Razi Nurullayev:“Bu bizim məhvimiz deməkdir”
Tural Abbaslı: “İnqilab yolunu məqbul sayanlar bəhanə kimi hakimiyyətin antidemokratikliyini göstərsələr də, səbəb qətiyyən bu deyil”
Azərbaycanda ənənəvi müxalifət partiyalarının bir çox təmsilçiləri ölkədə hakimiyyət dəyişikliyinin seçki yolu ilə mümkün olmadığını vaxtaşırı bəyan edirlər. Seçki komissiyalarında hakimiyyətin üstün mövqedə olduğunu və digər səbəbləri arqument kimi qeyd edən həmin müxalifətçilər inqilabdan başqa yol qalmadığını da bəyan etməkdən çəkinmirlər. Onlarda hakimiyyətə gəlməyin yolunun seçkilərdən deyil, inqilabi prosesdən keçdiyi fikri, istəyi daha güclüdür və siyasətlərini də məhz bu cür qurduqları müşahidə edilir. Maraqlıdır, həmin müxalif qüvvələr nədən hakimiyyətə seçki yolu ilə gəlməkdən çox, inqilabi yolla gəlməyə üstünlük verirlər? Bu yolla hakimiyyətə gəlmək mümkünmü?
Yeni AXCP-nin sədri Razi Nurullayev bildirdi ki, nə qədər gec olur-olsun, nə qədər ağrılı olur-olsun, Azərbaycanda hakimiyyət dəyişikliyi qanunlar və konstitusiya çərçivəsində olmalıdır. Bu da seçkilər yolu ilə mümkündür: “Digər yolları zərərli və Azərbaycanın dövlət kimi məhv olması kimi qiymətləndirirəm. Demək ki, var gücümüzlə azad və demokratik seçki mühiti, şəffaf seçki nəticəsi üçün çalışmalıyıq. İnqilabla gələn dəyişikliklər xeyirdən çox fəlakət, xaos, dağıdıcılıq və qarşısı alına bilməyən fəlakət gətirir. Allah Azərbaycanı inqilablardan qorusun. Çünki bu bizim məhvimiz, ölkənin vətəndaş müharibəsinə sürüklənməsi, minlərlə insanın güllələnməsi, bütün maraqlı qüvvələrin Azərbaycanı bölüşdürməsi deməkdir. İnqilablar Azərbaycanda separatizmin baş qaldırması və ölkə hüdudlarında qondarma respublikaların yaradılması anlamına gəlir. İnqilablar Dağlıq-Qarabağ münaqişəsinin Ermənistanın xeyrinə həll olunması deməkdir. O ki qaldı inqilaba üstünlük verənlərə, onlar xalqın qəzəbinin və fırtınasının fürsətçiliyi ilə hakimiyyəti ələ keçirmək istəyənlər və dövləti yerlə-yeksan etmək arzusunda olanlardır. Bismarkın adına çıxılan bir sitat yerinə düşür. İnqilabı dahilər düşünür, fanatlar həyata keçirir, əclaflar isə xeyrini görür. Allah məmləkətimizi bu bəlalardan qorusun”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, hakimiyyətə gəlməyi inqilabda görmək cəhdləri uzun illərdir davam edir. İnqilab yolunu məqbul sayanlar bəhanə kimi hakimiyyətin antidemokratikliyini göstərsələr də səbəb qətiyyən bu deyil: “Çünki 24 illik bir müxalifətçilik tarixinə nəzər salsaq görərik ki, siyasi reallığın bu gündə olmasının ən azı 50% günahı da elə müxalifətin öz bacarıqsızlığında, iş bilməzliyində və yeniliyə qapalı olmasındadır.

Bütün bu illər ərzində yürüdülən yanlış və uğursuz siyasət sayəsində ənənəvi müxalifət xalqın onlara olan bütün inam və etimadını itirib. Xalq illərdir bunları görməkdən yorulub və artıq onların yanında dayanmır. Odur ki, bunlar artıq hansısa forsmajor hadisələrə ümid edirlər. Ancaq unutmaq lazım deyil ki, hətta hansısa siyasi forsmajor halda belə xalq onların ardınca getməyəcək. Həmişə dediyimiz fikri bir daha təkrarlamaq istəyirəm ki, xalq hakimiyyəti dəstəkləmir, ancaq 24 illik uğursuz müxalifətə də inanmır və etimad etmir. Mən bu hakimiyyətə nə seçki yolu, nə də inqilabi yolla qalib gəlməyin inandırıcı olmadığını düşünürəm. Çünki Azərbaycanda artıq illərdir ki, ədalətli seçki keçirilmir və bunun üçün ədalətli hüquqi baza da yoxdur. İnqilabla dəyişikliklərə gəldikdə isə heç kəsə sirr deyil ki, bu rəngli inqilablar daha çox xarici qüvvələrin maliyyəsi və dəstəyi ilə həyata keçirilir. Onlar isə indiki məqamda bu hakimiyyəti müxalifətə dəyişməzlər. Uzağı hakimiyyətdən daha çox güzəşt əldə etmək üçün müxalifətin əli ilə şantaj siyasəti yürüdərlər. Azərbaycanda hakimiyyətə gəlməyin yeganə yolu xalqla işləyib, onunla səmimi olmaq və öz yanına almaqdan keçir. Biz AĞ Partiya olaraq nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyi hədəfləyən siyasi qüvvə deyilik. Bizim üçün Azərbaycanın siyasi, iqtisadi müstəqilliyi və milli, mənəvi, dini dəyərlər də vazkeçilməzdir. Müasir dünyada isə kənardan dəstəkli inqilablar baş vermiş dövlətlərin aqibətləri hamımıza bəllidir. Biz milli maraqlara sadiq müxalif partiyayıq və bu sona qədər də belə qalacaq”.
Etibar SEYİDAĞA
Musavat.com






