İnsanlara hürriyət, millətlərə istiqlal!

Müstəntiq dedi ki, səni Arifin, Arifi sənin gözünün qabağında zorlayarıq

14683 01.05.2014 08:55 Gündəm A A

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunus aeroportda saxlanılarkən və daha sonrakı müddətdə başlarına gətirilənlərlə bağlı şok açıqlamalar veriblər.

Qeyd edək ki, hüquq müdafiəçisi və onun həyat yoldaşı aeroportda saxlanıldıqdan sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib, 9 saatlıq dindirmədən sonra sərbəst buraxılmışdı. Həmin gün hüquq müdafiəçisinin ofisində və evində axtarış aparılmışdı.

Leyla Yunus aprelin 30-da AzadlıqRadiosu-na verdiyi müsahibədə həyat yoldaşının xəstəxanaya düşməsi ilə bağlı dəhşətli faktlar açıqlayıb: “Prokurorluğun adını çəkməyən əməkdaşı birinci gün (aprelin 28-də- red.) mənə zəng edib qorxutmağa çalışıb. Dedi, ”səni Arifin, Arifi sənin gözünün qabağında zorlayarıq". Butulka sözünü işlətdilər. Arifin bu duruma düşməyinə məhz həmin sözlər səbəb olub".

Arif Yunus xəstəxanadan AzadlıqRadiosu-na verdiyi müsahibədə aprelin 25-də prokurorluq əməkdaşları tərəfindən ona zəng edildiyini, nalayiq sözlərlə təhqir olunduğunu deyib: “Aprelin 25-də prokurorluqdan zəng edib nalayiq sözlərlə məni qorxutmağa çalışıblar. O sözləri sizə deməyə utanaram. Niyə görə təzyiqim qalxdı? Bir şeyi də deyim. Neftçilər Xəstəxanasından çıxanda getdim banka ki, pul götürüm, axı pul ödəməliydim. Deyirlər ki, hələ aprelin 24-də Nəsimi məhkəməsinin qərarıyla şəxsi hesabım bağlanıb. Pul vermədilər mənə. Məhkəmənin qərarı varsa, niyə vətəndaşın bundan xəbəri yoxdur? Həmin qərar nəyə əsaslanıb?” 

A.Yunus bir həftəlik seminara getmək üçün səfərə çıxdıqlarını bildirib: “Aprelin 28-də axşam saat 6-da gəliblər ki, aprelin 28-də saat 3-də ifadə vermək lazımdır. Xanımım bildirib ki, bildirişi axşam saat 6-da alıb, necə 3-də ifadə verməyə gedə bilərdi? Biz axı konfransa getməliydik. Üstəlik, düşünürdük ki, bizim üçün daha vacib konfransdır. Fransanın prezidenti Francois Hollande mayın 12-də Bakıya gəlir. Xanımımla mən siyahıdayıq, bizimlə görüşəcək. Yəni biz Bakıya qayıtmalıydıq, bir həftəlik seminara gedirdik. Hara qaçırdıq? Həm də bizə ölkədən çıxmaq qadağan olunmamışdı”.

Politoloq onlara qarşı edilən təzyiqlərin səbəbini hakimiyyəti korrupsiya və insan haqları məsələsində sərt tənqid etmələri ilə əlaqələndirib: “Digər tərəfdən, xanımım ermənilərlə birgə sayt yaradıb. O saytın məqsədi sülhə çağırışdır. Məqsəd hər iki tərəfi ətraflı informasiya ilə təmin etməkdir. Hələlik münaqişə tərəfləri bir-biri barədə ancaq mənfi məlumatlar alır. Erməni və azərbaycanlı ekspertlər təkcə siyasi deyil, kino, qadınlar, ən müxtəlif mövzuları müzakirə edir, fikirləri dərc olunur. Bu, hakimiyyəti narahat edir. Rauf Mirqədirovu saxlamaqda əsas məqsəd zərbəni xanımıma vurmaq idi. Stalin zamanı, 37-ci ildəki kimi böyük bir şou yaratmaq istəyirlər ki, bunlar casusdur. Casus olsaydıq, rəsmi tədbirə getməzdik. Yaxud necə olur ki, Rauf casus kimi gedib hər şeyi yazır?”
Başlanan proseslərdə adı hallanan şəxslərdən biri də “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevdir. Belə ki, onun da istintaqa cəlb olunacağı barədə fikirlər səsləndirilir. 

Mehman Əliyev jurnalistikada çalışdığı müddətdə daim hədəfə gəldiyini qeyd etdi: “Ömrüm boyu hər zaman hədəfə gəlmişəm. Bu artıq mənim həyat tərzimə çevrilib. İndiyə qədər Leyla Yunus barədə mənə hədə-qorxu gəlməyiblər. Rauf Mirqədirov həbs ediləndən sonra proseslərin Leyla Yunusa tərəf yönələcəyini əvvəlcədən qeyd etmişdim. Onun siyasi məhbuslarla bağlı qətiyyətli mövqeyi hakimiyyətdəkiləri ciddi narahat edir. Bu, sırf siyasi bir işdir. Bunun da arxasında siyasi maraqlar durur. Hesab etmirəm ki, əsas məsələlər bununla bitib. Təzyiqlər davam edəcək. Hələlik onlar şahid qismində istintaqa cəlb olunub. Proses başqa istiqamətlərə də yönələ bilər”.

M.Əliyev “Turan” İnformasiya Agentliyi olaraq, hər zaman siyasi motivlərlə həbs edilən, təzyiqlərə məruz qalan vətəndaşların yanında olduqlarını bildirdi: “Bizim ən öndə duran vəzifəmiz həqiqətə xidmət etmək, həqiqəti tapmaq və onu xalqa çatdırmaqdır. Bunlar əsas prinsiplərimizdir. Bu yolda əlimizdən gələni edirik. Bir vətəndaş olaraq, hüquqları pozulan hər bir ölkə vətəndaşını müdafiə etməyə borcluyuq. Bu baxımdan, sona qədər Leyla xanımın yanındayıq. Onun müdafiəsi üçün üzərimizə düşən bütün vəzifələri yerinə yetirəcəyik”.

Baş Prokurorluq hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunusun saxlanılması faktı ilə bağlı rəsmi məlumat yayıb.

Qurumun mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən konkret cinayət işi ilə bağlı yaranmış zərurətlə əlaqədar Bakı şəhərində fəaliyyət göstərməklə hüquqi qeydiyyatdan keçməyən “Sülh və Demokratiya İnstitutu” adlı qurumun sədri Leyla Yunusova və həmin institutda ekspert qismində çalışan Arif Yunusovun şahid qismində dindirilməsi nəzərdə tutulub: Aprelin 28-də Leyla və Arif Yunusovlar bəzi xarici ölkə səfirliklərinin əməkdaşlarının köməyi ilə respublikanı birdəfəlik tərk etmək niyyəti ilə saat 23:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək, Bakı-Doha aviareysi ilə Avropa ölkələrindən birinə getmək istəyərkən istintaqdan yayınmalarının qarşısı alınıb.

Yasamal Rayon Məhkəməsinin qərarı əsasında onların şəxsi yük baqajına baxış keçirilərkən oradan iş üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, o cümlədən Leyla Yunusovanın xarici ölkədə adına olan mülkə dair sənədlər, informasiya daşıyıcıları və digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Eyni zamanda həmin məhkəmənin qərarı əsasında onların yaşadıqları və işlədiyi ünvanlarda axtarış aparılıb.

Leyla Yunusova iş üzrə şahid qismində dindirilmiş, Arif Yunus isə səhhətinin pisləşməsi ilə əlaqədar müalicəsinin davam etdirilməsi üçün yenidən xəstəxanaya yerləşdirilib.
Həyata keçirilən bütün istintaq hərəkətlərində Leyla Yunusun özünün dəvət etdiyi müdafiəçinin iştirakı təmin olunub və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir".
ABŞ Dövlət Departamentinin rəsmisi isə L.Yunusla bağlı hadisələrdən xəbərdar olduqlarını, baş verənləri narahatlıqla izlədiklərini deyir. 

Dövlət Departamentinin demokratiya və insan haqları üzrə rəsmisi Tom Malinowski AzadlıqRadiosu-na bildirib ki, L.Yunusun başına gələnləri həyəcanla izləyir və istər formal, istərsə də qeyri-formal ünsiyyətləri zamanı öz münasibətlərini Azərbaycan hökumətinin diqqətinə çatdıracaqlar.

Leyla Yunus və həyat yoldaşının saxlanılması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Onların saxlanılmasında  Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun təsirinin olduğu bildirilir. O, barəsində səslənən fikirlərə münasibət bildirib: “Səhv etmirəmsə bunu ”Turan" agentliyi yaymışdı. Bu xəbər məni çox təəccübləndirdi. Guya onlar təyyarə ilə xaricə gedən zaman mən kiməsə demişəm ki, onları təyyarəyə buraxıb sonra isə saxlasınlar. Bu, tamamilə yalandır, bu xəbəri yayan agentlik birbaşa təxribatla məşğuldur. Bu, bilərəkdən ictimaiyyəti çaşdırmaqdır".

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR