İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət niyə Dünya Azərbaycanlılarının qurultayına gəlmədi...

893 07.06.2016 07:25 Siyasət A A
Ötən həftə Bakıda baş tutan Dünya Azərbaycanlılarının IV Qurultayında dünyanın 49 ölkəsindən gəlmiş 500-dən çox diaspor nümayəndəsi və qonaqlar iştirak etdi. İndiki həssas dönəmdə mühüm əhəmiyyət kəsb edən iki günlük tədbirdə səslənən təkliflər, çıxışlar, çağırışlar diqqət çəkdi, geniş fikir mübadilələri oldu. 

Xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvlərinin də qatıldığı tədbirdə Azərbaycandakı ictimai-siyasi təşkilatların nümayəndələri də iştirak edirdi. Belə ki, xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılıb. Ancaq ölkə müxalifətinin təmsilçilərinin ali tədbirdə gözə görünməməsi suallar doğurdu. Çünki qurultayda əsas müzakirə mövzularından biri Qarabağın azad olunması naminə bütün istiqamətlərdə aktiv iş aparılması, informasiya məkanında uğurların əldə edilməsi və s. mövzular idi. Azərbaycan müxalifətinin isə mövqeyi bundan ibarətdir ki, Qarabağ məsələsində iqtidar-müxalifət söhbəti yoxdur və üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır. Üstəlik, müxalifətin xaricdə də üzvləri, tərəfdaşları var ki, onların da potensialından istifadə olunması ümumi işin xeyrinədir. Hər halda, dünyada yaşayan 50 milyonluq azərbaycanlıdan söhbət gedərkən iqtidar-müxalifət fərqi qoyulmur, bunu elə qurultayda iştirak edən bəzi rəsmi şəxslər də dilə gətirdilər. Bəs müxalifət niyə tədbirdə iştirak etməyib? 



Müsavat Partiyasının Divan üzvü İkram İsrafil “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi: “Müsavat Partiyasının qurultaya rəsmi dəvət alıb-almadığı ilə bağlı məlumatım yoxdur. Görünür ki, dəvət olmayıb. Müsavat Partiyası hər zaman ölkəmiz üçün əhəmiyyətli olan hər bir tədbirdə iştiraka önəm verib”.

KXCP sədrinin müavini Xəzər Teyyublu  da dəvət almadıqlarını vurğuladı: “Ümumiyyətlə, inkişaf etmiş dövlətlərdə adi prosedur qaydadır ki, istər iqtidar, istərsə də müxalifət keçirdikləri dövlət əhəmiyyətli tədbirlərdə dəvət olunur və çalışılır ki, birgə iştirak təmin olunsun. Azərbaycanda hər şey tərsinədir. Müxalifətə dəvət gəlsəydi, məncə, iştirakları baş tutardı. Çünki dünya azərbaycanlıları siyasəti tək iqtidarla məhdudlaşa bilməz. Ölkəmiz müharibə vəziyyətindədir, hər an dövlət müstəqilliyimizə düşmən qüvvələr tərəfindən təhdidlər ola bilər. Xaricdə yaşayan soydaşlarımızın və diaspor təşkilatlarının üzərinə böyük işlər düşür. Onlar ən azı erməni təbliğatının qarşısını almalı və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdır”. 

X.Teyyublu qeyd etdi ki, bu iş sistemli olmalıdır: “Ölkəmizin hüdudlarından kənarda görün nə qədər potensial qüvvələrimiz mövcuddur. Lakin bizim diaspor təşkilatlarımız onlara ”müxalif" deyib onlarla mübarizə aparır, bu, yolverilməzdir. Belə olmasaydı, yüksək səviyyədə keçirilən tədbirdə yalnız YAP və hakimiyyətə yaxın partiyalar olmazdı. Mən hesab edirəm ki, bu sahədə çoxlu boşluqlar, cəmiyyətdə narazılıq var və xaricdə yaşayan diaspora təşkilatlari ilə yeni qaydada iş təlimatları hazırlanmalıdır".

Səslənən tənqidi fikirlərlə bağlı isə Diasporla İş üzrə Dövlət Komitəsindən yalnız bunu bildirdilər: “Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri qurultayda iştirak ediblər”.

Cavid TURAN


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR