da refleksləri var. Onların da təhqirə, söyüşə, yalana, iftiraya, böhtana cavab vermək, emosiyalarını sərgiləmək hallarının yaranması əslində normaldır. İllah da bu sadaladıqlarım davamlı olaraq illərdir ki, səngimir. Durduq yerdə müxalifətçi olmasın, başqa bir insan olsun niyə əsəbiləşsin, mənfi emosiyalara düşsün ki? Deməli, bunu yaradan səbəblər var. Bu səbəbləri də müxalifət yox, məhz iqtidar, onun yürütdüyü siyasət yaradıb. Müxalifətdaxili problemlərin sürməsindən hər zaman duyduğumuz üzüntünü dilə gətirmişik. Siz diqqət yetirsəniz özünüz bir daha görərsiniz ki, bu qarşıdurmanı, gərginliyi, etimadsızlığı yaradanlar kimlərdir, hansı müxalif siyasi qüvvələrdir, gücü və təlimatları kimlərdən alırlar. Etiraf edim ki, bu gün həmin qüvvələr güclüdür, əllərində təzyiq və təsir vasitələri, media qurumları, müəyyən resursları var. Siyasətə əxlaq norması, mədəniyyət, mənəvi dəyərlərin təzahürü kimi baxan siyasi partiyalar bacara bilmirlər. Həm də ona görə ki, abrına-həyasına bükülüb, “o qanmır mən qanım” prinsipini əsas götürənlərin səsi bu qarma-qarışıqda, səs-küydə eşidilmir. Oğrular, həyasızlar daha ucadan bağırıb-qışqırırlar. Məhz bunun nəticəsidir ki, vətəndaşlarımız siyasətə, siyasi proseslərə qoşulmayaraq sakit guşə axtarırlar. Ruhlarına və əsəblərinə ac-susuz, torpaqsız, hətta vətənsiz qalsalar da dincilik tapacaqları ümidi ilə bir küncə sıxılıblar. Uzun illərdir bəzi müxalifət partiyaları “ana müxalifət”, “ əsil müxalifət”, “əsas güc mərkəzi” və bu kimi adlar uğrunda bir-birlərinə qarşı savaşmaqdadır. Amma hələ də anlamaq istəmirlər ki, kimin hansı nominasiya iddialığı xalqın, millətin vecinə deyil. Belə xırda, bəsit düşüncədə olan siyasi qüvvələrin arxasınca təbii ki, xalq getməz. Və kənardan da müşahidə edəndə açıq görünür ki, bu müxalif siyasi qüvvələrin hakimiyyətə gəlməyə, demokratiyanı bərqərar etməyə, Azərbaycana gün ağlamağa niyyətləri və həvəsləri yoxdur. Azərbaycan seçicisinin 70-80 faizi siyasiləşməyib və siyasi proseslərdə demək olar ki, yoxdur. Bu böyüklükdə azman bir potensialı siyasi mübarizəyə və siyasi proseslərə cəlb etmək əvəzinə bir-birlərinin məhdud və yaşlaşmış elektoratına sahiblənmək üçün hər vasitəyə əl atırlar”.

AMİP katibi bu proseslərin yeni olmadığını da söylədi: “Təhqir indi başlamayıb, təhqirin, söyüşün, qeyri-standart ifadələrin işlədilməsi yeni deyil. Bunlar qarışıqlı olub və qarşılıqlı reaksiyalar doğurub. AMİP yürütdüyü siyasət və yanaşma həmişə əxlaq və etik normalara, milli-mənəvi dəyərlərə söykənib. Əksər hallarda bizə qarşı tərbiyəsizlik edənlərə əhəmiyyət verməmişik. Lakin lazımı məqamlarda sərt şəkildə cavablarını da alıblar. Azərbaycan kimi natamam demokratik ölkələrdə müxalifətin uğur qazanması heç də asan deyil. Çünki uğura gedən sivil imkanlar məhdud olur. Bu uğurlar adətən seçkilərdə qazanılır və üzə çıxır. Müxalifətin qalib gəldiyi məqamlar çox olub. Lakin bu qalibiyyətin legitimləşdirilməsinə və qanuniləşdirilməsinə imkan verilməyib. Əgər bərabər rəqabət və mübarizə şəraiti yaradılsa, müxalif siyasi düşərgə bu günün özündə də ən yüksək uğurlara imza atmaq qüdrətindədir. Baxmayaraq ki, pərakəndədir, daxili problemlər məngənəsindədir, hətta bu hali ilə də bugünkü iqtidar üzərində qalib gəlmək gücündədir. Müxalifətin indiki duruma düşməsinin düşərgənin guya uğursuzluqlar zolağından çıxa bilməməsi ilə əlaqəsi yoxdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR