İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət işığın qiymətinin artmasına qarşı aksiya keçirməyəcək

1155 16.07.2016 08:05 Ölkə A A
Tarif Şurasının 14 iyul tarixli iclasında elektrik enerjisinin qiymətində  artım edildi. Cəmiyyətin bütün sferalarında bu qərar geniş müzakirələrə səbəb olub və sosial şəbəkələrdə yazılanlardan görünür ki, qərara sərt etirazlar var.

Qeyd edək ki, sonuncu dəfə elektrik enerjisinin qiymətində artım 2007-ci ilin yanvar ayında edilib. Həmin qərardan sonra ölkə müxalifəti etiraz aksiyası təşkil etsə də, xalq onların mitinqinə gəlmədi. Yüzlərlə müxalifətçidən başqa aksiyada kimsə iştirak etməmişdi. Hazırda demokratik düşərgənin böhran keçirdiyi bir dönəmdə bu tipli aksiyaların olub-olmayacağı, xalqın onların mitinqinə qatılıb-qatılmayacağı suallar doğurur. Məsələnin görünən tərəfi odur ki, xalq müxalifətə inanmadığı üçün istənilən qiymət artımında ümid yeri demokratik düşərgə olmur.

Ümid Partiyasının sədri İqbal Ağazadə aksiyalar barədə müzakirələrin aparılmasının vacibliyini vurğuladı: “Bu gün  aksiyaları siyasi partiyalar keçirmir, sadəcə vətəndaşlara müraciət edir. Xalqın əhval-ruhiyyəsini, proseslərə yanaşmasını öyrənir. Siyasi partiyaların təşkilatlanmasından çox şey asılı olur. Hesab etmirəm ki, bu gün siyasi partiyalar aksiyaları təşkil etməyə, təşkilatlandırıcı funksiyaları öz üzərinə götürməyə əvvəlki illər qədər hazırdır. Bunu siyasi qurumlarla məsləhətləşmək lazımdır. Bunu uzun müddət müzakirə edib, vətəndaşlarla təmasa girib qərar vermək lazımdır. Düşünmürəm ki, bu gün aksiya keçirib, istənilən nəticəni ala bilərik. Təşkilatlanmanı fərqli şəkildə həyata keçirməliyik”.

AĞ Partiyanın başqanı Tural Abbaslı hesab edir ki, 9 il öncə qiymətlər artırılanda müxalifət indikindən daha güclü vəziyyətdə idi: “O zaman müxalifət ən azından parçalanmamışdı, xalq arasında nüfuzu bir o qədər düşməmişdi. Amma yenə də xalqın mitinqlərdə iştirakı xeyli dərəcədə zəif olmuşdu. İnanmıram ki, müxalifət indiki vəziyyətdə qiymət artımı ilə bağlı aksiya keçirsə, xalq ona dəstək verəcək, kütləvilik olacaq. Qiymət artımını iqtisadi addımdan daha çox siyasi addım kimi qiymətləndirirəm. 1 qəpik artım əslində siyasi gedişdir. Cəmiyyətə mesaj verilir ki, biz zəif deyilik, istədiyimiz qərarı xalqı nəzərə almadan verə bilərik. Həmçinin iqtisadi böhrandan zəifləmədiyini hökumət göstərmək istəyir. Hazırda bu artımdan istifadə edib, meydanlara çıxıb, aktivlik yaradacaq gücdə olan siyasi qüvvə görmürəm. Azərbaycanın siyasi mühitində bu mümkün deyil. Normal dövlətlərdə bəlkə mümkün ola bilərdi. Hansısa bir siyasi qurumun bu məsuliyyətin altına girə biləcəyini də zənn etmirəm. Çünki müxalifət əvvəlcədən uğursuzluq yaşayacağını bilməmiş deyil. Əslində aksiyalar olmalıdır, amma cəmiyyəti silkələyəcəyinə inanmıram”.

Müsavat başqanının müavini Yadigar Sadıqov aksiyaların olacağını istisna etmir: “Müxalifət deyəndə ki, o zaman yalnız Müsavat Partiyası etiraz aksiyalar təşkil etmişdi. Bu dəfə də, etiraz yəqin ki olacaq. Lakin hansı şəkildə, demək çətindir. Bəyanat da ola bilər, aksiya da. Müzakirə edəcəyik, vəziyyəti dəyərləndirəcəyik. Burada seçimi əslində biz etmirik. Əsas xalqın etiraza nə qədər hazır olmasıdır. 9 il öncə olduğu kimi əsasən, partiya üzvlərinin iştirak edəcəyi aksiyalar olacaqsa, effektli olmur. Xalq öz taleyinə sahib çıxmalı, bu idarəçiliyə etiraz etməlidir. Biz müsavatçıların da bu etirazların önündə getməyimizdə, məsuliyyət daşımağımızda heç bir problem yoxdur”.

Cavanşir ABBASLI


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR