- İrəvana Sosialist İnternasionalının baş katibi Luis Ayala tərəfindən dəvət olunmuşdum. Orada Sosinternin tədbiri keçirilirdi. ASDP Sosinternin üzvü olduğu üçün Azərbaycan da tədbirə dəvət olunmuşdu. ASDP həmsədri Ayaz Mütəllibovun gediş-gəlişi problemi olduğu üçün, digər həmsədr Araz Əlizadə isə səhhəti ilə bağlı gedə bilmədiyindən İrəvana sədr müavini kimi mən getdim. Tədbirdə Qafqazda münaqişələrin həlli yolları mövzusunda müzakirələr aparıldı.
- Orada məruzə ilə çıxış etmisinizmi? Çıxış etmisinizsə, türk millətini aşağılayan fikirlər səsləndirmisinizmi?
- Tək mən yox, hər ölkədən gələn nümayəndələr məruzə etdi, jurnalistlərin suallarına cavab verdi. Məruzə üçün ən çox vaxt mənə ayrılmışdı - 20 dəqiqə. Sonra vaxtı 40 dəqiqəyədək artırdılar. Başqa nümayəndələrə isə 10 dəqiqə vaxt ayrılmışdı. Qarabağ münaqişəsində tərəflərdən biri Azərbaycan olduğu üçün mənə ətraflı danışmaq üçün digərlərindən çox zaman ayrıldı. Azərbaycandan gələn şəxsin İrəvanda Qarabağ münaqişəsi haqda çıxışı bütün iştirakçılar üçün maraqlı idi. Qarabağ problemi, münaqişənin həllini necə gördüyümüz haqda ətraflı çıxış etdim. ASDP-nin mövqeyini çatdırdım. Bu mövqe isə Azərbaycanın dövlət və milli maraqlarına tam uyğundur. Məruzəmdə hətta türk milləti ifadəsini belə işlətməmişəm. Daşnaksütyun Partiyasının nümayəndəsi dedi ki, Qarabağ ermənilərinin bir millət kimi öz müqəddəratını təyinetmə hüququ var. Ermənilərin bu tipli hər çıxışından fikirlərimi bildirməyim üçün mənə söz verilirdi. Daşnaksütyunun nümayəndəsinə dedim ki, erməni milləti bir dəfə öz müqəddəratını havadarlarının köməyi ilə XX əsrin əvvəlində həll edib. Azərbaycanın tarixi torpağı olan İrəvanı da Ermənistan adlı dövlət yaradaraq paytaxt edibsiniz. Odur ki, Azərbaycan öz tarixi ərazilərində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək, bu hüququ Azərbaycana beynəlxalq konvensiyalar da verir. Bu zaman erməni jurnalistlərdən biri mənə sual verdi ki, bir millət öz müqəddəratını bir dəfə təyin edirsə, niyə türklər Türkiyə və Azərbaycan dövlətini yaradıb. Bu suala cavabımda onları başa salmağa çalışdım ki, biz türk deyilik, azərbaycanlıyıq. Dedim, mənim millətim azərbaycanlıdır və mən fəxr edirəm ki, azərbaycanlıyam. Dedim, türkdilli dövlətlər çoxdur, onlardan biri də Azərbaycandır. Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan da türkdilli ölkələrdir. Lakin onlara sual verəndə ki millətin nədir, “türkmən”, “qazax, ”özbək", “qırğız” deyirlər. Yəni onlar türkdilli olduqları üçün demirlər ki, türkük. Azərbaycan dili də türk mənşəlidir, lakin millət kimi adımız azərbaycanlıdır. Bu fikirlərimin hamısı videoçəkilişdə var, istəsəniz diski sizə təqdim edə bilərəm. Görəcəksiniz ki, indi necə deyirəmsə, orada da eyni ifadələri səsləndirmişəm. Bu fikirlərdə türk millətini aşağılayan, təhqir edən nəsə var? Qətiyyən.
- Ermənilərin bu fikirlərinizə reaksiyası necə oldu?
- Heç bir fikir bildirmədilər. Yalnız İsveçrə nümayəndəsi dedi ki, bəli, azərbaycanlılar azərbaycanlıdır, türklər isə türk.
- Fikirlərinizdə məntiqsizlik olduğunu görmürsünüz? Məgər bilmirsiniz ki, ölkənin adının sonuna “lı” şəkilçisini artıranda millətin adını yox, bu şəxsin həmin ölkədən olduğunu ifadə edir? Azərbaycan vətəndaşı olan ləzgiyə, kürdə, talışa, hətta erməniyə də xaricdə sual verilərkən təbii olaraq cavab verir ki, azərbaycanlıdır, yəni Azərbaycandandır. Məgər bilmirsiniz ki, “azərbaycanlı” adında millət ifadəsini sovet imperiyası bizə soykökümüzü unutmağımız üçün sırımağa çalışıb? Bizi hətta düşmənlərimiz - ermənilər də tarix boyu “türk” deyə çağırıb və çağırırlar. Siz isə millətin adını danıb “azərbaycanlıyam” deyirsiniz. Azərbaycanda yaşayan azsaylı millətlər də azərbaycanlıdırlar, yəni Azərbaycandandır. İzah edə bilərsinizmi “azərbaycanlı” adlandırdığınız millətin kökü, mənşəyi nədir?
- Mən həm də tarixçiyəm. Azərbaycan dövlət kimi az müddətdə yaşayıb. Lakin Azərbaycan dili həmişə olub. Hətta Azərbaycan ərazilərində çoxlu sayda xanlıqlar mövcud olanda da onların hamısının dili eyni olub və onlar hamısı özlərini azərbaycanlı adlandırıb. “lı” şəkilçisinin ölkənin adına əlavə olunmasının millətin adını yox, haralı olduğunu ifadə etməsi haqda dediyinizə gəlincə, nəzərə alın ki, əvvəl millət və dil olub, sonra dövlət yaranıb, o zaman azərbaycanlı sözünün millətin adını ifadə etməsi daha məntiqli görünür. Bəli, bizim vətəndaşlarımız olan talışlar, ləzgilər və digər azsaylı millətlər özlərini “azərbaycanlıyam” deyə təqdim edir. Lakin xaricdə olarkən. Yəni onlardan soruşanda ki haralısan, “azərbaycanlıyam” deyə cavab verirlər. Onlar hansı ölkədən olduqlarını deyir, milliyyətlərinin azərbaycanlı olduğunu yox. Biz həm millət olaraq azərbaycanlıyıq, həm də vətəndaş olaraq. Yəni Azərbaycandanıq. Məkanı göstərmək başqadır, millətin adını göstərmək başqa. Mən Ukraynada anadan olsaydım, deyərdim ki, ukraynalıyam, lakin millətim azərbaycanlıdır. Məkanı bildirən azərbaycanlı ifadəsi ilə milləti bildirən azərbaycanlı ifadəsinin eyni yazılması və səslənməsi məsələsinə isə filoloqlar daha yaxşı aydınlıq gətirə bilər.
Düşmənlərimiz isə bizi ona görə türk adlandırır ki, azərbaycanlı adlanan millətin adı tamamilə yox olsun. Bizim adımızın silinməsi üçün əsrlərdir düşmənlərimiz bizə adımızla müraciət etmir. Dilimizə gəlincə, ən təmiz türk dili elə Azərbaycan dilidir. Bunun bu gün türk alimləri də etiraf edir.
- Türkiyəni Azərbaycana qardaş hesab edirsiniz?
- Bəli. Böyük qardaş yox, qardaş hesab edirəm.
- İşğalçı ölkədə sosial-iqtisadi vəziyyətin ağır olduğu haqda deyilənlər doğrudurmu?
- Ermənistana Gürcüstanın Sadaxlı ərazisindən keçib getdim. Sadaxlıdan İrəvana qədər 228 kilometrdir. Məni müşayiət edən ermənilərə sual etdim ki, yol kənarlarında sovetdən qalmış uçuq, köhnə binalar, işləməyən müəssisələri niyə ya təmir etmirsiniz, ya da sökmürsünüz. Ermənistana gələn qonaqda belə rəy yaranır ki, xarabalığa gedir. Ermənilər mənə cavab verdi ki, sökməyə pulumuz yoxdur. Yəni bunların hətta uçmaq üzrə olan binaları sökməyə də pulu yoxdur. Şəhərin ən mərkəzi küçələrində hələ də bizim üçün çoxdan tarixə çevrilmiş “RAF”, “alabaş” adlı avtobuslar işləyir. Onlara dedim ki, siz Azərbaycanın hətta ən ucqar kəndlərində belə istifadə edilməyən nəqliyyat vasitələrindən istifadə edirsiniz. Deyirdilər ki, müasir avtobuslar almağa pul yoxdur. Əhalinin rifahı da eyni durumdadır.
- Təhlükəsizliyinizlə bağlı tədbirlər görülmüşdümü? Sadə insanlarla ünsiyyət qura bilirdinizmi?
- Luis Ayala vəziyyəti nəzərə alaraq mənim mühafizəçilərlə təmin etdirmişdi. Bir neçə erməni mənim mühafizəmə ayrılmışdı. Getdiyim günün səhərisi saat 9-da mühafizəçilərdən yalnız biri otelə gəlmişdi. O biriləri gecikmişdi. Fürsətdən istifadə edib təkbaşına küçəyə çıxdım. Bir qədər gəzdim. Küçədən keçən bir kişiyə şəklimi çəkməyimi rusca xahiş etdim. Erməni dilində bilmədiyimi gördüyündən haradan olduğumu soruşdu. Dedim azərbaycanlıyam. Elə bildim təəccüblənəcək. Lakin adi qarşıladı. Dedim ki, niyə azərbaycanlının burada olmasından təəccüblənmədiniz. Cavab verdi ki, qeyri-adi heç nə yoxdur. Gürcüstanda yaşayan azərbaycanlılar o qədər İrəvana gedib-gəlir ki, hamı öyrəşib. Bildirdi ki, hətta Türkiyə ilə Ermənistan futbol komandaları İrəvanda qarşılaşanda Gürcüstandan 150 azərbaycanlı yarışa baxmağa gəlib. Dedim Gürcüstanın yox, Azərbaycanın vətəndaşıyam, Bakıdan gəlmişəm. Bu zaman kişi ətrafa və mənə təəccüblə baxdı, “xoş gəlmisiniz, mən də Bakıdanam” deyib dərhal uzaqlaşdı. Hiss etdim ki, İrəvanın ortasında Bakıdan gələn azərbaycanlı ilə söhbət etdiyini kimlərinsə görəcəyindən ehtiyatlandı. O, məndən yox, özününkülərdən qorxdu.
- Bəs düşmən ölkənin paytaxtına gedərkən qorxmadınız?
- Nə Ermənistan, nə Azərbaycandan, nə də hər iki ölkənin sadə əhalisindən qorxmurdum. Yeganə qorxduğum Azərbaycanda jurnalistlər idi ki, nə gəldi yazacaqlar. Qorxmağımda da haqlı imişəm. Bakıya qayıtdığım 3-4 gündə hansısa rəsmi dövlət qurumu, xüsusi xidmət orqanı bir dəfə də olsun məndən səfərim haqda nəsə soruşmayıb. Heç gedəndə də maraqlanmayıblar.
- Bu, elə də yaxşı hal deyil. Bəlkə İrəvandan təlimat alıb burada hansısa hadisəni həyata keçirə bilərsiniz...
- Hər halda sorğu-sual olmasa da müvafiq qurumlar heç də nəzarətsiz buraxmırlar.






