Müsavatdan qovulan şəxsi partiyaya bərpa edib, yenidən qovdular
Bir müddət əvvəl Nizamnaməyə və partiyanın siyasətinə zidd davranışlarda günahlandırılaraq Müsavat Partiyasından xaric edilən Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradın partiya üzvlüyünə bərpa edilməsi haqqında qərar ləğv olunub.
Qubadlı rayon təşkilatının sədri Nazim Əliyev APA-ya açıqlamasında deyib ki, buna səbəb M.Muradın yenidən sosial şəbəkədə partiya yoldaşları barədə aşağılayıcı fikirlər işlətməsi olub: “Bizim humanist qərarımız dəyərləndirilmədi və Şura üzvlərimizə qarşı Məhəbbət Murad tərəfindən aşağılayıcı fikirlər işlədilib. O, Müsavatın ləyaqətçilik prinsipindən uzaq hərəkətlər edib. Bizim haqqımızda normal insanın təxəyyülünə yaraşmayan ifadələr işlədib. Buna görə də dünən təşkilat Şurasının növbədənkənar toplantısı keçirildi və Şura üzvləri yekdilliklə bu barədə təklifin bir daha gündəliyə gəlməməsini tələb etdilər”.
Müsavat Partiyasına qaytarılan və səhərisi gün də çıxarılan Məhəbbət Murad da partiyanın Qubadlı rayon təşkilatının sədri Nazim Azadoğlunun onun haqda dediyi fikirlərə münasibət bildirib. O, AzNews.az-da açıqlamasında vurğulayıb ki, ilk dəfə oktyabr ayının 22-də Müsavat Partiyasının sıralarından xaric olunmasının özü saxta qərar olub: “Dünən isə baş verən şou göstərdi ki, Müsavat Partiyası nizamnaməyə deyil, fərdlərin tələbi ilə idarə olunur. Müsavat Partiyası ümumilikdə təlatüm yaşayır. Mənim partiyadan çıxarılmağım önəmsizdir. Mən bilirəm ki, qəlbən müsavatçıyam, mübarizəmi aparacam. Hamı bilir ki, mən Müsavatın içində belə müxalifətəm. Mən illər boyu Müsavatın yürütdüyü siyasətin yalnışlığına qarşı mübarizə aparmışam. Bu gün də mübarizə aparıram. Mən üzülmədim, qoy olsun. Mən şəxsi deyil, haqq davası aparıram. Nazim bəy deyir ki, Məhəbbət Murad islah olunmazdır. Amma o, dərk edə bilmir ki, “islah” sözu demokratiyaya, azad cəmiyyətə ziddir və kölə təfəkkürüdür”.
Müsavat Partiyasının Qubadlı rayon təşkilatının sədri Nazim Azadoğlu deyib ki, dekabr ayının 22-də saat 18.00-da Qubadlı Rayon Təşkilatının növbədənkənar Şura iclası keçirilib: “Partiyanın nizamnaməsi var. Çıxarılan adam 6 aydan sona müraciət edib yenidən partiyaya qayıda bilər. Məhəbbət Muradın partiyadan çıxarılması heç 3 ay deyil. Biz sadəcə təkliflə çıxış elədik ki, həmrəylik günü ilə bağlı belə bir addım atmaq olar. Biz Məhəbbət bəyin cəzasını yüngülləşdirmək fikirində idik. Amma hadisələr başqa cür cərəyan etdi. Buna görə də növbədənkənar Şura iclası keçirdik. Şura üzvləri də təkid etdi ki, Məhəbbət bəy partiyaya üzv ola bilməz. Şura üzvləri bildirdi ki, Məhəbbət bəy islah olunmayacaq”.
Qeyd edək ki, oktyabrın 22-də M. Muradın iştirakı olmadan onun partiyadan çıxarılması haqqında qərar qəbul olunub və Müsavat Partiyasının sıralarından kənarlaşdırılıb. Dekabr ayının 21-də isə Qubadlı Rayon Təşkilatının Şura iclasının qərarı ilə yenidən partiyaya üzv olub. Cəmi bir gün sonra isə o, həmin təşkilatın növbədənkənar Şura iclasının qərarına əsasən yenidən partiya sıralarından çıxarılıb. O, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun fəal tərəfdarıdır və indiki başqan Arif Hacılıya qarşı sərt tənqidi mövqe tutur.
Röya






