“Musəvi və Kərrubi İrana zülm ediblər”
İranın dini lideri ayətullah Əli Xamneyinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 3 il yarımdır ev dustaqlığında saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin təqsirkar olduğunu iddia edib.
“Media forum” saytının məlumatına görə, oktyabrın 28-də Tehranın Şəhid Behişti Universitetindəki toplantıda çıxış edən Səid Cəlili deyib ki, Musəvi və Kərrubi hakim sistemə qarşı çıxıblar: “Fitnə başçılarının işinə və onlara qarşı irəli sürülən ittihamlara baxılmalıdır. Belə olan halda həqiqət və məsələnin mahiyyəti bəlli olacaq. Musəvi və Kərrubi İran İslam Respublikasına böyük zülm ediblər. Onlar nə bir gün, nə iki gün, düz 20 ay fitnə və intriqaya rəhbərlik edərək onu sistemə qarşı yönəldiblər. Onlar etdikləri əməllərə görə təqsirkardır.
Musəvi və Kərrubi Orta Şərqin bir neçə ölkəsində baş verən etirazlar və dəyişikliklərdən ilham alaraq ölkədə yeni intriqa formalaşdırmağa, islam respublikasının taleyini isə Hüsnü Mübarəkin taleyinə bənzətməyə çalışdılar. Hesab edirəm ki, onlar bu əməlləri ilə sistemə böyük zərbə və ziyan vurublar”.






