İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət düşərgəsi siyasi məhbuslara verilən ağır cəzalara niyə susdu? - Cavablar bu yazıda

800 25.08.2015 00:50 Ölkə A A


Avqust ayı məşhur siyasi məhbuslara hökm oxunması ilə yadda qaldı. Ayın 13-də Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus 8 il yarım, həyat yoldaşı Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edildi. Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın isə, məhkəməsi yekunlaşmaq üzrədir. Prokuror ona 9 il iş istəyib.

Oxunan ağır hökmlərdə bir nüans diqqəti çəkdi. Ölkə müxalifəti hakimlərin bu cür amansız hökmləri qarşısında  susqun göründü. Yalnız etiraz bəyanatları verməklə işlərini bitmiş hesab etdilər. Amma əvvəllər siyasi məhbuslara hökm oxunanda demokratik düşərgə məhkəmələr önündə aksiyalar təşkil edərdi. Sonuncu dəfə belə bir hadisə 2014-cü il mayın 6-da yaşanmışdı. Ağır Cinayətlər Məhkəməsində NİDA-çılara oxunan hökmə yüzlərlə insan etiraz etdi. Hətta bu zaman onlarla iştirakçı həbs edildi. Bəziləri barəsində inzibati cəzalar tətbiq olundu. Lakin bütün dünya bildi ki, cəmiyyətin müəyyən kəsimi bu həbslərə etiraz edir.  
İndi isə daxili didişmələr xaric, müxalifət düşərgəsində heç bir fəaliyyət yoxdur. Bunun səbəbi nədir? 

Müsavat başqanının müavini Elman Fəttah isə hökmlərə bağlı müxalifətin susqun mövqe göstərmədiyini iddia edir: “Yunusların məhkəməsində Müsavat Partiyası aktiv iştirak etdi. Onlara verilən hökmlərlə bağlı etiraz bəyanatımızı verərək, mövqeyimizi bildirmişik. Hətta Leyla xanıma verilmiş hökmü “ölüm hökmü”nə bərabər qələmə vermişik. Xədicə İsmayılın məhkəməsini izləyirik. Onunla bağlı mövqeyimiz açıq şəkildə olacaq. Biz hazırkı məhkəmələri 30-cu illərin məhkəmələrinə bənzədirik. Heç bir araşdırma aparılmadan sürətlə həmin insanlara ağır cəzalar verirlər”.

Başqan müavini gələcəkdə aksiyaların keçirilə biləcəyini də vurğuladı: “Avqustun 25-də saat 16:00-da Müsavat Partiyası mərkəzi qərargahında siyasi məhbuslar mövzusunda dəyirmi masa keçiriləcək. Yenidən bu məsələləri gündəmə gətirəcəyik. Hakimiyyət onları azad etməkdə maraqlı görünmür. Beynəlxalq təşkilatlarla danışıqlarımız bu mövzuda davam edir. Fəaliyyətimiz ardıcıl şəkildədir. Siyasi məhbuslar bizim üçün ən vacib məsələdir”.
“Azadlıq-2015” seçki blokuna daxil olan partiyalardan KXCP sədri Mirmahmud Mirəlioğlu verilən hökmlərlə bağlı aksiya keçirməyi düşünmədiklərini qeyd etdi: “Burada məsələnin kökündə başqa amillər var. Onu bildirmək istəmirəm. Əvvəllər adını qeyd etdiyiniz şəxslərin arxasında adamlar var idi. Ona görə də, aksiyalar keçirilirdi. Hesab edirəm ki, hazırkı məhkəmə qərarları nə qədər absurd olsa da, cəmiyyətin onlara reaksiyası bəllidir. Bəyanatlardan o tərəfə bir iş görmək mümkün deyil. Ona görə də, bəyanatlar verilir. Elə məsələlər də olur ki, heç bəyanatlar da verilmir. Adını çəkdiyiniz-çəkmədiyiniz elə şəxslər var idi ki, onların barəsində həbs qərarı çıxarılanda, onlar təhqir olunanda KXCP-dən başqa heç bir partiya onları müdafiə etmədi. Hətta bizi bəzi siyasilər qınadılar. Guya ki, onların müdafiələrinə ehtiyacları yoxdur. Məsələləri fərdi şəkildə qoymaq lazımdır. Müqayisəli şəkildə qoyanda vəziyyət bir az da bərbad olar”.

Cavanşir ABBASLI, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR