İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mütəllibov namizədliyini irəli sürsə, onu dəstəkləmərəm”

2259 01.07.2013 09:34 Siyasət A A

- Hacı, siyasətə qayıdışınız nə ilə bağlıdır?

- Bəli, mən siyasətə qayıtmağa qərar verdim. Bunun da bir səbəbi var. Sadəcə olaraq ölkədə cərəyan edən proseslərin gedişatı, xarici və daxili amillər məni siyasətə qayıtmağa məcbur etdi.

- Konkret olaraq hansı xarici-daxili amilləri, hadisələri nəzərdə tutursunuz?

- Bu gün şəryönlü qüvvələr Azərbaycanı, bölgəmizi təhlükəyə atmaq istəyir. Son zamanlar müstəqil ölkəmizə qarşı təhdidlər daha da artıb. Azərbaycanın yenidən hansısa ölkənin müstəmləkəsi olması ilə bağlı yaranmış təhlükə məni siyasətə qayıtmağa vadar etdi.

- Burada söhbət Rusiya təhlükəsindən gedir?

- Rusiya təhlükəsi təbii ki, lap başdadır. Ancaq eyni zamanda başqa ölkələr də yavaş-yavaş Azərbaycanı öz cənginə almaq, hörümçək kimi özlərinin toruna keçirtmək istəyir.

- Bəs, İran təhlükəsi necə, sizi narahat edirmi?

- Yox. İrana görə narahat deyiləm. Düzdür, bəzən Cənubi Azərbaycan məsələsi ilə əlaqədar narahatçılıqlar ortaya çıxır. Ancaq inşallah bu məsələ İranla münasibətlərdə problem yaratmaz. Cənubdakı məsələlərin həllinin də öz yolları, təhəri var.

- Prezident seçkilərində namizədinizin olacağını bildiribsiniz. Ola bilərmi ki, şəxsən seçkiyə qatılıb ortaya iddia qoyasınız?

- Yox. Özüm namizəd olmaq niyyətində deyiləm. Amma bizim içərimizdə yoldaşlar var ki, prezidentliyə namizəd olmağa layiqdirlər. Hələlik ad çəkməyə lüzum yoxdur.

- Artıq bəzi partiyalarla saziş imzalamağa başlayıbsınız. Əməkdaşlıq edəcəyiniz təşkilatlar arasında daha hansılar var?

- İnşallah gələn həftə(bu həftə-red) şahidi olacaqsınız. Bir neçə partiya ilə əməkdaşlıq haqqında saziş bağlayacağıq.

- Milli Şura ilə əməkdaşlıq məsələsi də fəaliyyət proqramınıza daxildirmi?

- Hələlik, konkret fikir bildirə bilmərəm. Gələcəkdə əməkdaşlıq istisna deyil.

- Bəs, özünüz Milli Şuraya üzv olmaq istərdinizmi?

- Yox. Mən özümü Milli Şurada görmürəm. Çünki bu Milli Şura o Milli Şura deyil. Bu, səmimi Milli Şura olsaydı, nə vardı ki... Orda bir-birinə səmimi münasibətdə olmayan adamlar, partiyalar təmsil olunub.

- Hər halda ortada birlik formatı var. Bəlkə içəridəki mühitdən xəbərsizsiniz deyə, belə danışırsınız...

- Yox, xəbərim var. Özü də çox gözəl xəbərim var. Məhəmməd Füzuli deyir ki, “Yaxşı görünür surəti məhvəşlərin, amma yaxşı nəzər etdikdə, sərəncamı yamandır...” İndi burda da yaxşı görsənir, amma...

- Ayaz Mütəllibovla münasibətləriniz nə yerdədir?

- Mütəllibovla bizim siyasi bağlantımız yoxdur. Gələndən bir-iki dəfə elə-belə görüşümüz olub.

- Ayaz müəllimi 75 yaşı münasibətilə təbrik etdinizmi?

- Yox, təbrik etmədim.

- Deməli, sizin də aranızda səmimi münasibət yoxdur...

- Hə, o dərəcədə yoxdur.

- Ayaz Mütəllibovun prezidentliyə namizəd olması, sizin də onu dəstəkləməyiniz mümkündürmü?

- Onun namizədliyini irəli sürüb-sürməməsi barədə bir söz deyə bilmərəm. Amma mən inanmıram ki, o, namizədliyini verə bilə, yaxud verə. Əgər namizədliyini irəli sürmüş olsa belə, mən onu dəstəkləmərəm.

- Səbəbi nədir?

- Vaxtilə dəstəkləyib nəticəsini görmüşük.

- Siz builki seçkilərdə kimin, hansı düşərgənin qalib olacağını güman edirsiniz?

- Hələ namizədlər tam bəlli deyil. Adlar bəlli olsun, onların şansını dəyərləndirərik. İndidən bir söz demək olmaz.

- Hakim düşərgə öz namizədinin qələbəsini təmin etmiş kimi görünür. Siz də belə hesab edirsinizmi?

- Xeyr. Hələ bilmək olmaz. Ola bilər ki, bu dəfə hakimiyyətə başqa bir adam gəlsin.

- Çox müraciətlərdə ölkədə vəziyyətin olduqca təhlükəli olduğu deyilir və təcili addımlar atmağa çağırışlar səslənir. Siz bu ərəfədə hakimiyyətə nə təklif etmək istərdiniz?

- Addımların atılması daha gecdir. Artıq seçkilər başlayıb. Addımlar bu vaxta qədər atılmalı idi. Ancaq ümidvarıq ki, yeni seçilən prezident bir çox addımları atacaq. Vəziyyəti hamınız yaxşı bilirsiniz, xalqın vəziyyəti ağırdır.

- Yeni prezident Rüstəm İbrahimbəyov ola bilərmi?

- Rüstəm İbrahimbəyov yaxşı sənətkar, rejissordur. Həyatda hər şey ola bilər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR