İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavatın qapısı daşla hörülüb, Kommunist Partiyası isə fəaliyyətdədir...

1354 10.04.2013 09:44 Ölkə A A

Dindarlara gəlincə, bölgədə nüfuzu olan Hacı Zülfüqarın “Hüseyniyyə” məscidindəki çıxışı, dindarlarla QMİ-nin yerli nümayəndəsi Qəni Axundzadə arasındakı münasibətlər, ilahiyyatçı Hacı Tale Bağırzadənin həbsinin pislənməsinə görə polisin məscidə gəlməsi hakimiyyətin siyasi basqısı kimi qiymətləndirilir. Bir haşiyə də çıxaq ki, Q.Axundzadə APA-ya açıqlamasında Lənkəranda məscidlərə əsasən siyasi müzakirələrə görə insanların toplaşdığını bildirmişdi.

“Hüseyniyyə” məscidində nə baş verib?

Cənub zonasına səfərimiz zamanı Lənkərana da baş çəkib bu hadisələrdən sonrakı vəziyyəti öyrəndik, baş verənləri aydınlaşdırdıq. Əvvəlcə ilahiyyatçı Hacı Ramin Əkbərli bizimlə söhbətdə “Hüseyniyyə” məscidində olanlara aydınlıq gətirdi: “Əvvəla, mətbuat məscidə toplaşmağımızı Hacı Talenin həbsinə etiraz aksiyası kimi təqdim etdi. Bu, səhv təqdimat idi. Çünki məsciddə çıxış zamanı onun həbsinə sadəcə münasibət bildirilib. Aksiya keçirməmişik və belə bir planımız yoxdur. Əlbəttə ki, Hacı Taleni müdafiə edirik və fikirlərimizi demişik. Amma aksiya niyyətimiz olmayıb. Məscidə yığışmağımızın səbəbi Hacı Zülfüqarla əlaqədar idi. Ona təhdidlər olmuşdu və Bakıya gedəcəyi halda həbs ediləcəyi ilə hədələmişdilər. Hətta bir nəfəri səhvən ona oxşadıb saxlayıb aparmışdılar. Biz də bu təzyiqlərə görə toplaşıb fikrimizi çatdırdıq və Hacı Zülfüqara qarşı təqiblərə son qoyulmasını tələb etdik. Ancaq qəzetlər şişirdilmiş şəkildə bunu aksiya kimi təqdim etdilər”.

R.Əkbərli QMİ-nin yerli nümayəndəsinin iddialarına da cavab verdi: “Qəni Axundzadə deyib ki, insanlar məscidlərə daha çox ictimai-siyasi söhbətlərə görə yığışır. Əvvəla, məscidlərdə siyasi müzakirələrə görə toplaşmaq iddiası yanlışdır. Sadəcə, inanclı kəsim sanballı ilahiyyatçıların, alimlərin dilindən söz eşitmək istəyir. Lənkəranlılar bilir ki, kim düz danışır, kim yox.
Bunu açıqlamağa ehtiyac yoxdur. Lənkəran əhli hər şeyi yaxşı görür və bilir. Burada xeyli savadlı adamlar var ki, onlar ağıllı sözlər danışırlar. Bəziləri bunu İranla əlaqələndirirlər. Guya burada hansısa qüvvələr İrandan maliyyələşir. Boş-boş söhbətlərdir. Əgər məscid sökülürsə və buna dindar etiraz edirsə, o deməkdir ki, İrandan maliyyələşir? Dərhal siyasiləşdirilir. Bu gün problem varsa, ondan mütləq danışılmalıdır. Ruhanilər sözlərini deyir, insanlar da dinləyir. Lənkəran haqda fikir səsləndirəndə diqqətli olsunlar".

Müsavatın hörülmüş qapısı

Hacı Ramin Əkbərlinin fikirlərini öyrəndikdən sonra Müsavat başqanının Lənkərandakı müşaviri Yadigar Sadıqovla görüşdük. Onunla söhbətdə ümumi vəziyyət, problemlər barədə məlumat əldə etdik. O dedi ki,   İsa bəyin səfəri bir çox mətləbləri ictimaiyyətə açdı: “Bu səfər göstərdi ki, bölgələrdə və xüsusilə Lənkəranda müxalifətçilər hansı şərtlər altında mübarizə aparırlar. Belə dözülməz vəziyyət Zeynal Nağdəliyevin vaxtında olmuşdu. Öyrədilmiş insanların daşla, yumurta ilə prezidentliyə namizədi qarşılaması Nağdəliyevin dövründə idi. Bununla belə, Müsavat Partiyası Lənkəran təşkilatı qərargahını birtəhər saxlaya bilmişdi. Fevralın əvvəlində isə ofisin qapısı daşla hörüldü. Hazırda Lənkəranda YAP-ın və Kommunist Partiyasının qərargahı var. Müxalifət partiyalarının toplaşmaq yeri yoxdur”.

Y.Sadıqov iqtisadi baxımdan 2012-ci ildə Lənkəranın büdcəsinin 30 milyon manat olduğunu vurğuladı: “Bu vəsaitin 12 milyonu dotasiya şəklində olub. Lənkəran kimi varlı rayon daha çox dotasiya ilə dolanıb. İqtisadi vəziyyət fəlakətlidir. Sosial-iqtisadi həyat aşağı səviyyədədir. İşsizlik ən ciddi problemdir. Rəsmi rəqəmlərdə sənaye mərkəzləri də azalıb, işləyən də, məhsul da. Şəhərdə müəyyən işlər gedir. Müdaxilə tələb edən sahələrdə iş görülmür. Amma indiki Heydər Əliyev meydanı 7 dəfə sökülüb tikilib. Eyni küçələrin dirəkləri dəfələrlə dəyişdirilib. Elə yerlər var ki, orda işıq dirəkləri qoyulmalıdır. Tərəvəzçilik, çayçılıq üçün sahələr qalmayıb. Bu sahələr demək olar ki, məhv edilir. Narkomaniyaya qarşı ciddi mübarizə aparılmır. Gənclərin asudə vaxtını keçirməyə yer, kinoteatr, idman qurğuları yoxdur. Hətta uşaqlar üçün attraksion da qalmayıb”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR