İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müstəqillik Günü haqqında” qanun layihəsi ilk oxunuşdan keçdi - maraqlı təkliflər

838 12.10.2021 09:10 Ölkə A A

Deputatlar 18 oktyabrın qeyri-iş günü elan olunmasını istədilər

Oktyabrın 11-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirildi. Parlament sədri Sahibə Qafarova əvvəlcə deputatları Milli Məclisin nümayəndə heyətinin Slovakiyaya səfəri barədə məlumatlandırdı.

“Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə əməkdaşlığa əhəmiyyət verir”, deyən sədr qeyd etdi ki, Slovakiyaya səfər çərçivəsində Ermənistanın təxribatları barədə bu ölkənin rəsmilərinə geniş məlumat verib: “Orada Slovakiya parlamentində qəbul olunan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin və 1 aprel 2021-ci ildə qəbul olunan ”Dağlıq Qarabağ haqqında" adlı qərarın təəssüf doğurduğunu və qəbuledilməz olduğunu bildirdim. Ümidvar olduğumu bildirdim ki, Slovakiya parlamenti də Xocalı soyqırımını tanımağa görə prosedurlara başlayacaq".

Deputat Hikmət Məmmədov parlament diplomatiyasının gündən-günə inkişaf etdirilməsini məmnunluqla ifadə etdi. Daha sonra o, müzakirəyə çıxarılacaq qanun layihəsindən danışarkən bildirdi ki, 28 Mayın Müstəqillik Günü, 18 oktyabrın Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması tamamilə məntiqlidir. Deputat qanun layihəsinin kifayət qədər əsaslandırıldığını vurğuladı.

Deputat Rəşad Mahmudov bildirdi ki, bir universitet tələbəsi  COVİD pasportu və əks-göstəriş sənədi təqdim edə bilmədiyinə görə hətta tələbə hüququndan imtina edib. “Biz hamilə qadınlara, uşaq əmizdirən anaları peyvənd olunmağa məcbur edə bilmərik. Ali təhsil müəssisələri onlar hətta peyvənd olunmasalar belə, onlara təhsil almaq imkanı yaratmalıdırlar”, deputat əlavə etdi.

Deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxış edərkən paytaxt yollarındakı vəziyyətdən danışdı. “Bakının tıxac problemi artıq fəlakətli vəziyyətdədir. Bu gün deputatlar da, məktəbə uşaq aparan valideynlər də əziyyət çəkirlər. Şəhərdə yolların əksəriyyəti istehkamlara bənzəyir”, deyə, deputat bildirdi. “Müvafiq qurumlar açıqlasınlar ki, bir ay, ya bir il sonra tıxac probleminin aradan qaldırılması üçün nə etmək istəyirlər? Cəmiyyətə doğru-dürüst məlumat verilməlidir”, deputat əlavə etdi.

Deputat Aqil Abbas bildirdi ki, Prezident sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunsa da, Şuşanın mədəniyyət şöbəsi hələ də Sumqayıtın tabeçiliyində fəaliyyət göstərir. “Şuşanın mədəniyyət şöbəsi Sumqayıt mədəniyyət şöbəsindən ayrılmalıdır. Şuşada bu gün elə işlər gedir ki, təsəvvürə gətirə bilməzsiniz. Möhtərəm prezidentimiz bildirdi ki, tezliklə camaat ev-eşiyinə qayıdacaq. Ondan sonra insanlar təzədən Sumqayıta üz tutacaqlar? Xahiş edirəm deputat həmkarlarım da dəstək versinlər, musiqi texnikomu və digər qurumlar digər rayonların tabeçiliyindən çıxarılsın”.

Deputat Elman Məmmədov söz alaraq dedi ki, bir neçə il əvvəl eks-nazir Əbülfəz Qarayev qarşısında bununla bağlı məsələ qaldırıb: “O zaman təklif etdim ki, Qarabağ mədəniyyət zonası yaradılsın və Şuşa da mərkəz  olsun”.

Milli Məclis sabah işğaldan azad edilən

Komitə sədri Zahid Oruc İranın anti-Azərbaycan fəaliyyətindən bəhs etdi: “Dünən informasiya vasitələrində yayılan xəbər - ordumuzun Zəngilan torpaqlarını azad edərkən İran hərbi qüvvələrinin Araz sərhədini keçərək ərazimizə daxil olması, düşmənə toparlanmaq və vaxt qazandırmaq cəhdi Ali Baş Komandan İlham Əliyevin qələbə naminə yüksək hərbi-siyasi peşəkarlığını və ötən bir ildə səbrini nümayiş etdirdiyi halda, son aylar din adamları, generalları və nəhayət, yeni İran prezidentinin komanda üzvlərinin Azərbaycana qarşı hücumları 44 günlük Vətən müharibəsindəki cinayətkar əməlləri gizlətmək məqsədi güddüyünü göstərir. Dövlətimizin iradəsi ilə torpaqlarımızı tərk edən İran silahlı qüvvələrinin Azərbaycana qarşı ”ikinci cəbhə" açması təkcə İrəvanı məğlubiyyətdən xilas etmədi. Deməli, Qələbəmizin miqyası daha böyükdür!"

Deputat Aydın Mirzəzadə İranın anti-Azərbaycan mövqeyinə sərt etirazını bildirdi. “Əvvəlcə bir əyalət mollası Azərbaycan əleyhinə çıxış etdi. Ona əhəmiyyət vermədik. Amma məlum oldu ki, bu, ilk atılan snayper gülləsidir, ardınca ağır artilleriya gəlir”. A.Mirzəzadə İranın təhdidlərini mənası saydı və Tehrana ünvanlı sərt fikirlər səsləndirdi: “Bəlkə 19-cu əsrdir, Azərbaycan xanlıqlara bölünür? Azərbaycan öz müstəqilliyini heç kimə güzəştə gedən deyil! Heç bir generalın təhdidləri Azərbaycanı qorxutmayacaq! Başa düşürlərmi ki, etdikləri İranın özünə qarşı yönələcək? Azərbaycanla olan nəfəsliyinizimi bağlamaq istəyirsiniz? Azərbaycanı özünüzə düşmənmi etmək istəyirsiniz?!”

Deputat Sabir Rüstəmxanlı siyasi partiya təmsilçilərinin Şuşa səfərindən bəhs etdi və bu səfərin təşkilini yüksək qiymətləndirdi. Daha sonra deputat seçildiyi dairənin yol problemlərindən bəhs etdi. Dedi ki, o yollarla hətta ağır yük maşınları da keçə bilməz.

S.Rüstəmxanlı rayon və kəndlərdəki internet problemindən də söz açdı. “Yaxşı olar ki, bu məsələyə ciddi diqqət yetirilsin. Kəndlərimizdə internet yoxdur”. Deputat ölkədəki bahalaşmadan da danışdı: “Camaatı çox ciddi narahat edən məsələlərdən biri qiymət siyasətidir. Bu qiymət siyasətinə kim baxır? Yaxşı olar ki, bu məsələyə ayrıca iclas təşkil edək, görək əhalinin gəliri ilə qiymətlər uyğun gəlir, yoxsa yox?”

Deputat Razi Nurullyev sərt danışdı: “Savadsız yaramazlar, ailə tərbiyəsi görməyən namərdlər ayın 30 gününün hamısını söyüşə, təhqirə həsr edir. Bir gününüzü də Qarabağa həsr edin! Erməni havadarlarının ofislərinin önündə etiraz edin, piket keçirin!”

Daha sonra Milli Məclisdə “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Spiker Sahibə Qafarova qanun layihəsi barədə ətraflı məlumat verdi. “Müasir Azərbaycan dövləti varislik prinsiplərinə əsaslanır”, deyən spiker bildirdi ki, dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümündə belə layihənin müzakirəyə çıxarılması çox əlamətdar hadisədir. Sədrin sözlərinə görə, müasir Azərbaycan dövləti varislik prinsiplərinə əsaslanaraq bu günə gəlib çıxıb.

Milli Məclis toplanır - Gündəlikdə 22 məsələ var

Qanun layihəsi barədə çıxış edən Birinci vitse-spiker Əli Hüseynli bildirdi ki, qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq. Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

Deputat Qüdrət Həsənquliyev bildirdi ki, müstəqilliyimizin bərpasının 30-cu ilində Prezidentin qanunvericilik təşəbbüsü ilə çıxış etməsi düzgündür: “Ona görə ki, respublika sözü əslində dövlət hakimiyyətinin təşkili formasını müəyyənləşdirir. Hörmətli Səfa müəllim (Səfa Mirzəyev) burada əyləşib, bəlkə də, onun qarşısında bu barədə danışmaq doğru olmaz. Ona görə ki, o, bizə dövlət və hüquq nəzəriyyəsindən mühazirə oxuyub... Əslində dövlət quruluşuna görə, dövlətlər unitar, federativ, konfederativ olur. Dövlət hakimiyyətinin təşkilinə görə isə monarxiya və respublika”. Deputat qeyd etdi ki, əslində müstəqilliyimiz 1918-ci il mayın 28-də elan ediləndə Milli Şura tərəfindən qəbul olunmuş həmin sənəd İstiqlal Bəyannaməsi adlanırdı: “Bu da onu göstərir ki, həmin gün bizim istiqlaliyyətimiz elan olunub”. Millət vəkili “bundan başqa, biz niyə 1991-ci ilin 18 oktyabrını dövlət müstəqilliyinin bərpası günü kimi qeyd eləməliyik?”- deyə əlavə etdi. Q.Həsənquliyev bildirdi ki, biz bu layihəyə səs verməliyik: “Bununla bağlı sosial şəbəkələrdə müəyyən manipulyasiyalar olur. O şəxslərə də üzümü tutub deyirəm ki, buna əsla yer yoxdur. Əslində müstəqilliyin elan olunması tarixi baxımdan daha əhəmiyyətli, daha mühümdür və daha möhtəşəm bir gündür”.

Komitə sədri Siyavuş Novruzov dedi ki, o zamanı hakimiyyətin, AXC-Müsavat cütlüyünün fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyini ən gec elan edən ölkələrdən biri olub: “Ümummilli lider Heydər Əliyev Naxçıvanın SSRİ-dən ayrılmasına nail olub. Oktyabrın 18-də bizim hansısa bəyanatımız, müraciətimiz olacaqsa, bu hissə də nəzərə alınmalıdır. Ümummilli lider parlamentdə müstəqilliyin bərpasına çalışan ilk insanlardan olub. O vaxtkı dövrdə iki səsvermə olub. Bu gün özünü istiqlalçı deputat hesab edənlər bütövlükdə müstəqilliyin bərpasına səs verən deputatları qeyri-istiqlalçı deputat hesab edirlər. Tarix gələcəyə düzgün çatdırılmalıdır”. S.Novruzov o zaman müstəqilliyə səs verən deputatlara xüsusi imtiyaz verilməsini də doğru saymadı. 

Deputat Vahid Əhmədov söz alaraq bildirdi ki, ölkə Prezidentinin təqdim etdiyi qanun layihəsi Azərbaycanın müasir tarixinə tam uyğundur və dəstəklənməlidir. Millət vəkili bildirdi ki, 1991-ci ilin 18 oktyabrında Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilərkən 1918-ci il 28 Maya istinad edilib, varislik prinsipinə əməl olunub. V.Əhmədov 1991-ci ildə Azərbaycanın Müstəqilliyinin Bərası haqqında Konstitusiya Aktının çətin tarixi şəraitdə qəbul olunduğunu da söylədi. Azərbaycanın digər postsovet ölkələri ilə müqayisədə müstəqilliyini niyə gec bərpa etməsinə gəldikdə, V.Əhmədov bildirdi ki, o zaman Kommunist Partiyası və onun rəhbərliyi Azərbaycanın müstəqilliyini qəbul etmirdi: “Burada 4-cü mikrafon var idi, o mikrafondan demokratik blokun təmsilçiləri çıxış edib, müstəqilliyin zəruriliyindən danışırdılar. İndi danışmaq çox rahatdır. Amma 90-cı ildə Azərbaycan 20 Yanvarı görmüşdü, 1991-ci ildə də Azərbaycan müstəqilliyə rahat gəlməmişdi. SSRİ-nin saxlanması haqqında referendumla əlaqədar bu zaldakı səsvermədə 43 nəfər layihənin əleyhinə səs verdi, onlardan da biri Heydər Əliyev idi. O dövrdə ortaya mövqe qoymuş insanların zəhmətini danmaq olmaz. İndi o insanları alçaltmaq və demək ki, o insanlar istiqlalçı millət vəkili deyillər, mən bunu qəbul edə bilmərəm. Sonradan o insanlar hansı mövqe tutublar, bu, məni maraqlandırmır, fakt budur ki, müstəqillik üçün çalışıblar, SSRİ-yə qarşı çıxıblar”.

V.Əhmədov bildirdi ki, biz 28 Mayı qeyri-iş günü, bayram günü kimi qeyd ediriksə, 18 oktyabrı da bayram və qeyri-iş günü kimi qeyd etməliyik: “İkinci tərəfdən, müstəqillik yolundan çox şeydən məhrum olan insanlar müstəqilliyin bəhrəsini görməlidir. İstər 18-ci ildə, istərsə də 1991-ci ildə müstəqilliyə səs verən insanlar bunun bəhrəsini görməlidirlər. Bu il müstəqilliyin 30 illiyini qeyd etdiyimiz üçün həmin insanlar mükafatlandırılmalıdır, mən bunu artıq dərəcədə xahiş edirəm. Həm də xahiş edirəm ki, 18 oktyabrı yüksək səviyyədə qeyd edək”.

Deputat Fazil Mustafa zaman-zaman Azərbaycan hakimiyyətinin Qarabağı işğaldan azad edəcəyi və digər milli məsələlərlə bağlı şübhə toxumlarının səpildiyini söylədi. “Hətta Türkiyə ilə münasibətlərimizlə bağlı da şübhəli yanaşmalar var idi”, F.Mustafa bildirdi. Daha sonra deputat bunları söylədi: “Amma şübhə üçün də müəyyən əsaslar var. Elementar məsələləri vaxtında həll etmədiyimizə görə, bu şübhələr qalır”. F.Mustafa Bakını işğaldan azad edən ordunun komandanı Nuru Paşaya abidə qoyulmadığını da söylədi. Həmçinin dedi ki,  Məhəmməd Əmin Rəsulzadənin Nizami küçəsində evi olub. Onu hansısa şirkətdən alıb, muzeyə çevirmək olardı. “30 il bundan əvvəl bu sənədə səs vermiş insanların xatirəsini əbədiləşdirmək üçün bir guşə də yaratmadıq. Hər halda, səs veriblər, bu missiya onların üzərinə düşüb”, deputat istiqlaçı deputatlardan da bəhs etdi.

F.Mustafa bayram günlərinin adının dəyişdirilməsində pis niyyət görmədiyini qeyd etdi: “Latviyada, Litvada da Müstəqillik günüdür, Rusiyada isə Rusiya günü qeyd olunur. Digər ölkələrlə bağlı da dəqiqləşməyə ehtiyac var. Yaxşı olar ki, qanun layihəsində Dövlət Müstəqilliyi günü kimi qeyd olunsun.

Deputat Anar İsgəndərov bildirdi ki, AXC 23 ay yaşayıb, 350 ilkə imza atıb. Tarixçi alim qeyd etdi ki, ilk öncə Azərbaycan adını alıb. Bu ada görə cənub qonşumuzdan təhdidlər gəlib və məcbur olub gənc dövlət Qafqaz sözünü adına əlavə edib. Nəhayət, həmin qonşu 1920-ci ilin yanvarında Azərbaycanı de-fakto tanıdı.

Deputat Sabir Rüstəmxanlı bildirdi ki, qanun layihəsinə qarşı çıxmaq, kölgə salmaq düzgün deyil. S.Rüstəmxanlı müstəqilliyin bərpası uğrunda çalışan və ortaya mövqe qoyan insanların, müstəqilliyə səs verən deputatların haqqının verilməsini zəruri sayaraq bildirdi ki, onların minimum ehtiyacları ödənməlidir: “O adamların bəziləri 200-300 manatlıq aylıq təqaüdlə dolanırlar. Həmçinin hesab edirəm ki, 18 oktyabr iş günü olmamalıdır. 1918-ci ildə zəhmət çəkənlərin də xatirəsi qorunmalıdır. Rəsulzadənin iki otaqlı mənzili var idi, sonra oğlu gəldi, biz ermənilərin sahibləndiyi həmin mənzili alıb ona verə bilmədik. Bu, nə iradədir? Nuru Paşanın abidəsinin qoyulması niyə problem olmalıdır? Nargin adası niyə təmizlənmir, orda bir abidə qoyulmur? Vaxtilə ora Çar Rusiyasının əyləncə yeri olub. Vaxtilə Azərbaycanda bu işlərin qarşısını alan adamlar var idi, indi yoxdur. Heç olmasa indi bu məsələlərə diqqəti artırmalıyıq”.

Deputat Erkin Qədirli layihə barədə fərqli mövqedən çıxış etdi. Bildirdi ki, 18 oktyabrı Müstəqilliyin bərpası günü kimi qeyd etmək üçün 28 Mayı Müstəqillik günü kimi qeyd etməyə ehtiyac yox idi: «28 May» bəli, Müstəqillik günüdür, amma Respublika günüdür. Onun bütün siyasi çəkisi Respublika günü olmağındadır. Respublika qurmasaydıq, o halda sovetlərə vilayət kimi qatılacaqdıq. Biz bu illər ərzində müstəqillikdən daha çox, respublikaçılığı vurğulamışıq. Ona görə də mən 28 Mayın adından Respublika sözünün götürülməsini doğru saymıram".

E.Qədirli həmçinin qeyd etdi ki, cümhuriyyətimizin süqutunu 27 aprellə əlaqələndirmək doğru deyil: “Cümhuriyyətimizin 23 ay sürdüyünü söyləmək Gəncə üsyanında işğalçı orduya qarşı döyüşənlərə haqsızlıqdır. Ona görə də preambulada Xalq Cümhuriyyətinin 23 ay yaşadığı barədə sözlər çıxarılmalı, bu, 2 ayla əvəz olunmalıdır”.

Təqribən 6 saat çəkən müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul olundu.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR