İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət Şəhidlər Xiyabanına pərakəndə gedə bilər

733 16.01.2014 08:23 Ölkə A A
*  *  *
Fərq sadəcə müxalif təşkilatların Şəhidlər Xiyabanını ziyarət formatındadır. Ötən il Müsavat və AXCP İctimai Palata tərkibində 20 Yanvar şəhidlərinin məzarını ziyarət etmişdisə, bu il iki partiya arasında birlik telləri qopub. Belə ki, 20 Yanvar faciəsinin ildönümü ərəfəsində Müsavatla AXCP arasında qırğın gedir. Halbuki bu iki partiya daima ən azı ümummilli tədbirlərdə bir yerdə olub. Bəs bu il necə olacaq?


Müsavat Partiyası Mərkəzi İcra Aparatı rəhbəri Arif Hacılı “Yeni Müsavat”a məlumat verdi ki, partiyanın artıq qərarı var: “Müsavat 20 yanvar günü saat 13:00-da Şəhidlər Xiyabanını ziyarət edəcək və üzvlərə bu haqda tapşırıq verilib. Ancaq digər təşkilatların 20 Yanvarla bağlı verdiyi qərardan xəbərsizəm”. AXCP rəhbərliyindən tədbirlə bağlı məlumat almaq mümkün olmadı. 



KXCP sədrinin müavini Xəzər Teyyublu partiyanın Milli Azadlıq Hərəkatı üzvləri və Qarabağ qaziləri ilə birlikdə gedəcəyini açıqladı. Milli Şuranın Sədr Aparatının üzvü Yeganə Hacıyeva isə dedi ki, qurumun yanvar ayı ilə bağlı tədbirlər paketi var. Bu siyahıda 20 Yanvar tədbiri də yer alır. Onun sözlərinə görə, bu gün keçiriləcək sessiyada tədbirlər paketi müzakirə olunacaq və qərar veriləcək. 

*  *  *
Bəs dövlət səviyyəsində hansı hazırlıqlar görüləcək? Əvvəla, yanvarın 20-də bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. Bu barədə "Trend"ə Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov deyib. 


V.Əsədov bildirib ki, 20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar saat 08:00-dan mərasim qurtaranadək bu ərazilərdə hərəkət məhdudlaşdırılacaq.

Parlament prospekti boyunca avtomobillərin parklanmasına yol verilməyəcəyindən Dövlət Yol Polisi İdarəsi xahiş edir ki, sürücülər bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər. İctimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Bakı Metropoliteni 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar həmin gün xüsusi iş rejimində işləyəcək. Bu barədə salamnews-a Bakı Metropoliten İdarəsindən məlumat verilib. 

“Azərbaycan Dəmir Yolları” QSC də Tədbirlər Planı hazırlayıb. QSC-dən daxil olan məlumata görə, Tədbirlər Planına əsasən, Abşeron şəhərətrafı zonada 20 yanvarda saat 6:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək. 

Yanvarın 20-si saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər. Bundan başqa, cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək. 

Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR