İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət qalib olsa, Şuşa Bəyannaməsi ləğv ediləcək? - Ərdoğan nöqtəni qoydu

2281 04.03.2023 08:37 Siyasət A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də elədiyi çıxışı zamanı ölkədə prezident və parlament seçkilərinin tarixinin dəyişdirilməyəcəyini söyləyib. Seçkilər mayın 14-də baş tutacaq. Həmin zamana az bir vaxt qalmasına rəğmən isə müxalifət hələ də əsas namizədini elan etməyib.

Deyəsən belə bir namizəd ümumiyyətlə, olmayacaq. Çünki “Altılı masa” faktiki dağılmış sayıla bilər.

“Dünən (srağagün - red.) ”Altılı masa"nın iclasında 5 müxalif partiya prezidentliyə vahid namizəd kimi CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləyib. Biz bunu dəstəkləmədik".

Bu sözləri “İYİ Partiya”nın sədri Meral Akşener keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, “Altılı masa”da şəxsi mənafelər Türkiyə maraqlarından üstün tutulub.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsamettin İnanc deyib ki, müxalifət hazırda Avropa İttifaqı ilə paralel hərəkət edir və Kılıçdaroğlunun dili ilə desək, seçkilərdə qələbə qazanacaqları təqdirdə Ərdoğanın siyasətini yüz səksən dərəcədə dəyişəcəklər: “Yəni bu gün Azərbaycan-Türkiyə münasibətləri tarixinin ən uğurlu dönəmini yaşayırsa, müxalifətin seçkilərdə qələbə qazanmasından sonra münasibətlər ən aşağı səviyyəyə düşəcək. Mümkündür ki, Qarabağ məsələsində də CHP Avropa İttifaqının maraqlarını daha vacib görüb Şuşa Bəyannaməsini ləğv etsin. Çünki Qərb Ərdoğanın Qarabağ siyasətini dəstəkləmir. Müxalifət seçkilərdə qalib gələrsə, Türkiyə soyuq müharibə illərində olduğu kimi təsirsiz, ABŞ maraqlarına xidmət edən bir ölkə olacaq".

Xatırladaq ki, Şuşa Bəyannaməsini Türkiyə və Azərbaycan parlamentləri ratifikasiya edib. Bu o deməkdir ki, söhbət artıq hansısa niyyət sənədindən yox, hakimiyyətdə kimin olmasından asılı olmayaraq dövlətin öz üzərinə götürdüyü konkret öhdəliklərdən gedir. Onun ləğvi də yalnız Türkiyə parlamentində mümkün ola bilər - əgər müxalifət orada üstünlük qazanarsa. O zaman sadə səs çoxluğu, yoxsa konstitusion çoxluq (2/3) tələb olunacaq? Ümumiyyətlə, indiki müxalifət buna gedərmi?

Partiya sədri: “Fransanın sədrliyinin Aİ-Azərbaycan münasibətlərinə heç bir  təhlükəsi yoxdur”

Qulamhüseyn Əlibəyli: “Şuşa Bəyannaməsi birtərəfli şəkildə pozulmayacaq”

Aydınlar Partiyasının sədri, sabiq deputat Qulamhüseyn Əlibəyli yaranan suallara “Yeni Müsavat”da belə cavab verdi: “Şuşa Bəyannaməsi beynəlxalq müqavilədir. Artıq hər iki ölkənin parlamentində ratifikasiya olunub. Amma prinsip etibarı ilə beynəlxalq müqavilələrin qüvvədən düşməsi, yəni birtərəfli qaydada qüvvədən salınması qaydaları mümkündür. Bu müvafiq dövlətin parlamentinin qərarı ilə olur. Adətən beynəlxalq müqavilələrin təsdiq olunması yaxud da qüvvədən salınması məsələsi iştirak edənlərin sadə səs çoxluğu ilə, və yaxud da müəyyən səs çoxluğu, yəni parlament üzvlərinin sayının 50%-dən çoxunun rəyi ilə həll olunmuş olur. Türkiyə Böyük Millət Məclisində bu məsələnin hansı səs çoxluğu ilə qəbul olunması hələ mənə məlum deyil. Amma maraqlananlar təbii ki, onların qanunvericiliyinə baxsalar görəcəklər”.

Partiya sədri seçki şanslarına da toxundu: “Bütövlükdə Türkiyədə prezident seçkilərində müxalifətin qalib gəlmə şansı çox zəifdir. Baxmayaraq ki, hazırda Amerika, Avropa İttifaqı və ya daxildə olan bir sıra qüvvələr Ərdoğana qarşı yaranmış situasiyadan istifadə etmək istəyirlər. Baş verən təbii fəlakəti nəzərdə tuturam. Amma hər halda müxalifətin təmsil olunduğu ”Altılı masa"dan namizəd kimi irəli sürüləcək heç bir iddiaçını Ərdoğan qarşısında şanslı görmürəm. Amma hər halda birmənalı şəkildə fikir söyləmək də doğru olmazdı. Şuşa Bəyannaməsi ilə bağlı onu da deyim ki, müxalifət parlament və prezident seçkilərində qalib gəlsə belə birtərəfli qaydada bu müqavilənin qüvvədən salınması o qədər də inandırıcı görünmür. Çünki iki dövlət arasındakı münasibətlər nə qədər soyuq olsa belə, hər halda Şuşa Bəyannaməsi birtərəfli şəkildə pozulmayacaq. Çünki təkcə Qarabağ məsələsini deyil, iki qardaş ölkə arasındakı münasibətləri əhatə edir. Bəyannamənin qüvvədən salınması cəhdləri ola bilər. Amma inanmıram ki, parlamentdə bu, üstünlük qazanmış olsun".

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Əsabəli Mustafayev: “Azərbaycana münasibətdə siyasətdə böyük dəyişikliklər olmayacaq”

Tanınmış hüquqşünas Əsabəli Mustafayev bu məsələdə rahatdır: “Mənə elə gəlir ki, Türkiyədə bundan sonra hakimiyyətdə kim olursa olsun, Azərbaycana münasibətdə siyasətdə böyük dəyişikliklər olmayacaq. Ona görə ki, bilirsiniz ki, parlamenti də, prezidenti də seçən xalqdır. Əhalinin səsi ilə Cümhurbaşqanı müəyyənləşir. Yəni səsi verən beynəlxalq qurumlar, Avropa İttifaqı, Avropa Şurası, Amerika və s. deyil. Türkiyə əhalisi arasında da ölkəmizə münasibətdə bir can qardaşına olan münasibət var. Hökumət də əhalidə olan o münasibət hesabına öz xarici siyasətini formalaşdırır, o cümlədən Azərbaycanla bağlı. Ona görə də inanmıram ki, yeni seçilmiş parlament yaxud prezident əhalinin bu fikrini nəzərə almasın, hansısa beynəlxalq qurumların və ya təşkilatların rəyini nəzərə alaraq hərəkət etsin. Bəli, hər bir dövlət çalışır ki, həmin qurumlarla, yəni Avropa Şurası, Avropa İttifaqı ilə yaxşı dostluq münasibətləri olsun. Hakimiyyətdə qalmaq üçün hər bir prezidentə əhalinin səsi lazımdır. Bir daha deyirəm ki, kimin seçilməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan münasibətləri, Türkiyənin Azərbaycana münasibəti olduğu kimi davam edəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR