İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜSAVATLA AXCP-nin BİRLƏŞMƏSİ REALLAŞACAQ

2118 17.07.2010 09:28 Gündəm A A

Əli Əhmədov deyib ki, bizim üçün bu partiyaların birləşməsi hər hansı təhlükə mənbəyi yarada bilməz: “Nəinki onlar, onlara birləşməyənlər belə o birliyə qoşulsalar da, onlar YAP-a təhlükə yaratmaq iqtidarında deyil. Bu gün YAP-ın qarşısına çıxacaq rəqib mövcud deyil”.
İsa QəmbərMüsavat Partiyasının başqanı İsa Qəmbər isə hesab edir ki, Əli Əhmədovun Müsavat-AXCP birliyinə qarşı o cür fikirlər səsləndirməsi hakimiyyətin bu birliyin yaranmasından ciddi narahatlığının ifadəsidir: “Çünki doğrudan da real müxalifət qüvvələrinin bir araya gəlməsi, seçki prosesində və digər siyasi proseslərdə birgə mövqedən çıxış etməsi ölkədə siyasi vəziyyətə ciddi təsir eləmək gücündə hadisə olar. Ona görə də hakimiyyətin narahatlığını başa düşürük. Buna baxmayaraq, hesab edirəm ki, hakimiyyət nümayəndələri, o cümlədən cənab Əli Əhmədov bəyanatlarında, açıqlamalarında bir az məsuliyyətli olsalar, daha düzgün olar. Onlar özləri gözəl bilirlər ki, Müsavat Partiyası daim Azərbaycanın milli maraqlarına bağlı fəaliyyət göstərən siyasi qüvvədir. Yüz ildir Müsavat millətimizin gələcəyi uğrunda mübarizə aparır. Müsavat Partiyasının xaricdən hər hansı bir təkliflə qərar qəbul etməsini iddia etmək təkcə Müsavata yox, Azərbaycan xalqına da təhqirdir. Hakimiyyət nümayəndələrinin ağlı özlərinə getməsin. Özləri xaricdən idarə olunmağa alışıblar. Görünür, güman edirlər ki, başqaları da onlar kimidir. Sadəcə olaraq hakimiyyət nümayəndələri bilirlər ki, demokratik qüvvələr istər birləşmiş halda, istərsə də ayrı-ayrılıqda YAP-a qalib gəlməyə qadirdirlər. YAP rəhbərləri normal bir seçki keçirilsə, uduzacaqlarını çox gözəl bilirlər. İndiki halda isə Müsavat-AXCP birliyi məsələsinin ictimai-siyasi vəziyyətə ciddi təsir edəcəyini dərk edirlər. Bundan narahatdırlar”. 
İsa Qəmbər hakimiyyətdən verilən açıqlamalara önəm vermədən irəli sürülən təklifin reallaşdırılması istiqamətində işi davam etdirəcəklərini vurğuladı: “Mənim təklifim Rəsulzadə-Elçibəy yolunda olan qüvvələrin bir araya gəlməsi ilə bağlıdır. Müsavat ideologiyasına, Cəbhə dəyərlərinə bağlı olan təşkilatların bir araya gəlməsi ilə bağlıdır. Hesab edirəm ki, bunun üçün imkanlar, yeni nüanslar var. Ona görə də təklif etdim ki, bu dəyərləri qəbul edən təşkilatlar və insanlar yeni imkanları dəyərləndirsinlər”.
Qeyd edək ki, AXCP sədri Əli Kərimli dünən “Azadlıq” radiosuna müsahibə verərək Müsavatla AXCP-nin birləşməsinə razı olduğunu bəyan edib: “Zaman-zaman bizim partiyada da birləşmə ilə bağlı niyyət olub. Hətta 2005-ci ildə parlament seçkilərindən sonra mənim belə istəyim olub və mətbuatda da bunu bildirmişəm. Bunu dar çərçivədə Müsavat təmsilçiləriylə müzakirə də etmişik. O zaman bu real deyildi. Amma indi hesab edirəm ki, bu təklif reallaşa bilər. İsa bəyin AXCP ilə Müsavatın bir partiyada birləşməsi təklifini çox müsbət qiymətləndirirəm. Bunu realladırmaq mümkündür”.
İsa Qəmbər isə bildirdi ki, birləşmək təklifini AXCP-nin rəhbərliyinin qəbul etməsindən məmnundur: “Əgər qəbul ediblərsə, AXCP ilə də, Rəsulzadə-Elçibəy yolunda olan digər qüvvələrlə də birləşmə məsələsini müzakirə etməyə hazırıq”.
Əli KərimliƏli Kərimli müsahibəsində bildirib ki, Müsavatla AXCP-nin təməl prinsiplərə baxışlarında onsuz da fərq olmayıb: “Hər iki partiya xalq hərəkatının yetirmələridir. Bir gövdədən ayrılmış iki budaq kimi olmuşuq. Kökümüz eynidir”.
Əli Kərimli deyib ki, bu birləşmə modelinin topluma çox böyük faydası olacaq: “Əvvəla, bu iki partiyanın birləşməsi hakimiyyətə alternativ axtarışları ilə bağlı əhalinin mütləq əksəriyyəti üçün bu sualı bitmiş edəcək. Bu iki partiya çox güclüdür, hər halda başqaları ilə müqayisədə. İkisinin birləşməsi nəticəsində isə real olaraq indi hakimiyyətə alternativ yaranacaq. İkincisi, həm insan, həm maddi baxımından böyük resurslar bir yerdə cəmlənəcək. Üçüncüsü və ən vacibi belə bir alternativ cəmiyyəti süstlükdən qurtara bilər. İndiyədək cəmiyyətdə belə fikirlər səslənirdi ki, müxalifət birləşmir və ya real qüvvə yoxdur» - deyə avtorirtar rejimlə mübarizəyə qoşulmurlar. Bu birləşmə isə ölkədə dəyişiklik istəyənlər arasında, bütünlükdə cəmiyyətdə ruh yüksəkliyi yarada, beynəlxalq aləmin diqqətini ölkəyə cəlb edə bilər, heç bir partiyanın üzvü olmayanları bura gətirər. Vaxtilə hərəkat üzvü olan, sonradan ayrılmış adamlar bu partiya ətrafında birləşə bilər. Bundan başqa, aktiv gənclər bu iki partiyanın bir araya gəlməsini istəyirdi, bu yöndə müraciətləri də olmuşdu və əslində bu addım həm də gəncləri bu partiyaya gətirə bilər.  Bu de-fakto, mahiyyətcə keçmiş AXC-nin bərpası ola bilər”.
Yeni partiyanın adının, idarəetmə və ya sədrlik məsələsinin necə həllini tapacağına gəlincə isə AXCP sədri qeyd edib ki, belə məsələlərin gündəmə gətirilməsi hər zaman mübahisələr, fikir ayrılıqlarına səbəb olur, bununla da böyük ideyalar yaddan çıxır: “Düzü, biz hələ ki bu yöndə müzakirə aparmamışıq. Amma məncə, ən yaxşısı odur ki, indidən partiyalarımızı, cəmiyyətimizi bu böyük birliyə hazırlayaq. Artıq yerdə qalanını qurultayda həll edərik. İndidən bu haqda danışmaq belə parlaq ideyanı kölgədə qoyar. İlk addım olaraq iki partiya arasında seçki bloku yaratmalı, sonra bu partiyaların siyasi ittifaqına nail olmalı, daha sonra birləşmək üçün fəaliyyətə başlamalı, birləşdirici qurultaya getməliyik. Qurultayda da yekun qərar verilər. Amma indi parlaq ideyanın təbliğatı getməlidir, bu da cəmiyyətdə canlanma yarada bilər. Həmin əhval-ruhiyyəni dağıtmamaq üçün həmkarlarıma müraciət edirəm ki, partiyanın adı kimi, yeni sədr kimi məsələləri gündəmə gətirməyək”.
Əli Kərimli yeni yaranacaq superpartiyanın prezident seçkilərinə ciddi hazırlaşmalı olacağını və əhalisinin əksəriyyətinin səsini qazanacağını vurğulayıb.
İsa Qəmbər isə bildirdi ki, o, sədrliyə namizədliyini verməyəcək. Belə bir şəraitdə birləşmə prosesində iştirak edəcək qüvvələr, müxtəlif siyasi liderlər öz təkliflərini ortaya qoya bilərlər: “Burda öncədən sədr müəyyənləşdirilməsindən söhbət getmir. Rəsulzadə-Elçibəy yolunda olan qüvvələrin birgə qurultay keçirib yeni rəhbərliklərini müəyyənləşdirməsindən söhbət gedir”.
Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Əli Əhmədovun Müsavat-AXCP birləşməsinə reaksiyası hakimiyyətin təşvişinin təzahürüdür və dolayısı ilə onun təsdiqidir ki, birləşmə prosesi demokratik qüvvələr üçün doğru olan yoldur: “Birləşmə xalqın, demokratik qüvvələrin sıravi nümayəndələrinin sosial sifarişidir. Neçə illərdir bunu tələb edirlər”.
P.Hüseyn subyektiv amildən başqa birləşməni qeyri-mümkün edən heç bir əngəl görmədiyini dedi: “Hər iki partiyadan ilkin reaksiyalar onu göstərir ki, bu təklif çox müsbət qarşılanıb. Bunun reallaşması üçün mexanizmlər tapmaq mümkündür. Ən mühüm mexanizm parlament seçkilərində birgə iştirakda meydana çıxa bilər”.
Deputat hesab edir ki, birləşmiş partiyanın sədrinin kim olması məsələsi indi müzakirəyə çıxarılmalı deyil və bu müzakirə edilərək həll olunası məsələdir: “Bilirsiniz ki, keçid mərhələsi olaraq konfederativ birlik termini işlədilir. Prinsip etibarilə ilkin dövr üçün həmsədrlik institutunun tətbiqi də ola bilər”.
P.Hüseyn Müsavatla-AXCP-KXCP birləşməsinin və hətta üçlükdən kənarda olan bəzi qüvvələrin də vahid partiyada birləşməsini mümkün sayır. Onun fikrincə, hazırda müzakirə edilən birlik digər təşkilatları da əhatə edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR