İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavatla Milli Şura ard-arda mitinq təyin etdi - müxalifət nə istəyir?

4430 29.03.2019 09:40 Siyasət A A

Pənah Hüseyndən “İcazəsiz aksiyalar labüddür” anonsu

Müsavat Partiyası aprelin 7-nə yürüş-mitinq təyin edib. Müsavatın bu qərarından az sonra Milli Şura aprelin 6-na “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar verib. Hər iki mitinqin şüar və tələbləri demək olar ki, eynidir.  Milli Şuranın sədri Cəmil Həsəni facebook səhifəsində yazıb ki, “mitinqin başlıca tələbləri siyasi məhbusların azadlığı, korrupsiya yolu ilə ölkədən oğurlanmış, xalqdan talan edilmiş vəsaitlərin geri qaytarılması, hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsi və digər çağırışlardan” ibarətdir.

Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra Bakı meriyası indiyədək hər hansı aksiyanın keçirilməsinə razılıq verməyib. Həmçinin Qarabağ Komitəsinin “Qarabağ” mitinqi üçün müraciətinə mənfi cavab verilib. Maraqlıdır ki, hər dəfə BŞİH-dən mənfi cavab alınsa da müxalifət eyni addımı təkrarlayır. Ona görə də cavabı bəri başdan məlum olan müraciətləri müxalifətin nədən ard-arda etməsi sualı meydana gəlir.

Bu barədə “Yeni Müsavat”a danışan AXP sədri Pənah Hüseyn bildirdi ki, mitinq üçün müraciətlər, sadəcə, müraciət xətrinə edilən müraciətlər deyil, yürüdülən siyasətin tərkib hissəsidir. Mitinqlərlə bağlı müraciətlərə mənfi cavab verilməsinə baxmayaraq, müraciətlərin edilməsi sistemli və ardıcıl siyasətin aparılmasını özündə əks etdirir: “Hər dəfə müraciət edildikdən sonra müəyyən hazırlıq işləri aparılır, təbliğat gedir, fəallaşma olur. Yəni müəyyən bir xətt davam etdirilir. İkincisi, hər dəfə mitinq üçün müraciətlər və müraciətlərə cavablar qeydə alınır, ölkədə ümumi siyasi vəziyyət haqqında dəyərləndirilmə aparılması üçün bu məqam istifadə olunur. Bu cür vəziyyətin davam etməməsi üçün istər hüquqi müstəvidə, istərsə də siyasi təbliğat istiqamətlərində iş aparılır. Hesab eləmirəm ki, bu vəziyyət sonsuz olaraq davam edəcək. Keçən ilin 29 sentyabr mitinqindən sonra Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin mitinq üçün üç müraciətinə mənfi cavab vermişdi. Lakin Milli Şuranın 19 yanvar mitinqinə razılıq verildi. Yəni nəhayət, bir gün mitinqə icazə verilir və veriləcək. Əgər bu vəziyyət, yəni müraciətlərə ard-arda yox cavabları olacaqsa, razılaşdırılmamış aksiyaların meydana gəlməsi labüddür. Ona görə də hesab edirəm ki, ”Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun pozulmasına son qoyulmalıdır. Bu məsələ hansısa bir şəkildə özünün nəticəsini tapacaq".

Pənah Hüseyn ile ilgili görsel sonucu

P.Hüseyn qeyd etdi ki, mitinq üçün müraciətlərdə göstərilən tələb və şüarların konkret məzmunu, həmçinin siyasi mahiyyəti var: “6 və 7 aprelə təyin edilmiş mitinqlərin də tələblərində çox mühüm, dövlətin, əhalinin maraqlarına xidmət edən məsələlər əksini tapıb. Bu cür tələblər kifayət qədər insan kütləsi tərəfindən müdafiə olunduqda məsələ ictimai tələb xarakteri alır. Belə olanda isə əvvəl-axır tələblərin yerinə yetirilməsinə nail olunur”.

P.Hüseyn onu da dedi ki, aprelin 6-na və 7-nə təyin olunmuş mitinqlərə razılıq veriləcəyi halda, şəxsən özü və partiyası həmin aksiyalara qatılacaq: “Mitinqlərə razılıq verilməyəcəksə, bu qanunsuzluğa qarşı biz də öz mövqeyimizi ortaya qoyacağıq. Məncə, mitinqlərə icazə verilməmə prinsipi davam etdiriləcəksə, bu vəziyyət aylarla davam eləməyəcək və icazəsiz aksiyaların gündəmə gəlməsi labüd olacaq”. 

Milli Şuranın və AXCP-nin bəzi üzvləri isə Müsavat Partiyasının təyin etdiyi aksiyaya qarşı təbliğat aparırlar. Məsələ o həddə çatıb ki, Müsavatdan sərt reaksiya verilib. Müsavat başqanının müavini Səxavət Soltanlı facebook səhifəsində yazıb ki, bütövlükdə qarşısına hakimiyyəti dəyişmək məqsədi qoyan qüvvələrin və şəxslərin səmimiyyət donu geyinərək, Müsavat Partiyasının 10 gün əvvəl aprelin 7-si üçün müraciət etdiyi yürüş-mitinqin əleyhinə başlatdıqları əks-təbliğat utancvericidir: “Necə yəni, ”Həm bazar günü, həm də yürüş-mitinqə icazə verilmə ehtimalı yoxdur". Niyə yoxdur? Harada yazılıb ki, şənbə günü mitinq olar, bazar günü yox? Harada yazılıb ki, bu ölkədə yalnız mitinq ola bilər, o da yalnız “Məhsul” stadionunda? Bütövlükdə hakimiyyət dəyişməkdən danışanlar necə olur ki, bir qeyri-qanuni praseduru dəyişməyi mümkünsüz hesab edirlər? O səmimiyyət donuna bürünmüş riyakarların məntiqi ilə hakimiyyət son zamanlar şənbə günləri, “Məhsul”da da mitinqə icazə vermirsə, ümumiyyətlə, ölkədə mitinq, yürüş üçün müraciətlərə müsbət cavab ola bilməz? Belə hesab edənlər qətiyyən hakimiyyət dəyişikliyi istiqamətində apardıqları mübarizədə səmimi ola bilməzlər. Ümumiyyətlə, riyakar əməllərin səmimiyyət, ləyaqət, dürüstlük kimi sözlərlə bəzədilməsi bəlası ilə üz-üzəyik".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR