İnsanlara hürriyət, millətlərə istiqlal!

Mütəllibovun imtiyazlarının geri alınmasına çağırışa dəstək gəldi

6274 12.12.2016 08:05 Siyasət A A

VİP sədri Əli Əliyevin Ayaz Mütəllibovun eks-prezident statusunun ləğv olunması üçün ölkə prezidentinə ünvanladığı müraciət ciddi əks-səda verib. Əli Əliyevin çağırışına hakimiyyətyönlü və müxalif partiyalardan dəstək gəlib.


Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, prezidentə Mütəllibovla bağlı edilən müraciət kifayət qədər arqumentlidir: “Ayaz Mütəllibova eks-prezident statusunun şamil edilməsinə qarşı ardıcıl çıxış edən insanlardan biri mən olmuşam. Sona qədər də bu mövqeyimdə qalmışam. Ayaz Mütəllibov SSRİ zamanında - Azərbaycanın müstəqillik əldə etməsindən əvvəl sovet sisteminə uyğun olaraq Mərkəzi Komitənin birinci katibi seçilib. Sonra isə Mixail Qorbaçovun yaratdığı sistemə uyğun olaraq prezident olub. Bütün sovet respublikalarında bu cür idi. Ayaz Mütəllibov əgər müstəqillik dövründə prezident seçilsəydi, onun eks-prezident statusu məntiqli olardı. Bəziləri guya belə əsaslandırmağa çalışırlar ki, Mütəllibov Azərbaycanın Müstəqilliyi haqında Konstitusiya Aktına imza atıb, ona görə status verilməlidir. Bu, kifayət qədər əsaslı arqument deyil, sözügedən Konstitusiya Aktının qəbul edildiyi dövrdə ölkənin rəhbəri o idi və o da həmin sənədi imzalamalı idi. Özü də heç də xoşluqla imzalamayıb. Mütəllibov Azərbaycanın müstəqilliyinə qarşı idi, saxta referendum da keçirmişdi buna görə. Təəssüf ki, Mütəllibov tarixdə baş vermiş hadisələri özünün məntiqinə uyğun olaraq, ciddi konyukturalara yol verərək həmin dövrlərdəki fəaliyyətinə haqq qazandırmağa çalışır. Bir dəfə də olsun o, öz səhvini etiraf eləməyib, Xocalı faciəsinə görə, torpaqlarımızın işğalına görə prezident kimi yol verdiyi səhvləri heç vaxt etiraf eləməyib. Özündən başqa hər kəsi günahkar elan edir bu adam. Mütəllibov hakimiyyətdə olanda xalqın etimadını tamamilə itirmiş bir adam idi. İstefa verəndən sonra getdi oturdu Moskvada. O, Moskvanın bir nömrəli adamı idi və bu gün də Moskvanın adamıdır. Görünən kəndə nə bələdçi?”

Image result for Fəzail Ağamalı

F.Ağamalı onu da bildirdi ki, A.Mütəllibovun Moskvada yaşadığı dövr daha pis əməlləri ilə yadda qalıb: “Bir neçə il öncə ona eks-prezident statusu verilənə qədər o, Moskvada qaldı. Ayaz Mütəllibov Moskvada yaşadığı dövrdə ulu öndər Heydər Əliyevə qarşı bir neçə dəfə sui-qəsd planlarının hazırlanmasında iştirak elədi. Belə bir adamın Azərbaycanın istiqlalı ilə, dövlət müstəqilliyi ilə hər hansı bağlılığı yoxdur. Əli Əliyevin prezidentə müraciətini oxudum. Kifayət qədər əsaslı müraciətdir. Ayaz Mütəllibovun eks-prezident statusundan məhrum edilməsi üçün hüquqi mexanizm yaradılmalıdır. Gələcəkdə belə bir hüquqi mexanizmin işlənib hazırlanmasına ola bilsin ehtiyac olacaq. Mütəllibov eks-prezidentlərə qanunun verdiyi toxunulmazlıq hüququndan sui-istifadə edir. Tez-tez nə gəldi danışması həm də bununla bağlıdır. Dövlət Sosial Müdafiə Fondunun Milli Məclisdə son hesabatında bəlli oldu ki, Ayaz Mütəllibovun təhlükəsizliyinə xidmət eləyən insanların, sürücüsünün əmək haqqını artırmaq üçün 46 min dollara yaxın büdcədən əlavə olunub. Niyə?! Dünyada gedən maliyyə-iqtisadi böhranının içində olduğumuz vaxtda Mütəllibova bir neçə cangüdənin xidmət etməsinə nə ehtiyac var?! Kimin nə işi var onunla axı, qoca kişidir oturub evində arvadı ilə nəvələri ilə həyatını sürsün. Mütəllibovun özünə ölkə prezidentinin maaşının yarısı qədər pensiya verilir. Əlavə olaraq da prezident təqaüdünün 20 faizi qədər də Azərbaycanı təmsilçilik hüququna görə verilir. Guya o hardasa gedib Azərbaycanı təmsil edir. Heç təmsil etməyib, amma həmin pulu da alır. Görünür ki, Azərbaycan hakimiyyətində Ayaz Mütəllibovun dayaqları var. O dayaqların hesabına güzəştlər əldə edir və ağzına gələni danışır. Ona demək lazımdır ki, heç olmasa sus. Susa bilmirsə, ictimai qınağa gəlməlidir. Bütün media orqanları vasitəsilə o susdurulmalıdır ki, Azərbaycan xalqının milli heysiyyatı ilə oynamasın, şəhidlərin ruhunu təhqir eləməsin. Jurnalistlər də onu boykot eləsinlər, ona suallar ünvanlamasınlar. Prezident vətəndaş həmrəyliyini əsas götürərək Ayaz Mütəllibovu yaşının ahıl vaxtında Vətənə buraxdı. Mütəllibov isə gələndən sonra susmaq əvəzinə, vaxtaşırı mediada ağzına gələni danışır. Onun danışmağa haqqı yoxdur”.     

Image result for ADP sədri Sərdar Cəlaloğlu

ADP sədri Sərdar Cəlaloğlu da qeyd etdi ki, Mütəllibovun eks-prezident statusundan məhrum edilməsi üçün kifayət qədər əsas var: “Heydər Əliyevin dövründə Milli Məclisdə 20 yanvar faciəsi ilə bağlı qəbul edilən sənəddə Ayaz Mütəllibovun adı daxili günahkarlar sırasında birinci idi. Bakıya rus qoşunlarının gətirilməsi, yerləşdirilməsi, qırğının baş verməsi, bir sıra rayonlarımızın işğalında da Mütəllibovun rolu hər zaman qeyd olunub. Onun adı konkret cinayət işlərində əsas günahkar kimi yazılıb. "QKÇP"ni ilk müdafiə eləyən də Mütəllibov olub. Ayaz Mütəllibov rus vassalı olduğunu, Rusiyanın adamı olduğunu həmişə ortaya qoyub. Sadəcə olaraq bir neçə il öncə Azərbaycan hökuməti onun Azərbaycana gəlib yaşamasına razılıq verməli olub. Haqqında cinayət işi olan bir adam indi eks-prezident statusunun qoruması altında vaxtilə hakimiyyətdə olduğu dövrdəki siyasətini, düşüncələrini davam elətdirir. Bütün bunlara görə də Əli Əliyevin çağırışı düzgündür”.   

Image result for Xəzər Teyyublu

KXCP sədrinin müavini Xəzər Teyyublu da Mütəllibovla bağlı çağırışın əsaslı olduğunu bildirdi: “Ayaz Mütəllibov hakimiyyətə SSRİ zamanında gətirilmiş adamdır. O, bütün hakimiyyəti dövründə ölkəmizin müstəqilliyi əleyhinə idi və prosesləri əngəlləyirdi. AXC və onun üzvlərini tutur təzyiqlər edirdi. Hətta Elçibəyə belə, AXC qərargahında fiziki təzyiq və zor tətbiq etdirmişdi. Buna baxmayaraq xalqımızın istiqlala sevgisi və bu yolda mübarizə aparanlara dəstəyi Mütəllibov hakimiyyətinin zorakı siyasətini qırdı və xalqa tabe oldular. Ümumiyyətlə, Ayaz Mütəllibov Sovet Azərbaycanının əvvəlcə parlamentdə seçilmiş prezidenti, sonra isə xalqın çoxluğun iştirak etmədiyi seçkidə (8 sentyabr 1991) prezident postuna əyləşib. O zaman isə hələ müstəqillik əldə edilməmişdi. Mütəllibovun eks-prezident statusuna layiq olmadığını bu fakt da ortaya qoyur. Müstəqil Azərbaycanın ilk prezidenti Əbülfəz Elçibəy hesab olunmalıdır. Ayaz Niyazoviç də başa düşməlidir ki, onun müstəqilliyimizin bərpa prosesində xidməti ancaq mənfi olub”.

Xatırladaq ki, Ə.Əliyev Mütəllibovun açıqlama və yazılarında dövlət müstəqilliyimiz əleyhinə fikirlər işlətdiyini əsas göstərib. 

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR