Parlament seçkiləri də nəzərə alınaraq 2015-ci ilin siyasi baxımdan aktiv il olacağı proqnozları səslənməkdədir. Lakin müxalifət funksionerlərin bu illə bağlı müəyyən gözləntiləri olsa da, bir sıra məsələlərin həllini tapacağına da onlar inanmırlar.
Müsavat Partiyasının başqan müavini Elman Fəttah proporsional seçki məsələsinin partiyanın siyasətinin əsas tərkib hissəsi olduğunu dedi: “Müsavat Partiyasının 2015-ci ilin fəaliyyət planında öndə tutulmalı və uğrunda mübarizə aparılmalı əsas məsələlərdən bir də proporsional seçkinin bərpasıdır. Amma hakimiyyətin belə bir mütərəqqi addıma gedəcəyini düşünmürük. Amma biz yenə də mübarizəmizi davam etdirəcəyik. Nə zaman hakimiyyət bunun qaçılmaz olduğunu dərk edəcəksə, o zaman da Azərbaycan bu sistemə qayıdacaq”.

Ümid Partiyasının sədri İqbal Ağazadə bütün işlərini seçki istiqamətində quracaqlarını dedi: “Bilirsiniz ki, seçki ilidir. Biz də çalışacağıq ki, bu istiqamətdə həm müxalifətin ümumi vəziyyəti, həm seçicinin aktivliyi, həm partiyamızın namizədlərinin seçkidə qalib gəlməsi üçün demokratik şəraitin yaradılması və seçki məcəlləsinə dəyişikliklər edilməsi istiqamətində bütün gücümüzü ortaya qoyacağıq. Bu zaman içərisində də müəyyən nailiyyətlərə imza ata biləcəyik. Proporsional seçki sisteminin isə bu il bərpa olunacağına inanmıram”.

ADP sədri Sərdar Cəlaloğlu hakimiyyətin siyasi islahatlara proporsional seçkini bərpa etməkdən başlamalı olduğunu dedi: “Azərbaycan iqtidarı əgər Azərbaycanda siyasi islahatlar həyata keçirmək istəyirsə öncə bu sistemi bərpa eləməlidir. Bu gün istər Avropa ölkələrinin istərsə də, keçmiş SSRİ məkanlarının əksəriyyəti proporsional seçki sisteminə keçib. Məsələn, Rusiya. Azərbaycanın sıx əməkdaşlıq etdiyi bir çox ölkələrdə isə qarışıq seçki sistemidir. Yəni Azərbaycan bu gün Türkiyə ilə strateji müttəfiqdirsə, Avropaya inteqrasiya edirsə, Rusiya ilə siyasi münasibətlərini yüksək səviyyədə saxlamaq istəyirsə, ən azı bu dostlarının, tərəf müqabillərinin siyasi həyatı ilə modifikasiya olunmalıdır. Əks halda, ölkədə siyasi inkişaf mümkün olmayacaq. Bu da son nəticədə iqtisadi inkişafı çox ciddi təhlükəyə atacaq”.
Günel MANAFLI